15 yanvar 2020 18:50
660

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 63-cü, 71-ci və 125-ci maddələri baxımından şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, preyudisiya daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50-ci və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.