18 mart 2020 12:25
1758

İtaliya millisinin sabiq futbolçusu: Koronavirusa görə bir neçə dostumu itirdim

"Lodi şəhərində yaşayıram. Bura ölkənin ilk "qırmızı zona"larındandır. Fövqəladə halın inkişafını gözlərimlə müşahidə edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Football Italia" nəşrinə açıqlamasında İtaliya millisinin və "İnter"in sabiq futbolçusu Rikardo Ferri koronavirusla bağlı danışarkən deyib.

57 yaşlı sabiq müdafiəçi hər üç dəqiqədən bir təcili yardım maşınının evlərinin yanından keçdiyini bildirib: "Əldə etdiyim məlumata görə, Lodi xəstəxanasında çarpayılar bitib və vəziyyət hələ də gərgindir. Bir neçə dostumu itirdim, digərləri indi xəstəxanadadır. 50 yaşlı dostum da xəstəxanaya yerləşdirildi. Atasını koronavirus səbəbindən itirmişdi. Özünün də testi müsbət oldu".

Qeyd edək ki, Rikardo Ferri 1981 - 1994-cü illərdə "İnter"in formasını geyinib. O, 1998/1999 mövsümündə A Seriyasının, 1991 və 1994-cü illərdə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. 1990-cı ildə isə Ferri İtaliya yığması ilə dünya çempionatının bürünc medalını əldə edib.