20 noyabr 2026 12:59
113

Media nümayəndələri üçün istehlakçı hüquqlarının müdafiəsi mövzusunda təlim keçirilib

 

Təlim zamanı istehlakçıların əsas hüquqları və onların müdafiəsi üsulları əyani misallarla izah olunub, bu sahədə ictimai məlumatlılığın artırılması tədbirlərinə diqqət çəkilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi vasitələri” mövzusunda təlim keçirilib. Təlimə müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın iştirakçı qatılıb.

Tədbir istehlakçı hüquqları sahəsində iştirakçıların biliklərinin artırılması və ictimaiyyətin düzgün məlumatlandırılmasında medianın rolunun gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlim çərçivəsində Agentliyin şöbə müdiri Yusif Tapdıqlı istehlakçıların əsas hüquqları, eləcə də sərbəst seçim, məlumat almaq və digər hüquqlar, lazımi keyfiyyətli qeyri-qida mallarının dəyişdirilməsi qaydaları, qüsurlu mal əldə etdikdə atılmalı addımlar və elektron ticarət zamanı diqqət edilməli məsələlərdən bəhs edib. Həmçinin istehlakçı mənafelərinin qorunması sahəsində qanunvericiliyin tələbləri və Agentliyin həyata keçirdiyi tənzimləmə tədbirləri diqqətə çatdırılıb.

Sonda media mənsublarının mövzu ilə bağlı sualları cavablandırılıb, praktiki nümunələr üzərindən izahlar verilib.