16 yanvar 2021 13:25
1158

İqtisadçı-ekspert: Şuşa regionun iqtisadi mərkəzinə çevrilməlidir

“COVID-19 pandemiyası səbəbindən 2020-ci il bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi dalğalanmalarla zəngin və iqtisadi qeyri-müəyyənliklərin olduqca yüksək təsbiti ilə yadda qaldı. Bununla yanaşı, 2020-ci ilin sonuncu rübü Azərbaycan tarixinə şanlı dövr kimi həkk olunan Vətən müharibəsi ilə də xarakterizə edilir. Bu son dərəcə mühüm faktor özü-özlüyündə ictimai münasibətlərin bütün sferalarında inkişafın yeni fazasını şərtləndirən ciddi impulsdur”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisadçı ekspert, Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur Əliyev deyib.

S. Əliyev bildirib ki, 2021-ci ildə işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarının yenidən bərpası və yenidən məskunlaşma təşəbbüsləri ekspantiv inkişafın əsas katolizatoru qismində çıxış edəcək. Artıq bu istiqamətdə dövlət konsepsiyasının reallaşdırılmasına infrastrukturun yenidənqurulması ilə start verilmişdir: “Sosial Tədqiqatlar Mərkəzi olaraq apardığımız tədqiqatlardan çıxış edərək qeyd edə bilərik ki, yenidənqurma strategiyası işğaldan azad olunmuş rayonların spesifikalarına uyğun olaraq selektiv yanaşmanı tələb edir. Bu, həm də inkişaf konseptlərinə strateji yanaşmanın vacibliyini də özündə əks etdirir.

Hal-hazırda Sosial-Tədqiqatlar Mərkəzi olaraq işğaldan azad edilmiş bütün rayonlarımız, o cümlədən şuşalı keçmiş məcburi köçkün vətəndaşlarımızla tematik sosioloji sorğular təşkil etmək istiqamətində son tamamlama mərhələsindəyik. Qeyd etmək istərdik ki, hədəf yerli sakinlərin yenidənqurma planlarına münasibətləri və təklif xarakterli rəylərinin öyrənilərək sistemləşdirilməsindən ibarətdir. Bu tədqiqat nəticələrinin müvafiq siyasət idarəedicilərinə təqdim edilməsi və siyasət planlamalarında (formulyasiyalarında) istifadəsinin optimal qərarvermə üçün bir növ onəmli amil olduğu qənaətindəyik”.

İqtisadçı-ekspert qeyd edib ki, tarixi Azərbaycan ərazisi olan Şuşanın bərpasında istər şəhərsalma, istərsə də iqtisadi planlama nöqteyindən daha çox turizm ağırlıqlı musiqi sənayesi, kreativ sənayenin təşviqi və heç şübhəsiz müqayisəli üstünlüyə sahib olan kənd təsərrüfatı və həmçinin emal sənayesi sektorların inkişafının təşviqi önəmlidir: “Təbii ki, bu çərçivədə dövlət-özəl sektor əməkdaşlığının müxtəlif formatları ilə yanaşı, xarici investisiyanın cəlbi də önəmli hədəflər sırasında saxlanılmalıdır. Digər tərəfdən, fikrimizcə, Şuşanın coğrafi və strateji mövqeyini nəzərə alaraq regionun iqtisadi mərkəzinə çevrilməsi prioritetləşdirilməlidir”. 

Nigar Orucova, “İki sahil”