16 mart 2020 15:06
729

İqor Ponomaryov: Əvvəlcə koronavirusa qalib gələk, sonra AVRO-2020-ni düşünərik

"İspaniyada bu gün saat 08:00-dan etibarən karantin müddəti başlayıb. Bu, o deməkdir ki, evdən çıxmaq olmaz. Yalnız ailənin bir üzvü mağazaya, aptekə və zəruri halda xəstəxanaya gedə bilər".

Bu fikirləri "Report"a açıqlamasında hazırda İspaniyanın Malaqa şəhərində olan "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov koronavirusla bağlı bölgədəki vəziyyət barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, şəhərdə yalnız xəstəxana, mağaza və apteklər fəaliyyət göstərir: "Gəzintilər qadağan olunub. Hələlik bunun 2 həftə davam edəcəyi bildirilir. Ümid edirəm ki, bunun faydası olacaq. Təhlükəsizlik tədbirləri təkcə Malaqada yox, bütün ölkədə tətbiq olunub. Saat 20.00-da hər kəs eyvanlara çıxır və bir-birilərini dəstəkləmək məqsədilə əl çalır".

İspaniyada liqaların dayandırılması və koronavirusun AVRO-2020-yə mümkün təsiri məsələsinə də toxunan 60 yaşlı mütəxəssis indiki məqamda yalnız pandemiyaya qalib gəlməyi düşünməyin gərəkliyini vurğulayıb: "Məncə, dünya mobil olduğu üçün problem hamıya aiddir. Turnirlərlə bağlı qəbul olunacaq qərarlar hadisələrin inkişafından asılıdır. Hazırda birinci yerdə koronavirusa qalib gəlmək durur. Sonra isə liqalar və AVRO-2020 barədə düşünmək olar".

İ.Ponomaryov hesab edir ki, koronavirus pandemiyasına qeyri-ciddi yanaşmaq olmaz: "Düşünürəm ki, bütün dünya bu virusla mübarizə aparmağa başlayıbsa, deməli, məsələ olduqca ciddidir. Bildiyim qədərilə, Azərbaycanda da koronavirusun qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür. Bunun Novruz bayramı ərəfəsinə düşməsi təəssüf doğurur".

"Sabah" rəsmisi sonda hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, insanlara sağlamlıq və ruhdan düşməməyi arzulayıb.