17 may 2019 16:56
1458

Mərkəzi Bankda tələbələr üçün seminar təşkil olunub

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Mərkəzi Bankında (AMB) "MasterCard" beynəlxalaq kart təşkilatının sahəvi ekspertləri tərəfindən İqtisad Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri üçün seminar keçirilib.

Bankdan bildirilib ki, "Müasir ödəniş imkanları" mövzusunda təşkil edilən seminarda rəqəmsal ödənişlər sahəsində ən son innovasiyalar, trendlər, inkişaf etmiş ölkələrin təcrübələri və fintexlərin mahiyyəti barədə tələbələrə geniş məlumat verilib. Eyni zamanda, ən son texnoloji innovasiyalar əsasında maliyyə xidmətlərinin göstərilməsi üsulları, ödəniş məkanına daxil olmuş yeni iştirakçılar, NFC texnologiyalarına əsaslanan mobil ödənişlər, QR kod ödənişləri, onlardan istifadə imkanları, həmçinin bu sahədə yaranacaq risklər və onların aradan qaldırılması yolları ilə bağlı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Seminarda, həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilib və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanıb.

Qeyd edək ki, Mərkəzi Bank "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.