30 iyun 2020 11:04
329

Koronavirus var və aramızda dolaşır...

Hər birimiz bu acı həqiqəti qəbul etməliyik

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan əməllərin qərar qüvvəyə mindiyi gündən bir il ərzində, təkrar törədilməsinə görə isə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat məbləğində cərimələnəcəklər. 

Göründüyü kimi, koronavirusla mübarizə dönəmində cərimələrin artırılması, karantin qadağalarının sərtləşdirilməsi, SMS icazə sisteminin yenidən aktivləşməsi, yoluxma sayının artması məhz məsuliyyətsiz, virusun varlığına inanmayan və bunu qətiyyən çəkinmədən cəmiyyətə təqdim edərək özünə tərəfdaş toplayan insanların yaratdığı mənzərədir. O şəxslər ki, virusa inanmadıqları üçün nə qorundular, nə də qorudular… Vətəndaşlıq borcundan əvvəl öz insanlıq borcunu yerinə yetirməyi bacarmadılar. Belələri şəxsi məsuliyyətlərini dərk etmədiklərindən heç sosial məsuliyyətə də gərək qalmadı. Koronavirusun ciddiyə alınmamasının nəticəsidir ki, ötən həftə gündəlik yoluxma sayı 590-a qədər yüksəldi. Halbuki…

Koronavirus pandemiyasının dünyada yayıldığı ilk gündən Azərbaycanda virusa qarşı effektiv mübarizə aparılır. Dövlət başçımızın göstərişi ilə insanların sağlamlığının daim diqqətdə saxlaması məqsədilə həyata keçirilən tədbirlər virusun ciddi fəsadlar törətməsinin qarşısını alır. Bütün təhsil ocaqlarının, ictimai iaşə obyektlərinin, bir sıra xidmət sektorlarının fəaliyyətini dayandırması və işləməsi zəruri olan strukturlarda xüsusi qaydaların tətbiq olunması pandemiyanın geniş yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Bütün bunların nəticəsi idi ki, aprel ayında  yoluxma sayı ikirəqəmli idi, sağalanların sayı yoluxanları əhəmiyyətli dərəcədə üstələyirdi. Bu baxımdan da aprelin 27-dən etibarən karantin rejimi mərhələli şəkildə yumşaldıldı.  Təəssüflər olsun ki,bəzi vətəndaşlar yumşalma tədbirlərini düzgün dəyərləndirmədilər. Biganəlik, məsuliyyətsizlik və laqeydlik, son günlər daha da artan yoluxma sayı  iyunun 21-dən iyulun 5-dək  yenidən karantin rejiminin  qaydalarının sərtləşdirilməsinə gətirib çıxardı. SMS-lə icazə sistemi bərpa edildi.

Son günlər virusa yoluxanların sayı getdikcə çoxalır. Hər halda virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Ona görə də, ilk növbədə, hər kəs gigiyena qaydalarına ciddi əməl etməli, əsaslı səbəb olmadan evdən çıxmamalı, özünü və ətrafındakıları qorumaldır. Yalnız qaydalara ciddi əməl etməklə virusun geniş yoluxmasının qarşısını ala bilərik. Pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi, Operativ Qərargahın, həmçinin TƏBİB-in tələblərinə əməl olunması vacib şərtdir.

