Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 15:35
301

Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək

"İki sahil" Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, Prezident İlham Əliyevin AzTV, İctimai TV, Real TV kanalarına müsahibəsi, eləcə də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Ermənistanın işğalçılıq siyasəti və sülh danışıqlarını pozması istiqamətində səsləndirdiyi bəyanatlara necə şərh verərdiniz?

- Öncə qeyd edim ki, cənab Prezident İlham Əliyevin səsləndirdiyi hər bir bəyanat, irəli sürdüyü hər bir fikir dünyaya verilən mühüm mesajlardır. Çünki Azərbaycan xüsusilə son dövrlərdə regional gücdən beynəlxalq gücə çevrilmiş ölkə statusuna sahibdir. Biz bunu ölkəmizin Qafqaz regionunda həyata keçirdiyi iqtisadi və s. layihələrin dünya əhəmiyyətli layihələrə transfer olunması ilə də göstərə bilərik. Ümumiyyətlə, Prezident İlham Əliyev cənabları tərəfindən aparılan çoxşaxəli islahatlar nəticəsində ölkəmizin söz sahibinə çevirlməsi faktı danılmazdır. Məhz bu kimi amillərin təhlillərini apararkən, dövlət başçımızın çıxış və bəyanatları dərhal dünyanın diqqət mərkəzində yer alır və bu bir reallıqdır, aksiomadır. Eləcə də, işğalçı Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçılıq siyasəti ətrafında irəli sürdüyü fikirlərinin nəticəsidir ki, bu gün beynəlxalq aləm ölkəmizin haqq və ədalətli çağırışlarını dəstəkləyir, ermənilərin vandalizmə, terrora söykənən siyasətlərini pisləyir, işğal altında qalmış torpaqlarımızın azad edilməsi tələbinə dəstək göstərirlər. Biz bunu xüsusilə Tovuz hadisələri zamanı gördük, şahidi olduq. Bu xüsusdan da təhlil aparsaq, belə nəticə hasil edə bilərik ki, BMT-də dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulayıb ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq.

Belə ki, bütün bu illər ərzində cəbhəboyu ərazilərdə yaşayan Azərbaycan əhalisi erməni vandalları, terrorçuları ilə üz-üzə dayanmağa məcbur olub. Lakin erməni hərbi birləşmələrinin cəbhəboyu mülki əhalinin yaşayış yerlərini hədəfə alması, dağıntılara, insan tələfatlarına səbəb olmasına baxmayaraq, azərbaycanlılar öz evlərini tərk etməyib, əksinə mərdlik nümayiş etdirirlər. Çünki Azərbaycan xalqı Silahlı Qüvvələrimizə inanır. Müxtəlif vaxtlarda Ermənistanın törətdiyi təxribatların qətiyyətlə qarşısının alınması, düşmənin dəfələrlə ağır itki verərək geri otuzdurulması ordumuzun gücünü göstərir. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasını gözləməyəcəyik. Bu məsələ konkret həllini tapmalıdır. Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki, torpaqlarımız işğaldan azad edilməlidir. İndi Azərbaycan öz seçimini edəcək. Biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Nəticədə, Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək.

Təəssüf və narahatçılıq hissi ilə qeyd edirəm ki, bütün dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında terrorçu yuvaları yaradıb, orada terrorçularla hərbi təlimlər və aktiv narkotik vasitələrin ticarəti həyata keçirilir. Bu da təkcə Azərbaycana deyil, bütün qonşu ölkələrə - bəşəriyyətə ciddi təhdid yaradır.

Onu da qeyd edim ki, bu gün Azərbaycan xalqı və yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənc nəsil torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsinin tərəfdarıdır. Həmçinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələrin və tədbirlərin həyata keçirilməsi yönündə maliyyə təminatının yaradılması deməyə əsas verir ki, növbəti illərdə bu faktor öz prioritetliyini saxlayacaqdır. Bizim torpaqların geri qaytarılması üçün kifayət qədər canlı qüvvəmiz, ehtiyatda olan savadlı, bilikli, hərbi-taktiki bilgiləri, səviyyələri yüksək olan zabit heyətimiz, ən müasir standartlara cavab verən hərbi-texniki təchizatımız, güclü Ordumuz var.

