Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan edilməsi belə dəyərləndirilir
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi könüllülük hərəkatına verilən yüksək dəyər kimi şərh olunur. İl çərçivəsində keçiriləcək tədbirlər, səsləndiriləcək çağırışlar gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin yüksəlməsinə təkan verəcək, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməsinə şərait yaradacaq. Bundan əvvəl elan edilən “Gənclər İli”, “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Nəsimi ili” də tariximizə, milli-mənəvi dəyərlərimizə, keçmişimizə və bu günümüzə bağlılığımızı özündə əks etdirir.
“Könüllülər İli” bir daha dövlət siyasətinin ana xəttini təşkil edən prinsiplərin təqdimatında əhəmiyyətli rol oynayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu önə çəkərək onların dövlət idarəçiliyində irəli çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu tapşırığa uyğun olaraq müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb. Təkcə ötən il 9 mərkəzi icra hakimiyyəti orqanı və bütün yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb. Hazırda ölkəmizdə “Gənc Könüllülər”, “ASAN Könüllülər”, “BİR Tələbə-Könüllülər”, “Aqrar İnkişaf Könüllüləri”, “Miqrasiya Könüllüləri”, “Ədliyyə Könüllüləri” və sair qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı, onların əməyi yüksək qiymətləndirildi.
Ölkəmizdə könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri kimi ötən ilin dekabrında “Azərbaycan Könüllülük Həftəsi”nin keçirilməsini də qeyd etməliyik. 5 dekabr- Beynəlxalq Könüllülər Gününə təsadüf edən həmin tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu mühüm tədbir, eyni zamanda, BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qərara əsasən hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmasına Azərbaycanın dəstəyini, könüllülük hərəkatının təbliğinə böyük töhfəsini nümayiş etdirdi.
“Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.
Azərbaycan gəncliyi ölkə Prezidentinin bu çağırışlarını yüksək səviyyədə cavablandıraraq könüllülük hərəkatının genişlənməsinə dəstək olmalı, müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə töhfələr verməlidirlər.
Roya Rasimqızı, “İki sahil”