“Milli Şura”nın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir”
Hüquqşünas Namizəd Səfərov “Milli Şura”dan istefa verib.
“İki sahil” “Report”a istinadən xəbər verir ki, N.Səfərov istefasının səbəbini “Milli Şura”nın videokonfranslarının internetdə yayılan videoları ilə bağlı olduğunu bildirib: “Milli Şura”nın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.
O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin “Milli Şura” tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək istefa verir.
Qeyd edək ki, nalayiq ifadələrin də yer aldığı sözgedən videonun yayılmasından sonra “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı da “Milli Şura”dan istefa veriblər.