Yoluxma sayının artdığı dönəmdə insanlar mümkün qədər məsuliyyətli olmalı və üç mühüm amilə əməl etməlidir: tibbi maska taxmaq, sosial məsafənin qorunması və sanitar-gigiyena qaydalarına əməl etmək. Bunlar vətəndaşların riayət etməli olduğu ən əsas və vacib profilaktik tədbirlərdir. Onu da nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam kimi zənn etdiyimiz insanlar əslində real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır. Hər bir Azərbaycan vətəndaşı bu problemin ciddiyyətini başa düşərək lazımi qaydalara əməl etməlidir. Yaxşı haldır ki, tibbi maskanın taxılmamasına görə cərimələrin tətbiqindən sonra insanların ondan daha çox istifadə etdiyi müşahidə olunur. İnsanlar maskaları cəriməyə görə deyil, öz sağlamlığına, vətəndaşlıq borcuna, şəxsi və sosial məsuliyyətə görə taxmalıdır. Əgər insanlar maska taxmaqla özlərini və yaxınlarını virusdan qorumağı bacarsaydılar, cərimələrin də tətbiqinə ehtiyac qalmazdı. Əgər biz çox tezliklə normal həyatımıza dönmək istəyiriksə, qaydalara əməl edərək ölkədə sanitar-epidemioloji vəziyyətin normallaşmasına çalışmalıyıq.   Odur ki, hər bir kəs tibbi maska taxmaqla yanaşı, insanların çox olduğu məkanlarda, ictimai yerlərdə, ictimai nəqliyyatda, park və xiyabanlarda, market və ictimai iaşə obyektlərində sosial məsafəni mütləq qorumalıdır. Sosial məsafəni gözləsək, virusa yoluxma riskindən ilk növbədə özümüzü, həm də ailəmizi yaxınlarımızı qorumuş olarıq.

İctimai nəqliyyatdan istifadədən sonra əllərin, xüsusilə barmaq ucları və kənarlarının tibbi spirtlə təmizlənməsi vacibdir. Evə daxil olduqda heç yerə toxunmadan  ilk olaraq əllər sabunla ən azı 30 saniyə-1 dəqiqə müddətində yaxşıca yuyulmalıdır. Çöldə, insanların sıx olduğu məkanlarda əl təmasından mümkün qədər çəkinmək gərəkdir. Əlləri dezinfeksiya etmədən ağız, burun, göz və gözətrafı hissələrə vurmaq qətiyyən olmaz. Virusun yoluxma mənbəyi kimi orqanizmə ağız və burun vasitəsilə keçdiyini nəzərə alsaq, onda əllərin gigiyenasına önəm verildiyi kimi, qəbul edilən qidalara, ərzaqların da yuyulmasına, təmizliyinə xüsusi diqqət etmək lazımdır.  Lakin bəzi vətəndaşların məsuliyyətsizliyi, ictimai nəqliyyatda, insanların çox olduğu məkanlarda  tibbi maska taxmaması, sosial məsafəni qorumaması hər kəsin, xüsusilə də həkimlərin də işini çətinləşdirir. Odur ki, qoyulan qaydalara hamılıqla əməl etmək borcumuzdur.

Bütün bu  tədbirlər vətəndaşlarımızın sağlamlığı naminədir. Əgər bu zəruri tədbirlərlə yoluxma sayındakı zənciri qıra bilsək, tezliklə pandemiyanın ayağını ölkəmizdən kəsə bilərik. Dövlət pandemiya ilə mübarizədə zəruri olan mümkün addımları atır. Lakin pandemiya ilə tək dövlət yox, vətəndaşlar da lazımi səviyyədə mübarizə aparmalıdır. Hər kəs öz üzərinə düşən işi layiqincə yerinə yetirməlidir ki, sonda əldə olunan nəticə uğurlu olsun. Hazırki dönəm həqiqətən də çox kritikdir. İndi virus varmı, yoxmu deyə suallarla, şübhələrlə vaxt itirmək olmaz. Birmənalı şəkildə hər kəs anlamalıdır ki, istəsək də, istəməsək də koronavirus var və aramızda dolaşır. Hər birimiz bu acı həqiqəti qəbul etməliyik. Pandemiya ilə mübarizə dövründə vətəndaş olaraq, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalıyıq. Dünyanı cənginə almış və ölkəmizdən də yan keçməyən COVID-19 kimi bəla  üzərində qələbə çalmaq üçün bütün qüvvələr səfərbər olunub.  Bütün bunların cəm olub uğurlu nəticə əldə etməsi üçün vətəndaş məsuliyyəti xüsusi rol oynayır.  Ona görə də məsuliyyətli olaq, dövlətimizə, dövlət başçımıza, həmvətənlərimizə öz vəzifəmizi layiqli səviyyədə yerinə yetirməklə dəstək olaq. Çünki biz birlikdə güclüyük!

Yaqut Ağaşahqızı,

“İki sahil”