09 yanvar 2020 15:50
677

Misir “Bir kəmər, bir yol” layihəsində fəal iştirak edəcək

Misir Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsində fəal iştirak etməklə istər Süveyş kanalı, istərsə də digər yol və limanları Böyük İpək yolu çərçivəsində inkişaf etdirəcək. AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikri Qahirədə səfərdə olan Çinin Xarici İşlər naziri Van Yinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi söyləyib.

Çinli nazir qeyd edib ki, rəsmi Pekin Yaxın Şərq və Afrika ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün Misirlə əlaqələrə strateji əhəmiyyət verir. O, buna misal olaraq regiona səfərinin məhz Qahirədən başlanmasını göstərib. Van Yi əlavə edib ki, Çin gələcəkdə də Misir iqtisadiyyatına sərmayə qoyuluşunu davam etdirəcək, Süveyş kanalının azad ticarət zonasına çevrilməsinə dəstək verəcək. Nazir vurğulayıb ki, 150 ölkənin qoşulması nəzərdə tutulan “Bir kəmər, bir yol” layihəsi Qahirə ilə ikitərəfli əməkdaşlığa güclü təkan verəcək.

Misir Prezidenti çinli turistlərin onun ölkəsinə axınında maraqlı olduğunu qeyd edib, Çinin şirkətləri üçün dövlət tərəfindən hər cür şərait yaradılacağını vurğulayıb.

Yanvarın 9-da Qahirədə Çinin Xarici İşlər naziri Van Yi misirli həmkarı Sameh Şükri ilə keçirdiyi görüş və mətbuat konfransında da Yaxın Şərq və Afrika ölkələrinin “Bir kəmər, bir yol” layihəsində iştirakının əhəmiyyətini vurğulayıb. Bundan başqa, tərəflər ekstremizm və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın zəruriliyini də qeyd ediblər.