06 iyul 2020 18:11
1839

İqtisadiyyatın artımı daha cox iş yerləri ilə müşayiət olunmalıdır

Pandemiya dövründə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasınin sürətləndirilməsi oz prioritetliyini qoruyur

Ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətləri dövlətimizin başçısı İlham Əliyevin 2003-2020-ci illərdə imzaladığı Fərman və sərəncamlarda, Dövlət proqramlarında öz əksini tapıb. Cari ilin mart ayından dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin ölkəmizdə də gücləndirildiyini nəzərə alsaq, iqtisadı və sosial tədbirlərin miqyasının daha geniş olduğunu və davamlı xarakter aldığını görərik. Cənab İlham Əliyev ilk gündən bildirdi ki, heç bir sosial tədbir təxirə salınmayacaq, iqtisadi islahatlar daha da dərinləşdirilməlidir. Ölkə vətəndaşları bir daha həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığının şahidi oldular.

Pandemiya dövrünün reallıqları bir daha təsdiqlədi ki, konkret strategiya olmadan iqtisadiyyatı inkişaf etdirmək mümkünsüzdür. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüz üçün möhkəm bazanın əsası oldu. 2003-cü ildən iqtisadi artımın enerji sektorundan asılılığını minimuma endirməyi qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyev neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsinə yönəltməklə bugünkü reallıqların əsasını qoydu. Regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə təsdiqlənən regional inkişaf proqramlarının uğurlu icrası öz müsbət nəticəsini verir. Əsas hədəflərdən olan regionların sosial-iqtisadi inkişafı, iqtisadi və sosial sahədə islahatların təkmilləşdirilməsi, məşğulluğun təmin edilməsi kimi məsələlər həllini tapır. Sahibkarlığın inkişafı, güclü sahibkarlar sinfinin yaradılması prioritet məsələlər sırasında yer tutur. Təbii ki, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkisaf etdirmək, idarəetmə sistemini təkmilləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik və məşğulluq problemlərini həll etmək mümkün deyil. Dövlətimizin başçısının qeyd olunan istiqamətlərdə atdığı addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə təqdir edilir. Betynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, əsas məsələlərdən biri vətəndaşların özünüməşğulluğunun təmin edilməsi və bu istiqamətdə atılan addımların davamlığına diqqətin artırılmasıdır. Bu məqsədlər idarəetmə sistemində şəffaflığın təmin olunmasını daha da aktuallaşdırdı və “ASAN xidmət”in yaradılmasını zərurətə çevirdi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2013-cü ildə fəaliyyətə başlayan “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na layiq görülmüşdür. Hazırda “ASAN xidmət” fəaliyyətinin coğrafiyasını genişləndirərək xidmətləri ilə vətəndaş məmnunluğunun artırılmasını 100 faizə çatdırıb.

Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihəsi ilə yanaşı, ABAD, DOST mərkəzlərinin fəaliyyəti də insan amilinə verilən dəyəri bir daha təsdiqləyir. Nəzərə alsaq ki, özünüməşğulluq proqramının icrası prioritetdir, hər üç layihənin əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. ABAD mərkəzlərinin də cografiyası genişlənməkdədir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə həyata keçirilən bu layihənin əhəmiyyəti pandemiya dövründə bir daha diqqəti çəkdi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısının heç bir sosial layihənin təxirə salınmayacağı tələbinə uyğun olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. Dövlətimizin başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsit ayrılıb. Aprel-may aylarında işsizlərə və xüsusi karantin rejiminə görə işini itirən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində, yəni 190 manat birdəfəlik odəmə verildi. Nazirlər Kabinetinin qərarına əsasən bu məbləg iyun ayında da həmin şəxslərə veriləcək. Birdəfəlik odəmə cənab İlham Əliyevin qərarına əsasən 600 min şəxsi əhatə edir.

Cari ildə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi məqsədilə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Dünya Bankı ilə layihənin icrasına başlanılıb və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələyə xüsusi diqqət yönəldilmişdir. Dövlətimizin başçısı özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair müraciətə dərhal cavab verdiyinə görə quruma xüsusi minnətdarlığını bildirərək qeyd etmişdir ki, həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunub və bir ildən də az müddətdə bütün hazırlıq işləri tamamlanıb: “Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır.” Cənab İlham Əliyev Dünya Bankının “Doing Business” reytinqində Azərbaycanın mövqeyinə diqqəti yönəldərək bildirmişdir ki, bu, bizim üçün çox uğurlu sahələrə diqqəti yönəltmək üçün bir növ motivasiya idi. Bu məqsədlə hökumətin, Administrasiyanın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradılıb. Qısa müddətdə əsaslı irəliləyişə nail olunub. Bu isə öz növbəsində ölkədə bisnes mühitini yaxşılaşdırır, daha cox investisiyalardan faydalanmağa əsas verir. “”Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq”” söyləyən dövlətimizin başçısı pandemiya dövründə iki əsas prioritetin olduğunu bildirmişdir. 2020-ci ilə bütün iqtisadi parametrlərlə cox ümidverici başlanğıc edildiyi rəqəmlər əsasında diqqətə çatdırılaraq kənd təsərrüfatında artımin 3 faizdən cox olduğu, qeyri-neft sənayesində artımın 14 faiz təşkil etdiyi bildirilmişdir. Cənab İlham Əliyev əsas hədəf kimi “İqtisadiyyatın artımı daha cox iş yerləri ilə müşayiət olunmalıdır” bildirir.

Kənd təsərrüfatının əsas sahəsinin aqrar sektor olduğunu nəzərə alsaq, bu istiqamətdə atılan addımların davamı kimi, sərt karantin rejimində fermerlərin fəaliyyətinə qadağaların qoyulmadığını da xüsusi qeyd etməliyik. Belə ki, fermerlər yerli icra hakimiyyəti orqanlarına müraciət etməklə adlarının icazə portalına daxil edilməsinə nail olacaqlar. Ondan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün sahələrə çıxa biləcəklər. Rayonlararası hərəkət etməli olan fermerlər isə Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etməlidirlər. Təbii ki, bir rayonda yaşayan fermerin digər rayon ərazisində taxıl sahəsi, bağı ola bilər. Mövsimi işlər və digər təsərrüfat işləri ilə bağlı rayonlararası hərəkətin təşkilini Dövlət Aqrar mərkəzləri təmin edəcəklər. Sərt karantin rejimi tətbiq olunan rayonlarda fermerlər icazə almaq üşün həmin mərkəzlərə müraciət etməli və onların adlarının elektron kənd təsərrüfatı informasiya sistemində olması əsas götürülərək icazə portalına daxil edilcəkdir.

Göründüyü kimi, məşgulluğun təminatı COVID-19-la mübarizə dövründə də prioritetdir. Əsas məqsəd əhalinin sosial müdafiəsini gücləndirmək, cari il üçün nəzərdə tutulan bütün sosial layihələrin icrasını sürətləndirməkdir. Əldə edilən uğurlar bir daha Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin istər pandemiyadan əvvəl, istər pandemiya, istərsə də postpandemiya dövründə hədəflərinin dəyişməz olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”