31 iyul 2020 14:04
1772

İsmayıllıda yol tikintisinə vəsait ayrılıb

İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisinə də vəsait ayrılıb

 

Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu Sərəncamın 1-ci hissəsində göstərilən Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.