25 sentyabr 2020 17:49
1163

İntizarın sonu var...

(Şuşadan Bakıya ümid məktubu)

Salam olsun sənə, ey mə­nim ümidim, pənahım, şa­nlı-şöh­rə­tli, qüdrətli Ba­kım! Elə  indicə radioda xalq artisti Yalçın Rzazadənin xoş ovqatlı səsi gəlir:

Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən...

Sevgilim keçən yerdən

Bütün şəhər yeriyir,

Bakı, sabahın xeyir!

      Mən də sənə əziz Bakım, hər vaxtın xeyir olsun deyirəm. Ne­çə il­lər­di ki,  mənim sabahlarım  şərin bətnindən doğulan iblis nökərlərinin üzünə açılır.  Təki sənin bütün sabahların həmişə xeyirə açılsın, axşamların xeyir olsun!  Efir dalğalarından tez-tez xoş sorağını eşidirəm. Elə ki, diktor “Danışır Bakı” deyir, bax onda ruhum bizim Qarabağ atları kimi şahə qalxır.  Amma səsini təkcə mən yox, içini  kin-kidurət və  paxıllıq kiri basmış dığalar da eşidir. Son günlər isə səsin gələndə dığaların kürklərinə birə düşür. Ora-bura vurnuxub  papiroslarını tüstülədə-tüsdülədə öz dillərində nəsə qırıldadırlar. Elə bil içləri alovlanır. Deyirəm, bəlkə də özləri üçün cəhənnəmə tədarük görürlər...

       Xəzər gözlüm, Bakım mənim!

 Mənimsə içimi  yandıran odur ki,  bu  yolsuzların qaladığı  ocağa  quzeydən, güneydən odun atırlar. Düzü, sənin bildiklərini dübarə yazıb, qanını qaraltmaq istəmirəm. Özün də yaxşı bilirsən, illər öncə - bahar çağı erməni dığalarının məni işğal etməsi  tarixdə  görünməyən  bir möcüzə  idi.  Elə o vaxtan hər dəfə yurdumuza bahar gələndə başqa bir möcüzə də gözləyirəm.  Həmin möcüzə  Milli Ordumuzun igid əsgərləri bağrımın başına -  qala bürcümə Qələbə bayrağını cancan günü baş  verəcək!

     Ey Ağ şəhəri ağ günlərindən soraq verən ulu Bakım!

 Bilirəm ki, bu illər ərzində  mə­ni bir an da  unut­ma­mı­san. Axı sən  yurdumuzun  Baş  şəhərisən.  Odlar yurdumun  ağıllı  başlarını ağuşuna alıb məni xilas etməyin yollarını düşünürsən. An­caq səndən sənə  bir-iki kiçik giley-güzarım da var. Deyi­rəm, nə əcəb düş­mən tap­da­ğın­da qa­lan Xarı bülbül kafesi, sinəmdə çağlayan İsa bulağı restoranın, mənim adıma da şad­lıq sarayın var, bəs niyə Azərbaycan televiziya kanallarının cərgəsində adım yoxdur?!

     Yə­qin de­yə­cək­sən ki, bu mən­nik de­yil. Özün  də şahidsən ki,  20 Yanvar hadisələrinin ertəsi günü rus or­du­su (?) sə­nin telestudiyanı part­la­dan­da, mənim te­les­tu­di­yam­ dün­ya­ya o dəh­şət­li faciə­ni bə­yan et­di. Baxmayaraq ki, ermənilər də telestudiyamın işinə əngəllər törədirdilər. Üç-dörd saat yayımlanan verilişlər həm də AzTV-nin əməkdaşları - şəhid telejurnalist Alı Mustafayevin, hazırda Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışan Fəxrəddin Hacıbəylinin, operator Şakir Gülməmmədovun, sonradan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizami Bəhmanovun  birgə səyilə ərsəyə gəlirdi.

O vaxtlar mənim merim rəhmətlik Mikayıl Gözəlov idi. O, xalq arasında xüsusi hörmət və nüfuza malik çox vətənpərvər insan, bütün varlığı ilə torpağa bağlı insan idi. Bəlkə elə bu səbəbdən də onu  müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər…

            Ey nur dənizli, dünyaya işıq saçan  Ba­kım mənim!

        Bir giley-güzarım da Xəzərin sahilində ucalan hündür hasarlarla bağlıdır. Görünür, 70 il bizə ağalıq edən So­vet hö­ku­mə­ti­nin heç zərrə qədər də ağ­lı-zadı yox imiş! Çünki dəfələrə kosmosa adam  çıxarsa da, yerdə -  dənizin  sahillərini hasara almağın “özəlliyini və gözəlliyini” dərk etməyib. Onu da eşit­mi­şəm ki, in­di qoynundan  üzü cənuba, şimala  yeni,  abad, geniş yol­la­r çəkilib. Kaş ki, o təzə  yo­llar­dan bi­ri də mə­nim ürə­yimin ba­şın­a çəkiləydi. İllərlə həsrətimdə  olanlar o yollarla geri dönəydilər…

     Etiraf edim ki, uzun müddət yalqız idim, ins-cins səsi belə eşitmirdim. Cıdır düzümdə  də yel vurub, yengələr oynayırdı. Günlərin bir günü bu erməni əbləhlər yığışıb Cıdırda eşşək yarışı keçirdilər. “Eşşək anqırar, tayını tapar” boş yerə deməyiblər. Hə, hə, o qocaq, mərd türk kişilərin vaxtilə Qarabağ  atlarının yarışını keçirdiyi Cıdır düzümə eşşəklər ayaq açandan sonra dığa­lar bura axışdı.. Bağ­rı­mın ba­şın­da elə od qa­la­dılar ki, tüs­tü­m ər­şə dirən­di. Bax, hər şey də ondan sonra başladı. Məclis qurdular, yeyib –işdilər, keşişi naziri, hətta faşist “Ocaq”qalayanı  - Zori Balayanı gəlib burada oynayıb axmaq bir sağlıq dedi: “Allah bizi qoruyacaq, çünki Allahın özü də erməni və qarabağlıdır.”

    Eh, ca­nım Ba­kı, gö­züm Ba­kı! Deyi­rəm, Al­lah mə­nə rəhm elə­yir ki, bu torpaq bit- birələri  yaxşı ki, təbii bulaqlarımı, dağımı- daşımı öz­gə pla­net­lə­rə gö­tü­rüb apar­mır­lar... Bu görməmiş dı­ğa­ların murdar əməlləri çoxdur... Hələ mən Avropada birinci, dünyada ikinci nadir çinar meşəsinin erməni yağıların əlində viranəyə qalmasını demirəm.

Axı mə­nim bizim  baş şə­hə­rimiz kimi sən hər şeydən agahsan!

Mən isə özüm-özü­mə  hə­mi­şə tə­səl­li ve­ri­rəm, ümid­lə göz­lə­ri­mi yol­la­ra tikirə­m. Bi­li­rəm, sə­nin ba­şı­nı əc­nə­bi­lər çox qa­tdı. O həm­sədr­lər var ey, hər üçü də  kə­lə­fin ucu­nu  çox­dan iti­rib­lər, za­lım uşaq­la­rı söz­lə elə bazar­lıq, elə siyasi al­ver edir­lər ki,  pe­şə­kar tacirlər də  on­la­rın ya­nın­da yalan olub. Əgər onlar ikiüzlülük etməsəydilər, mən çoxdan ağ günə çıxmışdım. ATƏT - əslində  bu günə kimi Avropada Ticarət (və ya Turist) Əməkdaşları Təşkilatı rolunu  oynayıb.

Onu da deyim, bu­ra tək-tək kö­çüb gə­lən er­mə­ni­lər tor­paq­dan çox pul üçün əl­dən-ayaqdan ge­dir­lər. H­ər gə­lən ai­lə­yə fi­lan qə­dər pul ve­rir­lər ki, get Qa­ra­bağ­da ya­şa! Deyi­rəm, əziz Bakı, sənin qoy­nun­da adı  “Forbers”  jurnalına  düşməyən  o qədər gizli mil­ya­de­rin var ki, sər­vət­lə­rin­dən bir fai­zi­ni bu dı­ğa­la­ra ver­sə­lər, bəlkə  da­va­sız-şa­va­sız kö­çüb ge­dər­lər Ameri­ka­ya, İs­veç­rə­yə, Kanadaya... Bilirəm, deyəcəksən ki,  elə oralarda da bu zir-zibillərdən  itə tök qədər var.

      Ora­sı da var ki, sə­nin çö­rə­yi­ni ye­yib, şol­lar su­yu­nu içən  nankorlar da az deyil. Gö­rməsəm də, eşidirəm ki, cızıqlarından çıxır, harınlaşıb, qudururlar. Vaxtilə ya­yın cır­cı­ra­ma is­ti­sin­dən ba­şı­nı gö­tü­rüb bu­ra istirahə­tə ne­çə-ne­çə döv­lət mə­mur­la­rı gə­lər­di. İsa bulağında ye­yib-içib kef­lə­nər­di­lər, şə­rə­fi­mə elə sağ­lıq­lar de­yər­di­lər ki, dağ­la­rı­mın ba­şı ala bu­lu­da ça­tar­dı. Am­ma  indi onlar ba­şı­mın üstü­nü qa­ra bulud­lar aldığını, dağlarımda xaç şə­kil­li şim­şək­lər ça­xdığını, bağ­rı­mı qara əl­lərin uza­ndığını sanki görmürlər.

    Cıdır  meydanım  da Qarabağ atlarının intizarındadır!

      Əminəm ki, bu intizarın sona çatacaq!..

      Sə­nə böyük ümidlərlə bu mək­tubu yazdım.

      Di sağ- sa­la­mat qal, xey­rə qən­şər, gözəl Ba­kım!

      Milli Ordumuzun igid əsgərlərini, qələbə müjdəsini həsrətlə gözləyən sənin sevimli Şuşan.

Məktubu qələmə aldı:

 Nurəddin Muğanlı, “İki sahil”