24 avqust 2026 13:22
240

İki xalqın dostluğunu və qardaşlığını əbədiləşdirən TARİXİ SƏFƏR - TƏHLİL

Əbədi dostluq müqaviləsi Azərbaycanın və Özbəkistanın hər cür təhlükələrə və təhdidlərə qarşı birgə qardaşlıq cavabıdır

İki türkdilli dövlətin - Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində nəinki davamlı olaraq inkişaf etdirilib və hətta uzun illərin sınağından fədakarlıqla çıxıb. Lakin son bir neçə ildə isə Azərbaycanla Özbəkistan arasınndakı dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edərək zirvələrə ucalıb. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevlə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli və məqsədyönlü  fəaliyyətləri mühüm rol oynayıb. Bu barədə Prezident İlham Əliyev Özbəkistana səfəri öncəsi bu ölkənin Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: «İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.»

Prezident İlham Əliyevin avqustun 23- də Özbəkistana səfəri və ölkəmizin başçısının burada çox möhtəşəm qonaqpərvərliklə qarşılanması göstərdi ki, hər iki ölkə bir-birlərinə qarşı sarsılmaz dostluq və qardaşlıq hisslərinə malikdirlər. Hələ səfərdən öncəki dövrdə dövlət rəhbərləri tərəfindən imzalanan «Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə» və «Müttəfiqlik münasibətləri haqqında Müqavilə» ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirmişdi. Eyni zamanda, təsis edilən Ali Dövlətlərarası Şura da strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilmişdi.

Təbii ki,  iki qardaş ölkənin dostluğunun və əbədi müttəfiqliyini təsdiq edən sənəd isə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən  imzalanan  «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə» oldu. Bu müqavilə sadəcə bir kağız parçası deyil, iki xalqın bir-birlərinə qarşı olan dostluq və qardaşlıq duyğularının təzahürüdür. Liderlər bu duyğuları rəsmləşdirməklə ölkələrini hər cür təhlükələrə və təhdidlərə qarşı birgə səfərbərliyə hazırlayırlar. Bəli, məhz sözügedən müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını nümayiş etdirir. Eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaradır. Xüsusilə türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm əhəmiyyət daşıyır.

Bəs, bu müqavilənin əsas qayəsi nədir?

Sənəddə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.

Müqavilədə beynəlxalq hüquqa sadiqlik və həqiqətin, haqlının yananda olmaq kimi müddəalar da yer alır. Xüsusilə münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun daha da möhkəmləndirilməsinə önəm verilir. Sözügedən müqavilədə qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığı, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi önə çıxarılır. Xüsusilə müasir və innovativ sahələrə diqqət yetirilməsi göstərir ki, əməkdaşlıq yalnız bu günün deyil, gələcəyin iqtisadiyyatına da hesablanıb. Bu proses yeni investisiyaların, biznes əlaqələrinin və iş imkanlarının yaranmasına da müsbət təsir göstərəcək.

Xüsusi qeyd etmək lazımdır ki, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan və Özbəkistan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Yüklərin və sərnişinlərin daha rahat daşınması iki ölkə arasında əlaqələri sürətləndirəcək. Nəqliyyat dəhlizlərinin imkanlarının artırılması isə Azərbaycanı Mərkəzi Asiya ilə digər regionlar arasında mühüm bağlantı nöqtələrindən birinə çevirir. Bu əməkdaşlığın inkişafı nəticəsində ticarətin artması ilə yanaşı, region ölkələri arasında əlaqələrin də daha da güclənməsi mümkündür.

Qeyd edək ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmizdən sonra isə qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və «Dostluq bağı» bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləri oldu. Səfər çərçivəsində hər iki ölkənin prezidentlərinin mətbuta birgə açıqlamaları zamanı ölkəmizin başçsı bu barədə demişdir: Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub. Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir.»

İki ölkə arasındakı qarşılıqlı etimad, eyni zamanda, iqtisadi və ticari sahədə də əksini tapır, İkitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, «yaşıl enerji» və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir.

Xatırladaq ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.  Bu bir daha göstərir ki, çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə «C5» formatının «C6» formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycanın digər ölkələrlə bu cür əməkdaşlıq formatları arasında ən səmərəli və nəticəyönümlü olanıdır: «Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır. Həmçinin Daşkənddə həyata keçirilən layihələr, – hotel kompleksləri və yaşayış kompleksləri, – bu İnvestisiya Fondunun çərçivəsindən kənardadır. Ona görə də ümumilikdə investisiya portfelinə baxsaq, onun müəyyən etdiyimiz 500 milyon dollardan xeyli böyük olduğunu görərik»

İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır. 

Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir. 

Bəli, sonda tam  əminliklə demək olar ki, Azərbaycanla Özbəkistan arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Elçin Zaman, "İki sahil"