30 iyun 2020 11:00
1982

Naxçıvan Muxtar Respublikası ərazisində də zəngin yataqları olan gillər faydalı minerallardır

   Yer kürəsində külli miqdarda gil yataqlarına rast gəlmək mümkündür.Onlar  tərkiblərinə, rənglərinə, xassələrinə  görə bir-birindən fərqlənirlər.

   Gillər-havanın, küləyin, yağışın və digər atmosfer hadisələrinin qayalara (çöl şpatına) təsiri nəticəsində əmələ gələn  ″ yağlı″ torpağa bənzər minerallar qarışığıdır. Gillərin mineraloji tərkibində əsas rolu laylı quruluşa malik minerallar oynayır (məsələn, kaolinit, montomorillonit, qalluzit və s.) . Bu minerallarda əsas rolu müxtəlif nisbətlərdə olan silisium 4- oksid, alüminium-oksid və su oynayır.  Qeyd edilən əsas minerallardan  başqa gillərin  tərkibində  maqnezium, dəmir, sink, kobalt, fosfor, qızıl, mis, gümüş, kalsium və.s elementlərə malik komponentlər də olur.

  Gillərin  tərkibində həmçinin onu çirkləndirən bəzi minerallar da ola bilir  (məsələn, kvars, gips, dolamit, kalsit, qlankonit, limonit, maqnetit, pirit, rutil, siderit və.s)

   Gillərin rəngi onların tərkiblərinə daxil olan xromofor ( rəngverən) ionların miqdarından asılı olaraq geniş intervalda dəyişilir. Bütün gillər əsasən aşağıdakı yeddi rəngdə olurlar: ağ, mavi, yaşıl, sarı, qırmızı, boz və qəhvəyi.

Təbiətdə rast gələn gillərin əksəriyyəti boz və ya boz-qəhəyi rəngdə olur. Qara rəngli gilə çox nadir hallarda rast gəlinir.  Ağ gil kaolin adlanır və onun tərkibində əsas komponentlərlə yanaşı  sink və maqnezium da olur. Yaşıl gilin tərkibində mis, dəmir və bəzi mikroelementlər  üstünük təşkil edir ( mis  tük tökülməsinin və orqanizmin tez qocalmasınn  qarşısını alır). Sarı gil tərkibində dəmir və kaliumun zənginliyinə görə, qırmızı gil ancaq dəmirin üstün  olmasına görə fərqənir və s.

  Gillərin hər birinin özünə məxsus üstünlükləri vardır. Məsələn, ağ gil  orqanizimdən şlakların adsorbsiya edilib çıxarılmasında, antiseptik təsirinə görə digərlərinə nisbətən üstünlük təşkil edir.

  Gillərin xasasələri də bütövlükdə onların  kimyəvi və mineraloji tərkiblərindən, hissəciklərin  ölçülərindən  asılı olur. Gillər üçün  əsas və daha səciyyəvi xassələr aşağıdakılardır: su ilə qarışığı bulantı əmələ gətirir və xəmir kimi özlü olur; suda şişmək  qabiliyyətinə malik olurlar; gil xəmiri xam şəkildə ona verilən  formanı alır və qurudulduqdan sonra da mühafizə edib saxlayır; yapışdırıcı və birləşdirici xassəyə malik olurlar; müəyyən miqdarda su ilə doyduqdan sonra  suyu özündən buraxmırlar; mübadilə oluna bilən ionlara malik olurlar; uduculuq ( adsorbsiya) qabiliyyətinə malik olurlar və s.

  Gillərin qeyd edilən xassələrə malik olmaları onları praktiki baxımdan da faydalı edir. Təsadüfi deyil ki, gillərin varlığı və onlardan müxtəlif məqsədlərlə istifadənin  mümkünlüyü  insanlara hələ lap  qədim  zamanlardan  məlumdur. Gildən istifadə  nəsillərdən-nəsillərə ötürülərək müasir dövrümüzə  qədər gəlib çıxmış, getdikcə daha da genişlənmiş  və  yeni-yeni sahələri əhatə etmişdir.

