21 fevral 2020 19:21
1048

Narkomaniyaya qarşı mübarizə əməli nəticələr verir

Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Vaxtilə bu problemə lazımi diqqət yetirilməməsi, onun ictimai təhlükəliliyinin düzgün qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında geniş yayılaraq, cəmiyyəti  dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır.

Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. Yeniyetməlik bütün yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Valideyn himayəsindən müstəqilliyə keçid şəxsiyyətin zəif tərəflərini açır, onu zərərli adətlərə (siqaret çəkmə, alkoqol, toksikomaniya və s.) meylin təsiri altına salır. Narkomaniyaya meylin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində əhəmiyyətli dəyişikliklər baş verir. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqənin və  bilavasitə asılılığın olması artıq heç kimdə şübhə doğurmur. Aparılan araşdırmalar göstərir ki, narkomanların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyurlar.

Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərmandan sonra bu sahədə gerçəkləşdirilən fəaliyyətdə yeni mərhələ başlanmışdır. Bu Fərman əsasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur.

Sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə qəbul olunan dördüncü fəaliyyət sənədi kimi narkomaniyaya qarşı mübarizədə çox mühüm addımdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin sağlamlığının qorunması və gənclərə dövlət dəstəyi sahəsində fəaliyyətin daha da genişləndirilməsini nəzərdə tutur.

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa ötən il edilmiş  dəyişikliklər gənclərə dövlət qayğısının daha da gücləndirilməsinə yönəlmişdir.  Qanuna edilən əlavələr risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsini, aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsini və belə şəxslər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsini, onların sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsini, habelə dövlət tərəfindən bu kateqoriyaya aid gənclərin sosial adaptasiyası üçün tədbirlərin həyata keçirilməsini, o cümlədən zərərli vərdişlərə qarşı təbliğat aparılmasını və sağlam həyat tərzi ilə bağlı maarifləndirmənin həyata keçirilməsini  nəzərdə tutur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət orqanları qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı fəal mübarizə aparır, gənclər təşkilatlarının bu  prosesə cəlb edilməsinə xüsusi diqqət yetirir. Gənclər və İdman Nazirliyi bu sahədə beynəlxalq təcrübəni yaxından öyrənir, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Respublikada “Gənclər evləri”nin və Olimpiya İdman Kompleksinin fəaliyyətinə daha çox uşaq və gəncin cəlb edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq proqramlar həyata keçirilir. Təcrübə göstərir ki, narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi surətdə idmana cəlb edilməsi olduqca vacibdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri, idman zalları və meydançaları, “Gənclər evləri” gənc nəslin asudə vaxtının səmərəli təşkili prosesində yaxından iştirak edirlər.

Gənclərin zərərli vərdişlərdən qorunması məqsədilə kütləvi maarifləndirmə tədbirləri həyata keçirilir, təşviqat aksiyaları, müsabiqələr, festivallar təşkil olunur. Maarifləndirmə kampaniyaları çərçivəsində antinarkomaniya mövzusunda təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər,  müsabiqələr, festivallar keçirilir.  2019-cu ildə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Turizm və Menecment, Memarlıq və İnşaat, Kooperasiya, Dövlət Neft və Sənaye, “Odlar yurdu” universitetlərində “Həyatla oyun” narkomaniyaya qarşı maarifləndirici tamaşası nümayiş olunmuşdur. 5 apreldə Yasamal rayonunda açıq havada (Hüseyn Cavid parkında) “Gənclərin Fiziki Aktivlik Festivalı” keçirilmişdir. 10 apreldə Qaradağ və Neftçala rayonunda, 12 apreldə Şuşa və Zəngilan rayonlarının əhalisi məskunlaşan qəsəbələrdə “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici kampaniya keçirilmişdir.

Respublikamızda narkomaniyaya qarşı mübarizə əməli nəticələr verir. Bu fəaliyyət daha da dərinləşdirilməli, yeni, müasir metod və vasitələr tətbiq olunmalıdır. Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı fəaliyyətini bundan sonra daha da genişləndirməkdə qərarlıdır. 

Gənclər və İdman Nazirliyi