O cümlədən, qeyd etdiyim kimi, biz maksimum şəkildə münaqişənin sülh yolu ilə həll olunmasına çalışmışıq, ancaq göründüyü kimi, Ermənistanın mövcud “paşinyan hakimiyyəti” danışıqlar prosesinin dayanmasına səbəb olub. Bu baxımdan, əgər sabah işğalçı ölkə ağır fəsadlara səbəb olacaq vəziyyətə düşəcəksə, məsuliyyəti həmin ölkənin hərbi-siyasi rəhbərliyi daşıyacaq. Ona görə də, ümid edirik beynəlxalq hüquq Azərbaycana münasibətdə də işləyəcək və BMT qətnamələri başqa ölkələrdə yaranan problemlərlə bağlı dərhal işlək vəziyyətə gətirildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də gətirib çıxaracaq.

-Cənab general-polkovnik, son illərdə Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, hərbi sahədə də müntəzəm xarakterli və strateji əməkdaşlıq mühiti artan xətlə inkişaf edir. Sizcə bu kimi birlik və bərabərlik mühiti ölkələrimizə regionda daha hansı töhfələrini verə bilər?

- Mən öncəki müsahibə və açıqlamalarımda da vurğuladığınız məsələyə aydınlıq gətirmişəm. hesab edirəm ki, iki qardaş ölkə arasındakı sarsılmaz birlik əbədi və dönməzdir. Lakin bir daha xatırlatmalarımı edərək, suala tam təfsilatı ilə cavab vermək istərdim. Yadınızdadırsa, bir müddət əvvəl Prezident İlham Əliyev cənabları Yunanıstanın ölkəmizə təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən, bu gün də aktual olan mövzuya - Aralıq dənizinin şərq akvatoriyası ətrafındakı mübahisəli məsələyə məhz Türkiyəyə dəstək məqsədi ilə yanaşdı, qətiyyətli mövqeyini bildirdi. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi. Onu da xatırladım ki, Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub. Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən məsələ yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki vahid qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir. Çünki Türkiyə dövləti də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davamlı olaraq Azərbaycanın mövqeyinə dəstək göstərib. Son hadisələr fonunda həyata keçirilən hərbi təlimlər də bu dəstəyin illərə söykənən bariz sübutudur. Artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz.

Lakin sonrakı illərdə də ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazıldı.

Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri çox ciddi narahat edir. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu, sübut edir ki, sözügedən reallıq düşməni və düşmənə havadarlıq edən bir sıra xarici dairələri həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır. Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir.

- Yeri gəlmişkən, bugünlərdə ehtiyatda olan hərbi qulluqçuların hərbi təlimlərə cəlb edilmələri prosesinə start verilib. Həmin təlimlərin məqsəd və məramı barədə nə deyə bilərdiniz?

