10 oktyabr 2019 10:32
1143

Liderliyin özünəinam formulundan qaynaqlanan xalq məhəbbəti

Prezident İlham Əliyev diplomatik uğurları ilə bu adı qazanan nadir dövlət başçılarındandır

15 oktyabr 2003-cü ildə  keçirilən prezident seçkilərində seçicilərin 76,84 faizinin etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ulu öndər Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirməklə, onu da vurğulamışdı ki, Azərbaycanın beynəlxalq aləmdə qüdrətli, nüfuzlu dövlət kimi tanınması bütünlükdə Azərbaycan xalqının amalıdır.

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” söyləyən cənab İlham Əliyevin xalqına verdiyi vədlərdən biri də bu idi ki,  o, bu zirvədə duraraq təkcə özünü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcək.

Qətiyyətli lider kimi Azərbaycan xalqını arxasınca aparan cənab İlham Əliyev ölkənin siyasi, iqtisadi nüfuzunu möhkəmləndirməklə, ən qlobal enerji, nəqliyyat layihələri ilə bağlı təşəbbüslərini reallaşdırmaqla ölkəmizi dünya siyasətində sözünü cəsarətlə deyə biləcək səviyyəyə yüksəltdi.

Hazırda elə bir beynəlxalq təşkilat yoxdur ki, orada Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adlandırılmasın. Beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin hesabatlarında ölkəmizin adı ön sıralarda, ilk onluqda çəkilməsin. Təbii ki, bu zirvəyə yüksəlmək üçün dövlət başçısından siyasi iradə, hadisələri düzgün təhlil etmək qabiliyyəti, zamanın çağırışlarını düzgün qiymətləndirmək bacarığı tələb olunur. Xalqın inamını  2003, 2008, 2013, 2018-ci illərdə keçirilən prezident seçkilərində qazandığı  etimadı ilə doğruldan Prezident İlham Əliyevi Azərbaycan xalqı kimi, dünya siyasətçiləri, dövlət başçıları da  yenilikçi, təşəbbüskar, cəsarətli, açıqsözlü lider adlandırır, ən mötəbər tədbirlərdə onunla birlikdə olmalarından məmnunluqlarını etiraf  edirlər. Elə buna görədir ki, beynəlxalq aləmdə böyük nüfuz qazanan, hadisələrə təsir imkanları artan, dünya iqtisadiyyatına önəmli təşəbbüsləri ilə inteqrasiya edən, sivilizasiyalararası məkan kimi tanınan ölkəmizlə hesablaşır, cənab İlham Əliyevin məntiqə, arqumentlərə əsaslanan bütün çıxışları diqqətlə dinlənilir, inkişafın Azərbaycan modeli öyrənilir, uğurla tətbiq olunur.

Müstəqilliyimizin əbədiliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə siyasi iradə göstərən dövlət başçımızın uğurla davam etdirdiyi xarici siyasətdə qazandığı nailiyyətlərin tanınmış “beyin mərkəzləri” tərəfindən yüksək dəyərləndirilməsi bütünlükdə Azərbaycanın daxili və xarici siyasətinin beynəlxalq aləmdə dəstəklənməsidir.

Yeni dəyərlər sisteminin formalaşdığı, gücün ədalət əvəzinə üstün gəldiyi müasir dünyamızda hər hansı dövlətin varlığı, tanınıb, söz sahibi olması ilk növbədə o ölkəyə başçılıq edən birinci şəxsin nüfuzu ilə bağlıdır. “Heç bir kənar qüvvə, heç vaxt Azərbaycanın müstəqilliyinin qarantı kimi çıxış etməmişdir, etmir və edə bilməz” söyləyən cənab İlham Əliyev ədalətə qeyri-bərabərlik prinsipinin, düzgünlük əvəzinə riyakarlığın, yalanın dəstəkləndiyi, beynəlxalq hüququn işləmədiyi dünyamızda haqq sözünü, Azərbaycan xalqının, dövlətinin mənafeyini müdafiə etmək gücündə olduğunu göstərməklə yeri gəldikdə dost, qardaş ölkələrin də maraqları baxımından çıxış edir.

Cənab İlham Əliyevin “Bu onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və düşünülmüş siyasət və sosial ədalət” sözləri sübut edir ki,   Azərbaycan liderlik missiyasını davam etdirir.

Görülən işlər isə bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarı olan Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, bölgənin aparıcı ölkələrindən biri kimi tanıdır. Prezident İlham Əliyev cəsarətlə bildirir ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür: “Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və aparacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta təkbaşına mübarizədə də qalib gələ bilirik. Azərbaycan daha da güclü olacaq və bizim haqqımızda, ölkə haqqında yazan, o böhtanlı məqalələrin müəlliflərinə də ən gözəl cavab bizim reallıqlarımızdır, bizim işimizdir, uğurumuzdur.”

