06 avqust 2020 10:22
417

Hiroşima Sülh Xatirə Mərasimində Azərbaycan da təmsil olunub

Avqustun 6-da Yaponiyanın Hiroşima şəhərinə atom bombası atılmasının 75-ci ildönümü ilə bağlı təşkil olunan Hiroşima Sülh Xatirə Mərasimində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsamyılzadə də iştirak edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xatirə mərasimində əvvəlcə Hiroşima şəhərinin meri Matsui Kazumi atom bombardmanı nəticəsində sağ qalan, lakin ötən il vəfat etmiş daha 4943 nəfərin adı qeyd edilən siyahını ketafonun üzərinə qoyub. Hazırda bu abidənin üzərində 324 min 129 nəfərin adı qeyd edilib.

Yerli vaxtla saat 8:15 dəqiqədə, atom bombasının atıldığı anda bütün şəhər bir dəqiqəlik sükuta dalıb.

Xatırladaq ki, 1945-ci il avqustun 6-da Hiroşima şəhərinə atılan atom bombası nəticəsində təqribən 140 min nəfər həlak olub.

Cari ildə dünyanı ağuşuna alan koronavirus pandemiyası Yaponiya sakinlərini həmin faciənin qurbanlarının xatirəsinin anılmasından məhrum edə bilməyib. Ölkənin hər yerində bu faciənin ildönümü ilə bağlı tədbirlər keçirilir.

Hiroşima şəhərində təşkil edilən Xatirə mərasimində təqribən 800 nəfər, o cümlədən Yaponiyanın Baş naziri Şinzo Abe və 80 ölkənin nümayəndələri iştirak ediblər.

Sülh bəyannaməsi ilə çıxış edən Hiroşima şəhərinin meri dünya dövlətlərinin liderlərini nüvə silahının olmadığı təhlükəsizlik sistemi yaratmağa çağırıb. K.Matsui deyib: “Yaponiya nüvə hücumuna məruz qalan yeganə ölkə olaraq beynəlxalq ictimaiyyəti Hiroşima ruhu ətrafında birləşməyə inandırmalıdır. Yaponiya hökuməti hibakuşyaların çağırışına qoşularaq, nüvə silahına malik olan və bu silaha sahib olmayan dövlətlər arasında vasitəçi kimi çıxış etməli və Nüvə Silahının Ləğvi Barədə müqaviləni imzalayaraq onu ratifikasiya etməlidir”.

Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bəyan edib ki, Yaponiya BMT-nin bu müqaviləsinə qoşula bilməz. Bu müqavilənin məqsədi Yaponiyanın mövqeyi ilə üst-üstə düşsə də, həmin məsələyə yanaşma fərqlidir.

Baş nazir deyib: “Bizim xalq üç qeyri-nüvə prinsipinə əməl edərək müxtəlif mövqelərdə dayanan digər ölkələr arasında körpü rolunu oynamaqda, onlar arasında dialoq yaradaraq konkret fəaliyyətə çağırmaqda davam edəcək. Bununla biz nüvə silahının olmadığı dünya yaratmaq üçün qlobal cəmiyyətin cəhdlərini rəhbər tutmağa çalışacağıq”.

Ş.Abe, həmçinin bəyan edib ki, Yaponiya Nüvə Silahının Ləğvi Barədə Müqavilə ilə əlaqədar növbəti konfransın təşkilinə də çalışacaq. Cari ilin aprelinə planlaşdırılan həmin konfrans koronavirus pandemiyasına görə gələn ilə keçirilib.

Xatirə mərasimi yerli məktəblilərin sülh haqqında mahnıları ifa etməsi ilə başa çatıb.