Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 oktyabr 2020 18:52
509

Koronavirusa yoluxmada kəskin artım

Son günlərdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə yeni  koronavirus epidemiyasına yoluxma hallarında kəskin artım müşahidə olunur. Hazırda ölkədə yoluxma sayındakı vəziyyət gərgin olaraq qalır.

Xəstələrin sayında artım yalnız paytaxtda deyil, respublikanın bir çox bölgələrində də nəzərə çarpsa da ,bunun əksinə bəzi bölgələrdə infeksiya sayında azalma da müşahidə olunur.

Koronavirusinfo.az saytında təqdim olunan statistikaya görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, daha 340 nəfər sağalıb.Oktyabrın 28- nədək isə Azərbaycanda ümumilikdə  52137 yoluxma qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 42033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı  isə 9405 nəfərdir.

Yoluxmadakı qeydə alınan bu rəqəmlər Azərbaycanda pandemiyanın bütün dövrü üçün maksimum yoluxma sayıdır. Bundan əvvəlki göstəricilərdə ən çox yoluxmuş şəxsin sayı 29 iyun-5 iyul tarixlərində qeydə alınmışdı (3900 nəfər).Ən çox ölüm sayı isə 63 nəfər olmaqla 20-26 iyul tarixlərində qeydə alınıb .

Əvvəlki həftənin (16-23 oktyabr) məlumatlarına görə, yoluxanlar ən çox Bakıda (55,7%) qeydə alınıb. Bu, bir həftə əvvəl (9-16 oktyabr) qeydə alınan saydan  0,2% azdır.Sıralamada ikinci yeri Abşeron rayonu tutur (% 14,6). Burada eyni zamanda nəzərə çarpan 0,3% azalma müşahidə olunmuşdur.Üçüncü yeri isə infeksiya sayının dəyişmədiyi Aran zonası  10,4 % tutur.Xəstəliyə yoluxanların 54% -i qadınlar, 46% -i kişilərdir. Qeyd edək ki, yoluxmuşların yaş qruplarına və cinslərə görə göstəricilərində heç bir dəyişiklik yoxdur.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır. 

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarındakı ciddi artım vətəndaşlarımızın məsuliyyət hissini artırmalı, COVID-19-la mübarizədə fəal olmaqla, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığını düşünməlidir. Çünki hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu cəhətdən hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər.Orduya dəstək olmaq istəyən hər bir vətəndaş, ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığını əsas tutaraq , özünü və yaxınlarını xəstəlikdən qorumaqla , düşmənlə mübarizəmizə  layiqli töhfəsini verə bilər.

Samirə İsmayılova, “İki sahil”