21 may 2020 16:22
241

İtmiş xüsusi aparat tapıldı

2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçiriən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.