14 yanvar 2021 01:05
222

Leysan yağışları İzmiri cənginə alıb

Türkiyənin Mərmərə bölgəsində yağan aramsız yağış fəsadlar törətməyə davam edir.

"İki sahil" AZƏRTAC-a istinadən bildirir ki, yağan yağış səbəbindən ölkənin ən böyük şəhərlərindən olan İzmirdə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində daşqın meydana gəlib. Hadisə zamanı bölgədə olan avtomobillər və bəzi evlərin həyətyanı sahələri su altında qalıb. Bir çox evi su basıb. Bir qadını axın suları aparıb. O, ətrafdakı insanlar tərəfindən xilas edilib.

Analoji vəziyyət ölkənin bir sıra vilayətlərində də müşahidə edilib. Şəhərlərin müxtəlif bölgələrinin əsas yollarında irimiqyaslı gölməçələr yaranıb. Bu da avtomobillərin, eləcə də piyadaların hərəkətini çətinləşdirib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Qeyd edək ki, hidrometeoroloqlar tərəfindən ölkə ərazisində havanın kəskin dəyişəcəyi, güclü yağış yağacağı, mümkün sel və daşqınlarla bağlı xəbərdarlıq edilmişdi.

Yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir. Ümumiyyətlə bölgədə yanvarın 14-dən etibarən qar yağacağı gözlənilir.