  İbtidai cəmiyyətdə Yer kürəsinin  müxtəlif  bölgələrində kustarçılıq inkişaf etdikcə insanlar onun yeni-yeni imkanlarını görür və görüləcək işin texnikasının təkmilləşdirilməsində onun əhəmiyyətini başa düşürdülər. Həmin dövrlərdə əmək alətlərinin hazırlanmasında  ağac və sümükdən başqa daşdan da istifadə edilmişdir.  Əmək bölgüsünün sonrakı inkişafı dulusçuluq sənətinin meyadana çıxması və inkişafı ilə bağlı olmuşdur.  Məhz bu dövrlərdə oddan ən vacib məişət əşyalarının hazırlanmasında  istifadə edilməyə başlanmışdır. Bu isə öz növbəsində cəmiyyətin inkişafına-toplamaq, saxlamaq,  daşımaq və s üçün gildən saxsı qabların hazırlanmasına səbəb olmuşdur. Bu vaxta qədər insanların heyvan dərisindən , mədəsindən , ağacdan hazırladıqları qablarda qızdırma  əməliyyatını  hıyata keçirmələri  mümkün olmadığı halda, gildən hazırlanmış və közərdilmiş qablardan istifadə məişət əşyalarının təkminllləşməsinə güclü təkan vermişdir. Bu proses tarixin sonrakı dövrlərində də davam etmişdir və  gillərin tətbiq sahələri daha da genişlənmişdir. Müasir dövrdə gillərdən tiinti işlərində ( kərpic, sment və s. istehsalında), duluşçuluqda ( qaba və incə keramikada, oda davamlı məmulatların alınmasında) , rəssamlıqda ( yağlı boya , quaş və s. hazırlanmasında), metallurgiya sənayesində ( tökmə üsulu ilə deatalların  alınması üçün  qəliblərin hazırlanmasında),  yağların və neft məhsullarının təmizlənməsində , kağız və rezin sənayesində , keramzit və aqloporit istehsalında, buruq quyularının qazılmasında qazma  məhlulu kimi istifdə edilən  məhlulun hazırlanmasında  və s geniş istifadə edilir. Gillərin  çox geniş tətbiq sahələrindən biri də tibb və kosmetikadır (bu barədə əlavə məlumat verəcəyik).

   Bu göstərilən qısa məlumatlardan da aydın olur ki, gillər çox faydalı və əlverişli minerallardır. Dünyanın bir çox digər  bölgələri ilə yanaşı Naxçıvan MR ərazisində də gillərin müxtəlif növləri yataqlar şəklində  geniş yayılmışdır. Bu yataqlardan  Şahbuz yatağı , Naxçıvan yatağı, Babək yatağı, Dəstə yatağı,  Çeşməbasar yatağı, Kültəpə yatağı, Qabıllı yatağı rəsmi olaraq qeyd alınmışdır. Bu yataqların ümumi  ehtiyatlı 17.463.102 m3 təşkil edir. Aşağıda həmin yataqlar haqqında qısa məlumat verilir.

Şahbuz yatağı   Şahbuz şəhərindən 2 km şimal-şərqdə, Qarababa kəndinin yaxınlığında yerləşir. Yatağın çöküntüləri bozumtul və tünd-boz rəngli gil və gilcələrdən təşkil olunmuşdur. Termoqrafik analizlərin nəticələrinə görə  gil materialı hidroslyuda və montmorillonit minerallarının qarışığından ibarətdir. İncə dispers hissəciklərin miqdarına görə gilcələr kobud dispers sistemlər qrupuna aiddir. Struktur tipinə görə qumlu-alevritli tipə aid edilir. Gilin ərimə temperaturu – 1170 – 1190 0C-dir . Şahbuz yatağının ehtiyatı 973.540 m3 təşkil edir.

           Bu yatağının gilləri normal istidən qısalma və su udma qabiliyyətinə malikdir. Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. Gillərdən “100” markalı kərpic istehsalında istifadə etmək olar.

          Naxçıvan yatağı Naxçıvan şəhərindən 2,5  km şərqdə, Naxçıvan-Ordubad yolunun yaxınlığında yerləşir. Yataq geoloji quruluşca tünd-boz, çəhrayımtıl-boz rəngli gilcə, gil və qumlarla təmsil olunur.

          Faydalı qatın birinci horizont üzrə qalınlığı 1,8–2,0 m-dir. Faydalı qatın ümumi orta qalınlığı 4,0 m, örtük süxurların qalınlığı isə 0,2 m təşkil edir.  Kalsium- karbonatın miqdarı 48,8 – 22,2% arasında dəyişir. Yatağın qalıq ehtiyatı  1.513 min m3-dir .

