04 aprel 2020 21:30
1166

Hikmət Şikarov: Koronavirusla mübarizədə vətəndaşlar sosial qaydalara riayət etməlidirlər

"Bu gün bütün bəşəriyyət koronavirus adlı qlobal təhlükə ilə üz-üzə dayanaraq onunla mübarizə aparır. Qısa müddət ərzində dünyada çox böyük itkilərin olduğunu görür, yoluxma hallarının 1 milyondan çox olduğunu müşahidə edirik. Belə bir həssas məqamda isə dünya ölkələrinin hazırda əsas məqsədi ən az zərər, itki, yoluxma ilə virusdan yaxa qurtarmaqdır. Lakin burada təkcə dövlətlər, hökumətlər tərəfindən görülən işlər, atılan addımlar yetərli deyil. Burada hər bir vətəndaşın şəxsi mövqeyi olmasa ölkələr virusun öhdəsindən gələ bilməyəcək."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.
H.Şikarov qeyd edib ki, bütün mürəkkəb situasiyalarda, həlledici anlarda hər bir xalq üçün milli birlik çox mühüm əhəmiyyət kəsb edir: "Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti Prezident İlham Əliyevin xüsusi göstərişləri, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müvafiq addımlar atır. Lakın mart ayı ilə müqayisə etsək hazırda ölkə və vətəndaşların real təhlükə mərhələsinə qədəm qoyduğunun şahidi olacağıq. Çünki bu gün bütün dünyada yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər kəs bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir."
H.Şikarov bildirib ki, hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir: "Əfsuslar olsun ki, nəinki bizdə, hətta digər dövlətlərdə də insanlar şüuraltı bu xəstəliyin nə qədər ciddi olduğunu dərk etmirlər. İnsanlar öz yaxınını bu bəlaya düçar olduğunu görmədən inanmaq istəmirlər."
YAP Pirallahı rayon təşkilatının sədri vurğulayıb ki, koronavirus çox təhlükəli xəstəlikdir: "Aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb. Bu gün dövlətimizin demək olar ki, bütün qurumları, nazirlikləri bu xəstəliklə mübarizəyə səfərbər olub. Hər kəsə müraciət olunur ki, qoyulan qaydalara riayət edərək özlərini bu bəladan qorusunlar. Lakin bütün bunların fonunda hər gün virusa yoluxmuş xəstələrin sayının artması təbii ki artıq həyəcan siqnalından xəbər verir. İlkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Buna görə də xalqımız dövlət başçısının bu istiqamətdə atdığı bütün addımları dəstəkləyib, bu virusla mübarizəyə səfərbər olmalıdırlar. Hər kəs öz vətəndaşlıq borcunu dərk etməli, dövlətin koronavirusla mübarizədə atdığı addımlara dəstək olmalıdırlar. Dünyanı caynağına keçirmiş pandemiyadan ölkəmizin və vətəndaşlarımızın minimal zərərlə çıxmasına köməklik göstərmək bizim tarix və gələcək nəsillərimiz qarşısındakı məsuliyyətimizdir."

Orxan Vahidoğlu,

"İki sahil"