- Qeyd edim ki, həyata keçirilən hərbi təlimlər bir çox əhəmiyyətli məqamlara əsaslanır və eyni zamanda, mühüm hərbi əməliyyat planı olaraq orduda döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir. Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi önəm verilən məsələlərdən biri də müxtəlif təyinatlı hərbi bölmələrdə müntəzəm xarakterli təlimlərin keçirilməsidir. Bu amildən çıxış edərək deyə bilərəm ki, zəruri hallarda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin də təlimlərə cəlb edilməsi hərbi planların tərkib hissəsidir. Digər tərəfdən, ordumuzun hərbi arsenalına daxil edilən müasir silah və texnikaların, çoxsaylı hərbi təchizat mexanizmlərinin, habelə döyüş sirlərinin öyrənilməsi baxımından da ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi olduqca vacibdir. Daha dəqiq desəm, orduda insan amili nə qədər önəmlidirsə, onun silahlanması, hərbi gücü də ən vacib məqamlardandır. Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanın Cənubi Qafqazın ən güclü ordusuna sahib olması reallığı da bunu isbat edir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Ümumiyyətlə, hərbi təlimlər ehtiyatdan çağırılan hərbiçilərin - əsgərin, gizirin və zabitin həyatında çox əhəmiyyətlidir. Bu cür sınaqlar onların hərbi bacarığını təsdiqləməklə yanaşı həm döyüş ruhunu artırır, həm də hərbi vərdişləri daha da təkmilləşdirir. Azərbaycan Ordusunun şəxsi heyəti ilə birgə mütəmadi olaraq cəbhə xəttində genişmiqyaslı döyüş təlimlərinin keçirilməsi qeyd etdiyim əsaslara söykənməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında və ordunun illik döyüş hazırlığı planına müvafiq olaraq keçirilən təlimlərə müxtəlif təyinatlı döyüş bölmələri ilə yanaşı, ehtiyatda olan zabit, gizir və əsgərlərimiz də cəlb olunurlar ki, bu da döyüş ruhunun artmasına, düşmənin təlaşlanmasına, qorxuya düşməsinə səbəb olmaqdadır. Əbəs deyil ki, artıq erməni mediası və sosial şəbəkə seqmentləri ehtiyatda olan hərbçilərimizin hərbiyə çağırılmalarından böyük sarsıntı keçirdiklərini gizlətmirlər.

- Məhərrəm müəllim, buradan daha bir sual da yaranır. Ermənistan rəhbərliyinin qeyri-qanuni yollarla müxtəlif ölkələrdən muzdlu silahlıları cəlb etmələri düşmən ölkənin öz ordusuna inamının olmaması ilə əlaqələndirilə bilərmi?

- Əlbəttə ki, bu belədir. Ermənistan ordusunda baş alıb-gedən özbaşınalıqlar, əsgər ölümləri, fərarilik hallarının artması da sübut edir ki, onların orduları yalnız sənəd üzərində belə adlandırılır. Həqiqətə qalanda isə, Ermənistanın köhnə, sovet vaxtından qalan silah və texnikaları da demək olar ki, yararsız vəziyyətdədir. Onlar yalnız ara-sıra silah mafiyaları ilə iş birliklərinə gedərək müəyyən təchizatlara yiyələnməyə çalışırlar. Buna isə ordunun qlobal müasirləşməsi adını vermək doğru deyil. Təbii ki, nəinki əsgərlər, hətta zabitlər belə bu cür zəif orduda xidmət keçməkdə maraqlı deyillər. Elə də uzağa getməyərək, yaxın vaxtlarda ermənistanın etdiyi növbəti təxribat zamanı ələ keçirilmiş erməni diversiya üzvünün verdiyi müsahibəsindən görünür ki, onların ölkə rəhbərliklərinin müharibə ritorikaları qorxunun, narahatlığın əlamətləridir. Onu da nəzərə alsaq ki, bu gün Ermənistan rəhbərliyi ordularının nəinki hərbi-texniki cəhətdən, həm də canlı qüvvə baxımından təmin edə bilmirsə, bunun üçün müxtəlif Yaxın Şərq ölkələrindən muzdlu döyüşçüləri, terrorçu şəbəkələrə bağlı olan adamları qeyri-qanuni yollarla ölkələrinə transferlər edirlərsə, demək vəziyyət tam şəkildə aydınlaşır. Bu mənada deyə bilərəm ki, Azərbaycanın güclü Ordusu Qarabağın azad olunması məsələsində yalnız Ermənistanın işğalçılıq siyasətinə qarşı deyil, həm də beynəlxalq terrora qarşı anti-terror əməliyyatları keçirmək hüququna malikdir. Bu beynəlxalq hüquq normalarına tam uyğundur, qanunidir və ədalətlidir.

