24 iyul 2020 18:29
951

İyulun 24-də Rusiyadakı səfirliyimizin qarşısında heç bir toplantı olmayıb

İyulun 24-də Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında heç bir toplantı olmayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrinin iyulun 24-də Moskvadakı səfirliyimizin qarşısında toplantı olması və səfir Polad Bülbüloğlunun toplaşanlarla görüşməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Səfirlikdən bildiriblər ki, iyulun 15-də Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədilə səfirliyin binasının önünə gəlməsi və səfir Polad Bülbüloğlunun onlarla görüşməsi barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdi. Səfirliyin məlumatında deyilir: “Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər verib”.

“İyulun 24-də səfirliyin qarşısında heç bir toplantı olmayıb. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya xarakterli məlumat yayanlar səfirliyin onsuz da gərgin işinə maneə törədirlər”, - deyə məlumatda qeyd olunub.