28 iyul 2020 15:56
390

İnam Kərimov Şamaxıda taxıl biçininin aparılması prosesində iştirak edib

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir. Hazırda yalnız relyefi çətin, yüksək dağlıq ərazilərdə biçin prosesi davam edir. Bu il ilk dəfə dağlıq bölgələrdə biçin prosesinə müasir, tam kompüterləşdirilmiş dağ kombaynları cəlb olunub. Maili bucaqlarda itkiyə yol vermədən biçin apara bilən kombaynlar 20 faiz nəmlikdə belə maneəsiz işləyə bilir.

"İki sahil" xəbər verir ki, Kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı rayonunun Qızmeydan kəndində yüksək dağlıq, relyefi çətin ərazidə müasir kombaynlar vasitəsilə biçin prosesinin gedişini izləyib. Fermer Soltanpaşa Məlikov əvvəllər bu cür ərazilərdə biçin vaxtı məhsulun 25-30 faizinin itkiyə getdiyini, müasir texnikalar vasitəsilə yığım zamanı isə taxılın son dəninə kimi yığıldığını deyib. Bu il quraqlıq olmasına rəğmən, aqrotexniki qulluq tədbirləri nəticəsində yüksək məhsuldarlıq əldə etdiyini vurğulayıb.

Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Artıq biçin mövsümünün başa çatmaqda olduğunu xatırladan nazir dağlıq ərazilərdə biçinin müasir kombaynlar vasitəsilə aparılmasının müsbət hal olduğunu deyib:

“Artıq taxıl zəmilərinin 90 faizində biçin prosesi başa çatıb. Hazırda yalnız dağlıq ərazilərdə yerləşən zəmilərdə biçin aparılır. Bu il biçinə yeni, müasir dağ kombaynlarının cəlb olunması relyefi çətin ərazilərdə biçin problemini həll etmiş oldu. Yeni kombaynlar ən çətin ərazilərdə itkiyə yol vermədən biçin apara bilirlər. Bu texnikalar Cənab Prezidentin ayırdığı vəsait hesabına alınıb və onun fermerlərə töhfəsidir”.

Nazir qlobal istiləşmə ilə əlaqədar quraqlığın bütün dünyada mənfi fəsadlar törətdiyini deyib: “Qlobal istiləşmənin ən böyük mənfi təsirini görən sahələrdən biri kənd təsərrüfatıdır. Fermerlər su çatışmazlığının mənfi nəticələrini aradan qaldırmaq üçün suvarmada müasir texnologiyalardan, innovativ üsullardan istifadə etməlidir. Bu gün Azərbaycanda bu üsullardan geniş istifadə olunur. Təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması fermerlərə sudan qənaətlə istifadə etməyə imkan verir. Eyni zamanda müasir sulama üsulları məhsulun maya dəyərini aşağı salır, məhsuldarlığı çoxaldır, fermerlərin gəlirlərini artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikası və avadanlığı siyahısına daxil edib. Fermerlərimiz 20 faiz ilkin ödəniş etməklə, bu müasir sistemləri alaraq təsərrüfatlarında istifadə edə bilərlər. Alınan məhsulun qiymətinin 40 faizini dövlət ödəyəcək, qalan 40 faiz isə banklar tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizlərini isə yenə dövlət ödəyir. Fermerlərimizi dövlətin yaratdığı bu güzəşt mexanizmlərindən yararlanmağa çağırıram”.  

Nazir səfər çərçivəsində Şamaxıda filokseraya davamlı calaqaltı üzüm tingçiliyi müəssisəsinin və Qobustanda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisinin gedişi ilə tanış olub. İnam Kərimov həmçinin Qobustan dənli bitkilərin toxum emalı zavodunda emal prosesini izləyib, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının əməkdaşları ilə toxumçuluğun inkişafı məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparıb.