17 dekabr 2019 16:31
2249

Kompleks Qazma İşləri Tresti ən müasir və qabaqcıl texnologiyaları tətbiq edir

Qədim tarixə malik olan Azərbaycan qazma məktəbinin hüquqi və mənəvi varisi SOCAR-ın Kompleks Qazma İşləri Tresti respublikanın dəniz akvatoriyası üzrə Bakı arxipelaqı və Abşeron arxipelaqı, quru sahələrində “Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron, Şamaxı-Qobustan” strukturu, Yevlax-Ağcabədi NQR-də, həmçinin Kür-Qabırrı çaylararası, Naxçıvan perspektivli NQR-də yerləşən strukturlarda qazma işləri apararaq SOCAR tərəfindən qarşıya qoyulmuş axtarış-kəşfiyyat və istismar qazması planını uğurla yerinə yetirib.  

“İki sahil” xəbər verir ki, Trestin kollektivi tərəfindən hazırda dənizdə “Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Çilov”, “Qərbi Abşeron” yataqlarında, quruda isə  “Pirallahı”, “Qaradağ”, “Qalmaz” və “Sədan” sahələrində beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, axtarış-kəşfiyyat və istismar qazma işləri aparılır. 

Trest bu gün qazma sahəsində ən müasir və qabaqcıl texnologiyaların, yüksək texniki göstəricilərə malik avadanlıqların tətbiqinə xüsusi önəm verir. Belə ki, beynəlxalq standartlara cavab verən ZJ-70DBZ,  ZJ-70, ZJ-50, ZJ-40, ZJ-30 tipli qazma qurğularının alınması, “Top driver”, “Pover driver” tipli yeni avadanlıqların, quyudibi mühərriklərin, hidrogenişləndiricilərin, yüksək qazma keçidinə malik PDC və bisentrik tipli baltaların, LWD, MWD telemetrik ölçü cihazlarının, karbohidrogen əsaslı qazma məhlullarının tətbiqi, “Leuza” və “Empriqa” tipli avadanlıqlarından istifadə etməklə qazmanın texniki-texnoloji parmetrlərinə nəzarət bu istiqamətdə görülən tədbirlərin bariz nümunəsidir. Nəticə olaraq, qazma işlərində yüksək kommersiya sürəti əldə edilir, quyuların təhvil müddəti xeyli azalır.

Bu avadanlıqlar qazma sahəsində ən müasir avadanlıqlardır. Onlardan istifadə yüksək kommersiya sürəti əldə etməklə yanaşı, neft-qaz sənayesinə keyfiyyət, səmərə və təhlükəsiz iş şəraiti gətirib. Bu müasir qazma avadanlıqları əvvəlkilərlə müqayisədə ekoloji cəhətdən daha çox sərfəlidir. Müasir avadanlıqların ekoloji təmizlik prosesinə kompyuterlərlə tam nəzarət edilir.

Kompleks Qazma İşləri Trestində müasir avadanlıqlardan, qabaqcıl texnika və texnoloqiyalardan istifadə edilməklə qazma işlərinin həyata keçirilməsi prosesində innovativ texnoloqiyalardan və idarəetmədə mütərəqqi metodların tətbiqinə diqqətlə yanaşmanın daha bir bariz nümunəsi 2019-cu il sentyabr ayının əvvəllərində Operativ İdarəetmə Mərkəzinin (OİM) fəaliyyətə başlamasıdır. Mərkəz Trestin müxtəlif yataqlarda həyata keçirdiyi qazma işlərinə real vaxt rejimində operativ mühəndislik nəzarəti etməklə aparılan proseslərə mühəndisi dəstək və operativ qərar vermək məqsədi ilə yaradılıb. Hazırda Mərkəz strateji əhəmiyyətli 3 qazma quyusundan - ZJ-70DBZ tipli qazma qurğusu ilə qazılan “Bulla-dəniz” sahəsindəki 122 və 91 saylı, ZJ – 50D tipli qazma qurğusu ilə “Günəşli” sahəsində qazılan quyulardan fasiləsiz məlumat alır. Gələcəkdə müasir tipli qazma qurğuları ilə iş aparılan digər quyuların da Mərkəzə qoşulması planlaşdırılır.

Trest müasir texnologiyalar vasitəsilə qazma işlərinin daha təhlükəsiz və müvəffəqiyyətlə aparılması siyasətinə sadiq qalaraq geoloji mürəkkəb yataqların qazılmasında istifadə olunan ən müasir  Managed Pressure Drilling (MPD) texnologiyasını “Bulla-dəniz” yatağında qazılan 91 nömrəli quyuda uğurla tədbiq etməkdədir. MPD texnologiyasının tədbiqi ilə qazma işlərinin yerinə yetirilməsi SOCAR təcrübəsində ilk dəfədir baş verir.  

MPD quyuların qazılması zamanı anomal yüksək lay/məsamə və hidravlik yarılma təzyiqlərinin, bu təzyiqlər arasındakı fərqlərin kiçik hüdudlarına uyğun olaraq, yarana biləcək qaz təzahürləri, məhlulun kəskin udulması və quyu lüləsinin bütövlüyünün pozulması kimi mürəkkəbləşmələrin baş verməməsi üçün hidrostatik təzyiqlərin idarə edilməsi məqsədilə tətbiq olunan ən müasir və qabaqcıl texnologiyadır. Həmçinin, bu texnologiyanın tətbiqi layların qazma məhlulu ilə çirklənməsinin müəyyən qədər qarşısı alınır. MPD qeyri-məhsuldar vaxt müddətlərini azaltmaqla quyu tikintisinin vaxtına qənaət edərək, yarana biləcək risklərin baş vermə ehtimalını aşağı salmaqla iqtisadi cəhətdən də çox sərfəlidir.

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev də bu günlərdə Bakıda "Baker Hughes" tərəfindən təşkil olunan "Energy Forward" neft-qaz texnologiyası tədbirində çıxışı zamanı bildirib ki, Xəzər dənizində “Bulla-dəniz” yatağında qazılan 91 nömrəli quyuda quyudibi təzyiqlərin idarəolunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir. R.Abdullayev qeyd edib ki, bunlar ən son texnoloji yeniliklərin tətbiq olunması ilə əldə edilən mükəmməl birgə nailiyyətlərdir.

Son günlər Trestin kollektivi tərəfindən milli sektorda aparılan qazma işləri sahəsində daha bir uğura imza atılıb. Belə ki, Kompleks Qazma İşləri Trestinin qazmaçıları tərəfindən milli sektorda qazma tarixində ilk dəfə olaraq “Bulla-Dəniz” yatağında yerləşən 12 nömrəli platformadan qazılan 91 nömrəli kəşfiyyat quyusundan, Məhsuldar Qatın VII horizontundan 6075-6084 metr aralığından 8.5 metr, 6165-6174 metr aralığından isə 8.2 metr uzunluğunda, kern nümunəsi qaldırılıb. Əməliyyatların təhlükəsiz  və yüksək peşəkarlıqla yerinə yetirilməsinə Trest rəhbərliyinin və bütün kollektivin gərgin əməyi nəticəsində nail olunub. Bu uğur nəticəsində “Bulla-Dəniz” yatağının işlənməsində səmərəliliyin artırılması istiqamətində lazımı geoloji məlumatların əldə edilməsi mümkün olacaq. Beləliklə də quyuların dəqiq planlaşdırılması və təhlükəsiz qazılmasına şərait yaranacaq. 

Kompleks Qazma İşləri  Trestinin kollektivi bundan sonra da müasir  avadanlıqlardan istifadə etməklə yeni texnologiyaların və mütərəqqi  texnikanın tətbiqi  ilə  dənizdə və quruda aparılan axtarış, kəşfiyyat və istismar qazma işlərinin səmərililiyini yüksəltmək, bütün imkanlarını səfərbər edərək ölkəmizin  iqtisadiyyatında yeni-yeni əmək töhfələri vermək əzmindədir.