26 iyun 2020 16:35
478

Könül Nurullayeva BMT-nin bəyanatını şərh etdi

"BMT-nin qəbul etdiyi bəyanat pandemiya dövründə gender-əsaslı zorakılıq böhranının qarşısının alınmasında vacib rol oynayır"

Nüfuzlu beynəlxalq təşkilatlar gender-əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının pandemiya dövründə dayanıqlı şəkildə müdafiəsini təmin etməyə çalışır. Bu mənada BMT-nin 9 agentliyinin "COVID-19" kontekstində qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasına dair birgə bəyanatı təqdirəlayiqdir. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bəyanatda qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması, bu halların aradan qaldırılmasının pandemiyaya qarşı milli mübarizə planlarının əsas hissəsi kimi prioritet olmasına dair çağırış edilir:

"Qadın hüquqlarını müdafiə edən təşkilatlar üçün təcili və çevik maliyyələşməni, qadınların səhiyyə və sosial xidmətlərə əlçatanlığını təmin etmək zəruri hesab olunur. BMT-yə üzv 146 dövlət və yeni tədbirləri dəstəklədiklərini ifadə edən müşahidəçilər qurbanların və sağ qalanların təhlükəsizliyini, onların ehtiyac duyduqları yardımı indi və gələcəkdə necə alacaqlarını təmin etməyə hədəflənən bəyanatın real nəticələrindən faydalanacaqlar. Məlumdur ki, pandemiya dövründə - insanların evdə çox qaldıqları bir vaxtda zorakılığın bu gizli forması açıq şəkildə ortaya çıxır.

Qeyd edim ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin onlayn iclaslarında da pandemiya dövründə gender böhranı ilə bağlı intensiv müzakirələr təşkil olunur. Həmin müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə dair öz mövqeyimi ifadə etmişəm. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi hər zaman prinsipial olub. Ümumiyyətlə, ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində kompleks tədbirlər yalnız pandemiya dövründə yox, hər zaman həyata keçirilir.

Bu gün, dünyanı əhatə edən pandemiyanın uzunmüddətli perspektivdə qadınların səhhətinə, onların hüquq və azadlıqlarına təsiri və bütövlükdə cəmiyyətlərə zərər verməsi haqlı olaraq narahatlıq doğurur. Müşahidələr göstərir ki, "COVID-19" gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb. Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Belə bir mürəkkəb vəziyyətdə məsələnin beynəlxalq platformalarda müzakirəsi, dünyanın ən nüfuzlu təşkilatı olan BMT tərəfindən xüsusi bəyanatın qəbul olunması təhlükənin miqyasının azaldılması yönündə töhfə ola bilər. Bu, nəticə etibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir.

Xatırladım ki, Azərbaycan pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biridir. COVID-19 böhranı şəraitində gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi olduqca vacibdir. Bu mənada, bütün dövlətlər mövcud böhranın daha da dərinləşməsinin qarşısını almaq istiqamətində çalışmalı və bu sahədə qəbul olunan hüquqi sənəd və tövsiyələrə dəstək verməlidir".