Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. “İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 30-da Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfrans zamanı deyib. Dövlət başçısı bildirib: “Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.
Bu dövrdə biz nə etmişik? Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, siz yaxşı bilirsiniz, bu potensialı artırmaq çox çətin və məsul məsələdir. Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik. Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq. Deməliyəm ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək”.