Cənab İlham Əliyevin cəsarətli, dəyişilməz mövqeyini təsdiqləyən bəzi məqamları yada salaq.

Strasburqda AŞPA-nın sessiyası çərçivəsində parlament üzvlərilə görüşündə ermənipərəst dairələrin diktəsi ilə hazırlanan qərəzli suala aydınlıq gətirən Prezident İlham Əliyevin cavabı kəskin, qətiyyətli və əsaslı oldu: “Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın.”

Cəsarətin növbəti ünvanı. Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycan hökuməti ilə ATƏT arasındakı Anlaşma memorandumuna xitam verməklə əlaqədar məsələnin müzakirəsi zamanı həqiqəti cəsarətlə diqqətə çatdıran cənab İlham Əliyev ATƏT-in ölkəmizdəki ofisinin nümayəndəsi, Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı Şahtaxtinskiyə qarşı göstərilən ədalətsizliyə münasibətini bildirdi. “Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.”

Eyni qətiyyətli mövqeyini Praqada dövlət və hökumət başçılarının iştirakı ilə  keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammitdə bildirən Prezident İlham Əliyev Ermənistanın təcavüzkarlıq siyasətinin yolverilməz olduğunu bildirməklə, işğalçı dövləti bölgə üçün təhlükə mənbəyi adlandırdı, başqaları tərəfindən idarə edilən siyasətinin, tarixinin yalan üzərində qurulduğunu iştirakçıların diqqətinə çatdırdı. Azərbaycanın əbədi dostu, qardaşı Türkiyənin əleyhinə erməni təmsilçilərinin söylədikləri yalanları tarixi faktlarla ifşa etdi.

Parisdə Fransa Şirkətlər Hərəkatının Biznes Şurasının üzvləri ilə görüşündə işğalçı dövlətin başçısının iqtisadiyyatı bərbad halda olan ölkəsini investisiya yatırmaq imkanına malik, innovasiyalar respublikası kimi təqdim etməsini ağ yalan adlandıran Prezident İlham Əliyev burada da dünyada qətiyyətli lider kimi tanındığını bildirdi: “Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan.”

Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında yenidən Azərbaycana qarşı böhtan yağdıran Ermənistanın sabiq prezidenti S.Sarkisyanın yalanlarını siyasi həyasızlığın zirvə nöqtəsi adlandıran cənab İlham Əliyev məntiqli çıxışını bu sözlərlə bitirərək siyasi iradəsini göstərdi: “Mən artıq yalanları cavablandırdım.”

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI sessiyasında iştirak edən Prezident İlham Əliyevin bütün dünya ictimaiyyətinin maraqla izlədiyi çıxışı, Ermənistanın işğalçılıq siyasətinin yolverilməz olduğunu faktlar əsasında sübut etməsi dövlət başçımızın beynəlxalq reytinqini daha yüksəklərə qaldırdı. Ermənistanın baş nazirinin siyasi savadsızlığını göstərən “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına verdiyi qətiyyətli cavabı ilə yenilməz lider olduğunu bildirdi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

Bu günlərdə məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edən cənab İlham Əliyev Soçi görüşünü bir daha xatırlatdı: “Yəni sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontr-arqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir.”

Yerevanda  keçirilən, amma Ermənistana üzqaralıq gətirən Avrasiya İqtisadi İttifaqının Zirvə görüşünü özü üçün fəxr hesab edən Paşinyanın aldığı diplomatik zərbələrdən yorulduqlarını ermənilərin özləri də etiraf edirlər. Avrasiya İqtisadi İttifaqının beş illiyi münasibətilə Qazaxıstanda keçirilən tədbirdə təşkilatda təmsil olunan dövlət başçılarının yubiley medalı ilə təltif olunması, Paşinyanın bu “şərəfə” layiq görülməməsi baş nazirin aldığı növbəti “qeyri-kafi” qiyməti idi.

Sadalanan məqamların məntiqi nəticəsi isə belədir: Ermənistandan fərqli olaraq Azərbaycanın “diplomatiyalar paytaxtı”, siyasi, iqtisadi, humanitar platforma adını qazanması, ən mötəbər tədbirlərə, simpoziumlara, forumlara, dialoqlara ev sahibliyi etməsi, dünya siyasətinin aktual problemlərinin həllinə yönəlmiş çağırışların ölkəmizdən səslənməsi, güclənən hərbi potensialımız Paşinyanın “ nöqtə”sinə “nidalar”la verilən daha tutarlı, real cavabdır.

“Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam” sözləri “Valday”ın davamı, Prezident İlham Əliyevin Paşinyan üzərində daha bir diplomatik uğuru, siyasətdə söz demək bacarığının, özünəinamın təzahürüdür. 

Xuraman İsmayılqızı, “İki sahil”