- Cənab general-polkovnik, Azərbaycana Dağlıq Qarabağ münaqişəsində ən çox dəstək göstərən ölkələrdən biri də dost Pakistan dövlətidir. Ümumiyyətlə, Pakistanın bu məsələdəki yeri və rolu barədə hansı fikirlərinizi bölüşərdiniz?

- Doğru buyurdunuz. Pakistan İslam Respublikası Qarabağ münaqişəsi başladıqdan sonra Türkiyə ilə yanaşı Azərbaycana ilk dəstək göstərən dövlətlərdəndir. Bu ölkə müstəqilliyimizi də ilk olaraq tanıyan dövlətlər sırasındadır. Bunun isə tarixi məqamları ilə yanaşı, mənəvi məqamları da var. Çünki Azərbaycanla Pakistan arasındakı bağlılıq özündə bir sıra mühüm, həyati sarsılmazlığı əks etdirməkdədir.

Digər tərəfdən, Azərbaycan dövləti və bu gün dünyada nüfuzu ilə seçilən Heydər Əliyev Fondu daim dost Pakistan dövlətinə, xalqına öz dəstəyini əsirgəməyib. Həmin ölkədə baş verən təbii fəlakətlər zamanında da, müxtəlif tədris müəssisələrinin tikintisində də, başqa bir sıra müvafiq məsələlərdə də Azərbaycan Pakistanın yanında olub. Pakistan dövləti də müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizə ardıcıl dəstəyini göstərib. O cümlədən, hərbi sahədə də əməkdaşlıqlarımız mövcuddur. Ən mühüm məsələ isə budur ki, dost və qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə yanaşı, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Bu siyasətin təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən - Pakistanla münasibətlərin möhkəmləndirilməsindən başlayaraq qoyulub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurlar davam etdirilməkdədir. Əbəs deyil ki, dövlətimizin başçısı “Azərbaycan bütün məsələlərdə Pakistanın yanındadır” kəlamı ilə bu birliyin möhkəm əsaslara söykəndiyini isbatlayıb. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil barədə danışarkən onu da xatırlada bilərəm ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Onu da bildirim ki, Pakistan ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları təklif edən qardaş ölkələrdəndir. Eyni zamanda, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığı yeni mərhələyə doğru yüksəldib. Statistik rəqəmlər də əldə edilən uğurlu hərbi əməkdaşlığı təsdiq edir. Belə ki, son üç ildə hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfər gerçəkləşib. Hazırkı dövrə qədər isə, 350-dən çox azərbaycanlı hərbçinin Pakistanda müxtəlif kurslarda iştirak edib.

Ölkələrimiz arasındakı görüşlər bu gün də davam edir. Sentyabrın əvvəlində Moskvaya səfəri zamanı müdafiə naziri Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüş keçirib. Görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Görüşdə digər mühüm məsələlərlə yanaşı, Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub. Bütün bunlar ölkələrimiz arasındakı münbit əməkdaşlıqların, dostluğun və qardaşlığın bariz nümunəsidir. 

Qeyd edim ki, yüksək vəzifəli dövlət məmurundan sıravi vətəndaşa qədər qardaş Pakistan Respublikasına böyük rəğbət və məhəbbət hissləri vardır. Çox məmnunuq ki, biz eyni münasibəti qarşı tərəfdən görürük.

- Məhərrəm müəllim, qayıdaq yenə işğalçı Ermənistanın təcavüzkar siyasətinə və bu dəfə erməni kilsəsinin, daha dəqiqi isə Eçmiədzinin fəaliyyətinə. Sizə elə gəlmirmi ki, qarşı tərəf bu məsələdə də Azərbaycana uduzur?

