“Ermənistanın və bu ölkənin baş naziri N.Paşinyanın nüfuzu sürətlə aşağı düşür. Artıq beynəlxalq maliyyə təşkilatları işğalçı ölkəyə investisiya yatırmaqdan boyun qaçırırlar. Səbəblərdən biri isə budur ki, erməni xalqı hazırkı Ermənistan hakimiyyətini dəstəkləmir”. Bu fikri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ötən gün keçirdiyi ənənəvi aylıq mətbuat konfransında bildirdi.
Ötən ayın ictimai-siyasi proseslərini şərh edən politoloq M.Əhmədoğlu söylədi ki, N.Paşinyanın dövründə Ermənistanda antirusiyaçılıq yeni mərhələyə qalxıb: “Gümrü hərbi bazasına qarşı artıq sanksiya, vergi cərimələri tətbiq olunur. “Qazprom”a qarşı Ermənistan hökumətinin təzyiqləri hazırda da davam edir. Belə ki, N.Paşinyan hakimiyyətə yeni gəldiyi vaxtlardan etibarən Rusiyaya məxsus olan bir sıra iri şirkətləri, onların sahiblərini Ermənistandan uzaqlaşdırdı”.
M.Əhmədoğlunun sözlərinə görə, Amulsar qızıl yatağının istismarına icazə verilməsi məsələsi N.Paşinyanın reytinqinə ciddi zərbə oldu: “Çünki hazırda Paşinyan bu yatağın istismarına tərəfdardır. Bu məsələ aktuallaşan kimi yenidən əhali İrəvana axışdı və mitinq keçirdilər. Mitinq zamanı ciddi toqquşma baş verdi, polis bir neçə nəfəri həbs etməli oldu. Halbuki N.Paşinyanın hakimiyyətə yeni gəldiyi vaxtlarda onun ilk qərarlarından biri Amulsar qızıl yatağının istismarının dayandırılması, “Lidian” kampaniyasının fəaliyyətinin dondurulması idi. O zaman N.Paşinyanı əhali dəstəklədi. Hazırda isə Paşinyan öz mövqeyini dəyişmək üçün hətta Amulsara gedərək qapı-qapı camaatla görüşüb söhbətlər aparsa da, uydurma arqumentlərlə qızıl yatağının istismara verilməsini izah etsə də əhali mövqeyindən geri çəkilmir. Erməni xalqı N.Paşinyanı dövlətə xəyanətdə ittiham edir. Ekspertlər isə Paşinyanı öz yaratdığı kələfdə dolaşıq düşməkdə qınadılar. Beləliklə, Paşinyanın vaxtilə dediyi fikirlər hazırda onun özünün əleyhinə çevrilir”.
Politoloqun sözlərinə görə, Rusiya səfiri tərəfindən çox mühüm addım atıldı: “Belə ki, Rusiyanın Ermənistandakı səfiri S.Kopırkin istirahətini ailəsi ilə birlikdə Cermukda keçirdi. O, Cermukun çox böyük turizm potensialı olduğunu vurğuladı. Bu, Paşinyana mesaj idi ki, Qərbin layihəsi olan “Lidian” dayanmalı, Cermuk və Amulsar yatağı ətrafındakı ərazilər turizm zonasına çevrilməlidir. Daşnaksütyun partiyasının fikrincə isə, Amulsar məsələsi referendumla həll edilməlidir”.
Cavid Əkbərov,
“İki sahil”