18 dekabr 2019 20:38
7028

Müsəlmanlar Cümə gününü müqəddəs hesab edirlər

Maraqlıdır ki, niyə bu gün möminlər tərəfindən bu qədər seçilir?

“Cümə” sözü ərəb dilində “toplanmaq” mənasını verir. Bu gün həftənin ən yaxşı günü sayılır. İslam ölkələrində “Cümə günü” qeyri-iş günüdür və insanlar bu müqəddəs gündə məscidlərə toplaşaraq namaz qılırlar. Müsəlmanların  müqəddəs kitabı olan “ Qurani- Kərim”də “Cümə günü” haqqında deyilir ki, bu gün Günəşin üzərinə doğduğu ən xeyirli gündür, bu gün Adəmin yer üzünə endirildiyi günüdür. Qiyamət günü də  məhz həmin o gün olacaqdır.  Başqa bir hədisdə isə deyilir ki,  “Cümə günü”ndə  elə bir  saat var ki, müsəlmanın namaz qılarkən duaları qəbul olunur.

“Quran - Kərim” sürələrindən birində deyilir ki, Allah müsəlmanları ticarət və digər fəaliyyətlərdən imtina etməyə və toplu şəkildə Cümə namazı qılmağa çağırmışdır. Kişilər bütün işlərini unutmalı və məscidə getməlidirlər. Bunu nə qədər tez etsələr, bir o qədər çox mükafat alacaqlar.

Cümə günü bolluq günü adlanır. Bu gündə Allah bütün müsəlmanlara ən yaxşı nemətləri verir və edilən bütün duaları qəbul edir.

Müsəlmanlar Cümə gününü necə qarşılayırlar? Müsəlmanlar bu müqəddəs gündə bacardıqları qədər yaxşı işlər görməlidirlər, doğmaları (xüsusən valideynləri) sevindirməli, xəstələrə baş çəkməli, yaxınlarının  məzarlarını ziyarət etməlidirlər. Bundan əlavə, mümkün qədər tez-tez  Məhəmməd Peyğəmbəri (s.ə.s) xatırlamaq və xeyir-dua vermək lazımdır. Hədisdə belə deyilir: “Həftənin ən dəyərli günü Cümədir, bu gün mənə xeyir-dualar edin, çünki etdiyiniz dualar mənə çatır”.

Hər bir ölkədə həftənin bir günü tətil günü olur və bu bir günün olmağı zəruridir. İslam dini bizi məcbur etmir ki, mütləq Cümə günü səhərdən axşama qədər tətil etməliyik. “Cümə” surəsində deyilir ki, insanlar namazdan sonra öz işlərinə qayıda bilər və öz peşələri ilə məşğul ola bilərlər. Eyni zamanda, dinimiz buyurur ki, əgər bu günü tətil edərək, ibadət etsən, bu günün savabı başqa günlərdən daha çoxdur. Hər bir halda Cümə  bütün müsəlmanların ehtiram qoyduğu bir gündür və bir mömün üçün Cümə günü bir bayram sayılır. Peyğəmbərimizin sözlərinə görə, hər kim iman üzündən və İlahi savaba çatmaq üçün Cümə namazına gedərsə, o insanin əməlləri  başdan başlayar.

Samirə Tağıyeva, “İki sahil”