- Təəssüf ki, erməni kilsəsi heç vaxt sülh carçısı, müharibəyə qarşı çıxan tərəf kimi çıxış etməyib. Biz unutmamalıyıq ki, məhz Qarabağ münaqişəsinin yaranmasında, alovlanmasında, insanlarımızın öldürülməsində, qətlə yetirilməsində Eçmiədzin kilsəsinin rolu kifayət qədərdir. Bu barədə televiziyalarımızda arxiv kadrları bu gün də qalır. Ümumiyyətlə, Eçmiədzin kilsəsi nəinki türk dünyasına, habelə müsəlman dünyasına qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyir. Tarixən belə olub, bu gün də belədir. Nəinki bütün ermənilərin katolikosu Qaregin, eləcə də dünyanın bir çox ölkələrində yer eləmiş Eçmiədzin katolikosluğu sanki dünyaya meydan oxuyur, az qala bütün dünyanın ermənilərə məxsus olduğunu iddia edirlər, tarixi faktları inkar etməklə, yalanlarla, böhtanlarla.

Mən bir misalı da gətirmək istərdim. Livanın paytaxtı Beyrutda - ermənilərin kompakt yaşadığı Bürc Hamud adlı ərazidə baş verən və çoxsaylı insan tələfatına səbəb olan güclü partlayışdan sonra dünyanın diqqəti Yaxın Şərq regionunun geosiyasi cinahına tərəf yönəlməyə başlayıb. Bu xüsusda, Ermənistanın təlaşı daha çox qabarıq görünməkdədir. Çünki qeyd etdiyimiz kimi, partlayışın baş verdiyi ölkədə 400 minə qədər erməni yaşayır və onların əksəriyyəti məhz Bürc Hamud adlı qəsəbədə məskunlaşıblar.

Lakin məsələ yalnız bunda deyil. Daha dəqiq desək, sirr deyil ki, ermənilər tarixlər boyu təcavüzkar baxışları və işğalçılıq siyasətləri ilə dünyanın hər yerinə səpələnməklə yanaşı, həm də terror və s. bu kimi siyasi-hərbi təşkilatlanmalarını aparıb, o cümlədən, anti-türk siyasətindən çıxış edərək, yeni ərazi iddialarını reallığa çevirməkdən ötrü fəaliyyət istiqamətlərinin dinamikliyini qoruyub-saxlayıblar. Məhz belə mərkəzlərini Yaxın Şərq regionunda quran erməni lobbisinin əsas dayaq nöqtələrinən biri də Livan olub. “asala” gizli erməni terror təşkilatının, habelə “daşnaksyutunun” Yaxın Şərq qolunun təməlləri məhz Livanda qoyulub və Eçmiədzin kilsəsi bütün bunlara öz xeyir-duasını verib. Əbəs deyil ki, günü-bu gün də ermənilərin fəxrlə adlarını çəkdikləri “asala” terror təşkilatının, habelə “daşnaksyutunun” Yaxın Şərq qolunun təməlləri məhz Livanda qoyulub. Digər kiçik hərbi təşkilatlanmaların da bu ölkədə aparılması sirr deyil.

Yeri gəlmişkən, daha bir faktı da xatırlatmaq istərdim. Bu gün Livanda ermənilərin “böyük kilikiya evi” adlandırdıqları kilsə mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzə rəhbərlik edən erməni katolikosu I Aramdır. Bu, həmin Aramdır ki, “YouTube” sosial şəbəkəsində Qarabağın Ermənistana birləşdirilməsi tələbi, habelə dünyanın ermənilərə məxsus olması barədə çoxsaylı çıxışları olmuşdur.

Bunlara baxmayaraq, Azərbaycan dövlətinin apardığı uğurlu xarici diplomatiyası sayəsində Eçmiədzin kilsəsinin fəaliyyəti qarşısına keçilməz baryerlər qoyulmaqdadır.

Artıq beynəlxalq aləm bilir və dərk edir ki, dünya erməniçiliyi əvvəlki gücündə deyil və onun zəifləməsi bilavasitə Azərbaycan dövlətinin apardığı güclü diplomatik siyasəti nəticəsində baş verib. Artıq bizim gücümüz qarşısında heç bir erməni marağı dayana bilmək iqtidarında, gücündə deyil.

