02 iyun 2020 10:37
803

İnsanlar məsuliyyətli olmalı, nizam-intizam qaydalarını pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar

Karantin rejiminin yumşaldılması  koronavirusla mübarizə sahəsində  maarifləndirici tədbirlərin miqyasının genişləndirilməsinə bir çağırışdır

Azərbaycan dövləti koronavirus  infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

    Təbii ki, bu kimi müsbət nəticələri şərtləndirən əsas amil  qabaqlayıcı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsidir. Azərbaycanın mübarizə tədbirlərinə ilk andan başlaması  Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi. Tədbirlər sistemli xarakteri ilə diqqət çəkdi.  Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Təhsil müəssisələrinin, bağçaların, ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldı. Ciddi karantin rejimi tətbiq olundu. Yaşı 65-dən  yuxarı insanların evdən çıxmasına  qadağa qoyuldu. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı.  Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda,  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə  evlərindən  çıxmaması tövsiyə olundu və bu tövsiyələr artıq bu gün bir tələbə çevrilib. Səbəb karantin rejiminin yumşaldılmasının insanlarda bir arxayınlıq yaradaraq ehtiyac oldu-olmadı  evdən çıxmaları,  nizam-intizam qaydalarına düzgün əməl etməmələri,  özlərini və  ətraflarındakı insanları virusa yoluxdurmamaq üçün tibbi maskalardan istifadə etməkdə çətinlik çəkmələridir. Bu «çətinliklər» sonda yoluxma hallarının sayının artmasına gətirib çıxarıb. Çünki bir nəfərin xəstəliyə yoluxması ümumilikdə ailəsinin, doğmalarının, ətrafındakı insanların yoluxmasına yol açır. Vətəndaşlara ilk gündən  bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi  çoxalmaz, əhatə dairəsi genişlənməz.

    İlk gündən «Biz nə etməliyik?!» sualı ətrafında fikirlərini  açıqlayan dövlətimizin başçısı  İlham Əliyev bildirir ki, qaydaların pozulmasına imkan verə bilmərik: «Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır.»

      Karantin qaydalarının əvvəl sərtləşdirilməsi, sonrakı dönəmdə statistikaya uyğun olaraq yumşaldılması insanlarda məsuliyyət hissini artırmaq əvəzinə, əksinə xəstəliyin mövcudluğu ilə bağlı inamsızlıq nümayiş etdirmələri təəssüf doğurmaya bilməz. Bunun üçün maarifləndirici tədbirlərin miqyasının genişləndirilməsinə, belə yanlış fikirlərin aradan götürülməsinə böyük ehtiyac vardır.  Müqayisəli təhlil əsasında diqqət yetirilməlidir ki, bu gün dünya dövlətləri  koronavirus infeksiyası ilə bağlı hansı çətinlikləri yaşayır. Dünyada çalxalanma hökm sürür. Nəinki yoluxma, ölüm halları pik həddinə çatıb. Azərbaycan dövləti ilk gündən bu kimi halların yaşanmaması üçün zəruri olan addımları atdı. Ən əsası insanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də öz prioritetliyini qorudu. Cənab İlham Əliyev heç bir sosial layihələrin icrasının təxirə salınmayacağını bildirdi.  İmzaladığı 19 mart 2020-ci il tarixli Sərəncam əsasında  Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında əksini tapan, 4 sektoru, 20 fəaliyyət sahəsini özündə ehtiva edən 10 proqramın icrasına başlanıldı.   Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, xaricdən gələn soydaşlarımız, həmçinin tələbələr  14 günlük karantin rejiminə yerləşdirilir. Onlar tibbi müayinədən keçirilir,  sonra evlərinə buraxılırlar. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olan «Yeni klinika» tibb müəssisəsi də  koronavirusa yoluxan insanların müalicəsi üçün onların ixtiyarına verilib. Təbii ki, bu kimi biri-birindən əhəmiyyətli addımların əsasında  dövlətimizin vətəndaşlarına diqqət və qayğısı, onların sağamlığının prioritetliyi dayanır. Vacib və əhəmiyyətli addımlardan biri kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək  Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarını həmin fonda keçirmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar  fonda ianələr köçürdülər.