          Babək yatağı  Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 3 km şimal-qərbdə yerləşir. Faydalı qat morfoloji cəhətdən layşəkilli olub, uzanma və düşmə istiqamətində dəyişməz qalınlığa, quruluşa və keyfiyyətə malikdir.

          Gilin kimyəvi tərkibində əsas komponetlərlə yanaşı dəmir, titan , kalsium, maqnezium, kükürd, natrium və kalium da iştirak edir.   Göründüyü kimi, gil süxurları kimyəvi tərkibinə görə sənayenin tələblərinə tam cavab verir. Alüminium oksidinin miqdarına görə gil turş , rəngləyici oksidlərin  miqdarına görə yüksək miqdarda rəngləyici oksidlər saxlayan qrupa aid edilir.

          Babək yatağının gilləri normal istidən qısalma və su udma qabiliyyətinə malik olub, mexaniki möhkəmliyi 100-dən yuxarıdır. Babək yatağının gillərinin keyfiyyət göstəriciləri Şahbuz yatağına çox yaxındır. Buna görə də bu yatağın xammalının bazası əsasında zavod şəraitində “100” markalı kərpic istehsalı mümkündür.

          Yatağın  ehtiyatları 11.150.357 m3 təşkil edir.

          Yaycı yatağı Culfa rayonunun Yaycı kəndindən 4,0 – 4,5 km şimalda yerləşir. Faydalı qat orta qalınlığı 4,6 m olan qumlu gillərdən ibarətdir. Faydalı qat həm qalınlığı (4,4 m-dən 4,8 m-dək) üzrə, həm də keyfiyyətinə görə çox dayanıqlıdır. Yatağın süxuru qumlu-alevritli və gil hissəciklərindən ibarətdir. Gilin kimyəvi tərkibində əsas komponentlərlə yanaşı dəmir,kalsium, maqnezium,kekürd, natrium və kalium da iştirak edir.  Kimyəvi analizin nəticələrinə görə Yaycı yatağının gilləri sənayenin tələblərinə tam cavab verir. Bütün keyfiyyət göstəricilərinə görə Yaycı yatağının gilləri 21-78-88 saylı sahə və 530-80 saylı Dövlət Standartlarının tələblərini tamamilə ödəyir və həmin gillərdən “100” markadan yuxarı kərpic istehsalında istifadə etmək olar. Yatağın  ehtiyatları 1,5 mln. m3 təşkil edir .

          Dəstə yatağı Ordubad rayonunun Dəstə kəndindən  1,5 km qərbdə yerləşir. Faydalı qat üfiqi yatan layşəkilli gil və gilcə süxurlarından təşkil olunmuşdur. Gilin kimyəvi tərkibində əsas komponetlərlə yanaşı dəmir, kalsium, kükürd, natrium və kalium da istiarak edir. Nəticələr Dəstə yatağının gillərinin sənayenin bütün tələblərini ödədiyini göstərir. Alüminium oksidinin miqdarına görə gil yarımturş, rəngləyici oksidlərin miqdarına görə yüksək miqdarda rəngləyici oksidlər saxlayan qrupa aid edilir. Dəstə yatağının gilləri normal istidən qısalma və su udma qabiliyyətinə malikdir. Mexaniki möhkəmliyinə görə markası 100-dən yuxarıdır. Yatağın ehtiyatları 906.405 m3 təşkil edir .

          Çeşməbasar yatağı  Naxçıvan şəhərindən 12 – 13 km cənub-şərqdə, köhnə kərpic zavodundan 8 – 9 km məsafədə, Çeşməbasar kəndinin  yaxınlığında yerləşir.  Gilin səciyyəvi xüsusiyyəti onun hər yerdə qırmızımtıl-boz rəngdə olmasıdır. Gilin tərkibində aşağıdakı minerallar: montmorillonit, hidroslyuda, kaolinit, kvars, kalsit, bəzən isə kristobolit iştirak edir.  Yatağın ehtiyatları 3.435 min m3    tşkil edir. Hazırda . yataq kərpic istehsalı məqsədilə istismar olunur.