- Cənab general-polkovnik, dünyada COVİD-19 pandemiyası tüğyan edir və onunla mübarizədə Azərbaycan bir sıra uğurlara imza atıb. Bəs hərbi hissələrimizdə koronavirus infeksiyası ilə mübarizə istiqamətində hansı işlər görülür?

- Koronavirus infeksiyası dünya ölkələri arasında bu gün də sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətinin ardınca, uğurlu nəticələr əldə olunub. Prezident İlham Əliyevin qətiyyəti və davamlı diqqəti nəticəsində COVİD-19-la mübarizədə ardıcıl nailiyyətlərin əldə olunması da buna dəlalət edir. Lakin edilənlərlə yanaşı, demək istərdim ki, hərbi hissələrimizdə, hərbi məqsədli müxtəlif obyektlərdə də infeksiya ilə mübarizə istiqamətində çox mühüm işlər həyata keçirilib və keçirilməkdə davam edir. Xatırladım ki, Azərbaycan Ordusunun şəxsi heyətinin yeni növ koronavirus infeksiyasına yoluxmasının qarşısının alınması üçün Ali Baş Komandan cənab Preziden İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müdafiə naziri əmr imzalayıb və tədbirlər planı təsdiqləyib. Eyni zamanda, müvafiq idarələr tərəfindən koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatlar hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilib, koronavirusa qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib. Müdafiə Nazirliyinin müvafiq idarələri və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib. Azərbaycan Ordusunda yoluxucu xəstəliklərə qarşı mübarizə və onlardan qorunma ÜST-ün tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks epidemik tədbirlər kompleksi çərçivəsində aparılır. Bu tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması, yəni təsirinin minimum səviyyəsinə endirilməsi. Hərbi qulluqçular arasında qeyd olunan tədbirlər kompleksinin effektiv həyata keçirilməsi rəhbərliyin daimi tələbidir.

Bu baxımdan, qeyd etmək istərdim ki, hospitallara və tibb məntəqələrinə müraciət edən hər bir hərbi qulluqçu barədə məlumat xüsusi rabitə vasitəsi ilə dərhal rəhbərliyə məruzə olunur, eyni zamanda çevik, adekvat, profilaktik və diaqnostik müalicə tədbirləri görülür. Bununla yanaşı Silahlı Qüvvələrdə baş vermiş bu kimi hallar barədə dərhal Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinə məlumat verilir.

Məhz, cənab Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddiliyi və tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində hal-hazırda hərbi qulluqçularımızın sağlamlığı kifayət qədər yüksək səviyyədə təmin olunur. Nəticədə tibbi hərbi hissə və müəssisələr ciddi əks epidemik iş şəraitində fəaliyyətə hazırlanıb, xəstələrin təcridi üçün müvafiq bokslar yaradılıb, onlar lazımi avadanlıqlarla təchiz edilib, tibb heyəti təlimatlandırılıb. Şəxsi heyət fərdi mühafizə vasitələri ilə təchiz olunub. Hospital və poliklinikalar həkim-infeksionistlərlə komplektləşdirililərək

fəaliyyətlərini davam etdirirlər. Məhz aparılan önləyici tədbirlər, əldə edilən nəticələr də göstərir ki, Azərbaycan Ordusunda yoluxma halları qeydə alınmayıb və həmin istiqamətdə həyata keçirilən tədbirlər hazırda uğurla davam etdirilməkdədir. Hesab edirəm ki, bütövlükdə Azərbaycan dövlətinin qazandığı uğurlar artıq bütün dünyaya bir örnək və nümunədir.

- Cənab general-polkovnik, geniş və ətraflı müsahibəniz üçün çox sağ olun.

- Siz də sağ olun, minnətdaram.