30 iyun 2020 11:03
179

İstedadlı müəllim, fəal vətəndaş

Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Bakı Slavyan Universitetinin (BSU) istedadlı, bacarıqlı, nümunəvi, yüksək səviyyəli, eyni zamanda cəmiyyətdə öz fəal və ləyaqətli vətəndaş mövqeyi ilə seçilən müəllimləri çoxdur. Belə müəllimlərdən biri də Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Saraxanım Mirzə qızı Rəhmanovadır. BSU-nun Mətbuat Xidmətindən “İki sahil”ə bildiriblər ki, dosent Saraxanım Rəhmanova yüksəkixtisaslı pedaqoq olmaqla yanaşı, həm də sadə, səmimi, təvazökar insan, fəal vətəndaşdır. Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edən Saraxanım Rəhmanova Ümumi Dünya Uğrunda Federasiyanın “Xeyirxah iradəli səfiri” fəxri adına layiq görülüb. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 May tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğ edilməsidir.

Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva ailə institutuna yüksək diqqət və qayğı göstərirlər. 2006-cı ildən başlayaraq Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 15 May- Beynəlxalq Ailə Günü ölkəmizdə də qeyd edilir. Bu münasibətlə keçirilən tədbirlərdə daim iştirak edən dosent Saraxanım Rəhmanova BSU-nu layiqincə təmsil edir. Dosent Saraxanım Rəhmanova Beynəlxalq Ailə Günü çərçivəsində keçirilən “Milli mətbəx” müsabiqəsinin fəal iştirakçısıdır. O, həmçinin mütəmadi olaraq sosial baxımdan əhalinin həssas qrupuna aid edilən ailələrlə görüşərək onlar üçün müxtəlif xeyirxah tədbirlər həyata keçirir və onun bu fəaliyyəti rəğbətlə qarşılanır. Dosent Saraxanım Rəhmanova belə xeyirxah əməllərinə görə həm çalışdığı kafedranın əməkdaşlarının,həm də universitet kollektivinin hörmətini qazanıb.

Bizimlə söhbət zamanı dosent Saraxanım Rəhmanova BSU-nun professor-müəllim heyətinə və tələbə-gənclərinə göstərilən xüsusi diqqət və qayğı, eləcə də onların xeyirxah təşəbbüslərinə, layihələrinə yüksək səviyyədə dəstək verdiyi üçün universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor, Əməkdar müəllim Nurlana Əliyevaya dərin təşəkkürünü bildirdi, ona ən xoş arzu və diləklərini ifadə etdi.