26 iyul 2020 11:31
732

Microsoft Windows 10-un dizaynında bəzi dəyişikliklər edəcək

Microsoft şirkəti Windows 10 əməliyyat sistemini təkmilləşdirməyə davam edir. Bundan əvvəlki 3 yenilənmə paketində (1903, 1909 və 2004) şirkət Windows 10-un stabilliyini və performansını artırmağa fokuslanmışdı. İndi isə son sızdırılan məlumatlara görə şirkət dizayn ilə bağlı dəyişikliklərə başlamaq istəyir.

Modern File Explorer (Müasir Fayl Meneceri) adlandırılan bu dizayn konsept videolardakına bənzəsə də realdır. Anlaşılan Microsoft konsept dizaynlarda olan bəzi stilləri əlavə etməyə qərar verib. Qeyd edək ki, bu şəkil Microsoft tərəfindən paylaşılıb. Bu səbəbdən bu dizaynın təsdiqləndiyindən əmin ola bilərik. Çox güman ki, bu ilin 2-ci yarısında yayımlanan yenilənmə paketi ilə istifadəyə veriləcək.

Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin Start menyusunda Axtarış hissəsində və digər açılan menyularda daha oval kənarlara malik pəncərə stilinə keçid edəcək. Bu sizə tanış gəldi? Bəli. Windows 7 əməliyyat sistemi tamamilə oval dizayna malik Aero stilindən istifadə edirdi. Windows 8-dən etibarən şirkət sərt künclərə malik yeni Fluent Design adını verdiyi stilə keçmişdi və bu çox da bəyənilməmişdi. İndi isə iddialara görə şirkət təkrar Windows 7-nin Aero dizaynını geri gətirməyə çalışır. Ümid edirik ki, bu reallaşar. Windows 7-də istifadə etdiyimiz Aero dizayn gözə çox xoş gəlirdi.