     Dövlətimizin başçısı İlham Əliyev  bu mühüm məqamı xüsusi qeyd edir ki,  adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər.  Elə adam var ki, bir manat köçürür: «Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.»

    Dövlət dəstəyi, dövlət-vətəndaş birliyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizənin birinci mərhələsindən  az itki ilə çıxmağımızı şərtləndirdi. 

     Pandemiyaya qarşı mübarizənin ilk günlərində maska çatışmazlığı  təkcə ölkəmiz deyil, dünya üçün  problemə çevrilmişdi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq çox qısa zamanda, təxminən iki həftədə ölkəmizdə maska istehsalına başlanıldı.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  tibbi maska istehsalı həm  koronavirusla  mübarizəyə mühüm töhfədir, həm də  Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.  Əsas məqsəd odur ki, insanların sağlamlığı təmin edilsin.

       Ümumilikdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Pandemiya dövründə istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarda açılışı olan    xəstəxanaların, eyni zamanda, istifadəsi nəzərdə tutulan modul tipli xəstəxana komplekslərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu statistika da açıqlanır ki,  2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə  Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir,   yaxın vaxtlarda istifadələri nəzərdə tutulub.  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə  Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. Təbii ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin inkişafının, peşəkar və təcrübəli həkim  kontingentinin olmasının nəticəsidir ki,  koronavirus infeksiyasına qarşı mübarizənin birinci mərhələsini pozitiv nəticələrlə başa vurduğumuzu əminliklə qeyd edirik.

        Dövlətimiz hər zaman olduğu kimi, pandemiya dövründə də  həkimlərimizin əməyini yüksək dəyərləndirir.  Cənab İlham Əliyevin  18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında»  Sərəncamı da bu tərkibdəndir. Həmin sənədə əsasən  işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi.  Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq  Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə» Qərarında  onlara  2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu.

    Onu da qeyd edək ki, müayinələrin sayına görə də  Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğu və bir çox Avropa ölkələrini qabaqladığı bildirilir. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Cənab İlham Əliyev bu çağırışı edir ki,  insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstüdür.  İnsanlar məsuliyyətli olmalı, nizam-intizam qaydalarını pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar.

    Pozitiv nəticələr karantin rejiminin yumşaldılmasını şərtləndirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, bu, arxayınlığın yaranmasına, koronavirusun birdəfəlik yox olması barədə fikirlərin yaranmasına yol açdığından,  yeni yoluxma hallarının sayında artım diqqətdən kənarda qalmır.  Bu gün artıq hər bir ölkə vətəndaşından  maarifləndirmə tədbirlərinin fəal iştirakçısı olmaq tələb olunur. Sosial məsuliyyət hissini artırmaqla yaranmış bu  çətinlikdən  xilas ola bilərik. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidirlər.  İctimai qınağın ən böyük cəza olduğunu nəzərə alsaq, hazırda ictimai nəzarətin gücləndirilməsi əsas tələblər sırasındadır. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq ölkəmizdə də bu cərimələrin tətbiqinə başlanılıb. Cərimələr məsuliyyət hissinin artırılmasında əsas faktordursa, burada artıq  insanların özlərinin öz sağlamlıqlarına diqqətindən danışmaq sadəlövlük olar. Yalnız cərimə olunmamaq üçün  tibbi maskalardan istifadə etmək məcburiyyətində qalan vətəndaşların sözün əsl mənasında maarifləndirici  çağırışlara böyük ehtiyacları vardır. Unutmayaq ki, sağlamlığımız hər birimiz üçün  ən böyük sərvətdir. Bu sərvətə sahib olmaqla  cərimələrdə nəzərdə tutulan məbləğləri qazanmaq mümkündür. Sadəcə bugünkü gündə bir tibbi maska sağlamlığımızın ən böyük dəstəkçisi, yardımçısıdır.

Yeganə Əliyeva,

«İki sahil»