Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2018-ci ildən etibarən aparılan məqsədyönlü islahatlar dövlətin bütün idarəetmə strukturlarını əhatə etmişdir. Cənab Prezidentin dövlət və hökümət strukturlarında apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir. Bunun bariz nümunəsi kimi son dövrlərdə aparılan ciddi kadr və struktur dəyişikliklərini göstərmək olar. Belə ki, islahatlar nəticəsində dövlətçiliyimizin və xalqın rifahı naminə qarşıya qoyulan vəzifələrə əməl etməyənlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, islahatların gətirdiyi qaydalara riayət etməyənlər isə birmənalı olaraq öz cəzalarını alırlar.
Dövlət başçısı ayrı-ayrı məmurlarla keçirdiyi görüşlərdə, verdiyi tapşırıqlarında dəfələrlə Azərbaycan dövlətinin rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan etdiyini vurğulamışdır. Cənab Prezident respublikamızın yeni inkişaf mərhələsinə daxil olması fikirlərini bildirəndə isə demişdir, “Bir sıra məmurlar bundan nəticə çıxarmalı, müasir çağırışlara uyğun olaraq öz davranış və hərəkətlərində, idarəetmə sistemindəki iş qaydalarında tamamilə yeni dəyərlərə söykənməlidirlər.” Ancaq təəssüflər olsun ki, mənəviyyatını, əxlaqi dəyərlərini itirmiş bəzi məmurlar dünyanı bürüyən "COVID-19" pandemiyasından minumum itkilərlə çıxmaq işinə xidmət etmək, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə dəstək olmaq əvəzinə mənəviyyata sığmayan hərəkətlər etməklə öz çirkin əməllərindən əl çəkməmişlər.
Son vaxtlarda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkar fəaliyyəti nəticəsində üzə çıxarılan rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərini aşma əməllərinə görə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra hakimiyyətlərinin keçmiş başçılarının buraxdıqları səhvlərdən nəticə çıxarmayan növbəti məmur İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş və o da sələfləri kimi tutduğu vəzifəsindən azad edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şübhəsiz ki, bundan sonra da dövlətimizin və xalqımızın mənafeyinə xidmət etməyən, öz şəxsi mənfəətlərini üstün tutanlar hüquq-mühafizə orqanları tərəfindən lazımi şəkildə cəzalandırılacaqdır.
Prezident İlham Əliyev Kəlbəcər rayonunun yeni təyin edilmiş İcra Hakimiyyətinin başçısını videoformatda qəbul edərkən bir daha vurğulamışdır ki, xoşagəlməz hallara (rüşvətxorluq və korrupsiya) qarşı ciddi mübarizə aparılır. Dövlətimizn başçısı demişdir: “Bizim iradəmiz möhkəmdir. Heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.” Bəli, bu belədir, xalq həmişə öz Prezidentinin yanındadır və ona tamamilə arxayındır.
Dövlət başçısının apardığı düzgün siyasət sadəcə ölkə daxilində deyil, bütün dünyada ona qarşı rəğbət yaradır. Təkcə son dövrlərin ən aktual mövzusu olan koronavirus pandemiyası ilə bağlı Prezidentimizin apardığı siyasət Onun dünyadakı nüfuzunun sübutudur. Bütün dünyanın sərhədlərini bağlayaraq, ticarət əlaqələrini dayandıraraq özünə qapandığı bir dövrdə cənab İlham Əliyev bir-birinin ardınca Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi üçün təşəbbüs irəli sürmüş və onlarla ölkənin prezidentləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə belə görüşləri keçirməyə nail olmuşdur.
Dövlət başçısının apardığı siyasətin dünyada tutduğu mühüm yeri göstərən digər amil də dünya liderlərinin, aparıcı biznes, maliyyə institutlarının rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir etmələri və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndirmələridir. Qeyd olunanlara sübut kimi 28 May - Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp və bir sıra dövlətlərin rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktublarında qeyd olunanları göstərmək olar. Məktublarda Azərbaycanın dünyada ən uğurlu tərəfdaş ölkələrdən biri olduğu və ölkəmizin suverenliyinin və müstəqilliyinin dəstəkləndiyi bəyan edilmişdir. Sözügedən məktublar, eyni zamanda, dünyanın aparıcı dövlətləri ilə ölkəmizin hazırkı əlaqələrinə aydınlıq gətirərək, dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir. Bütün bu sadalananlar beynəlxalq arenalarda həm Azərbaycanın dövlət müstəqilliyinə, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ehtiramın aydın təzahürüdür.
Arzu Abdullayev,
Pirallahı rayon sakini