          Kültəpə yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 14 – 15 km şimal-şərqdə, Vayxır su anbarından 7 – 8 km cənubda, Naxçıvançayın sol sahilində yerləşir. Faydalı qat layşəkilli gil və gilcə çöküntülərindən ibarət olub üfqi yatım təşkil edir. Gilcə-gil qatının müxtəlif intervallarında bozumtul rəngli qum-çınqıl  çöküntülərinə rast gəlinir. Faydalı qatın  daxilində bu cür 3 lay qeyd olunur. Tədqiqatlar göstərmişdir ki, gilcə-gil qarışığı “İ-36-66 saylı Hidrotexniki tikinti işləri üçün mineral tikinti materiallarının sınaqlaşdırılması və kəşfiyyatı üzrə təlimat”ın tələblərinə cavab verir və bənd tikintisi işlərində doldurucu xammal kimi istifadə oluna bilər. Yatağın hidrogeoloji, mühəndis-geoloji və dağ-texniki şəraiti çox əlverişlidir. Yatağın  ehtiyatları 1.146,8 min. m3 təşkil edir. Yataq istismar olunmuşdur.

          Qabıllı yatağı Kəngərli rayonunun Qabıllı kəndindən 100 m şərqdə yerləşir. Alt və Orta Sarmat çöküntülərinin görünən qalınlığı 200 – 250 metrdir. Qabıllı gili yaşılımtıl-boz, sarımtıl-boz rənglərdə olur. Bu gillərdə mübadilə olunan kationların ümumi miqdarı 100 qram süxurda 23,63 – 37,14 mq.ekv. təşkil edir. Mübadilə olunan kompleksdə əsas komponent olan maqneziumun miqdarı natriumu üstələyir. Odadavamlılığına görə bu gillər asan əriyən gillər qrupuna aid olub, ərimə temperaturu  13500C-dən aşağıdır.  Kimyəvi analizin nəticələrinə görə gillərdə silisium 4-oksidin  miqdarı yüksək olmayıb, təsnifata görə turş gillər qrupuna aiddir. Onlar yüksək miqdarda kalsium-oksid, maqnezium-oksid və rəngləyici oksidlərin (dəmir 3-oksid) olması ilə seçilir ki, bu da kalsit və dolomitin iştirak etdiyini göstərir.

          Yatağın  ehtiyatları 1.439 min m3 təşkil edir.

Muxtar respublikada çətinəriyən gillərin yataq və təzahürləri də vardır. Bunlara Pirigöl yatağını, Kükü və Batabat təzahürlərini misal göstərmək olar.                                                

Çox guman ki, Naxçıvanda keramika istehsalının çox qədim tarixə malik olmasının səbəbi də   məhz bölgədə çox zəngin gil yataqlarının olması ilə bağlı olmuşdur.   İlk keramika nümunələri neolit dövrünə gedib çıxır. Burada hazırlanan  saxsı materialları hazırlanma texnologiyası, forma və çeşid  müxtəlifliyinə görə seçilirdi. Təsadüfi deyil ki,eramızın 10-12 əsrlərində yüksək inkişaf etmiş dulusçuluq sənəti Azərbaycanın bir neçə şəhərində, xüsusilə də Naxçıvanda cəmlənmişdi (ərazidə aparılan arxeoloji qazıntılar da bunu deməyə əsas verir).

Məlumdur ki, hələ uzaq keçmişlərdən gillərdən yuyucu vasitə kimi də istifadə edilir.  Hazırda yuyucu vasitə kimi üzvi maddələr əsasında alınmış saysız – hesabsız sintetik vasitələr  mövcud olsa da,  son dövrlər bu məqsədlə  gillərə maraq yenidən artmaqdadır.

Laboratoriyamızda Qabıllı gili əsasında  qabları və saçları yumaq üçün gil poroşoku və pastası  hazırlanmışdır. Gil tüklərin dibini bərkitməklə yanaşı saçlara yumşaqlıq və parlaqlıq verir.

Muxtar respublikamızın ərazisində gillərin bu qədər zəngin yataqlara  malik olmasını , hələ orta əsrlərdən başlayaraq  bölgəmizdə  dulusçuluq sənətinin  yüksək inkişaf etdiyini  və gillərin digər çoxsaylı  faydalı xassələrə malik olduğunu ( gillərin təbabətdə istifadəsi ilə  bağlı  əlavə məlumat  verəcəyik) nəzərə alaraq  Naxçıvan  MR Ali Məclisinin sədri cənab  Vasif  Talıbov  gillərin  bir daha  ətraflı tətqiqini və onların  mümkün tətbiq sahələri ilə  bağlı təkliflər verməyimizi bir tapşırıq olaraq qarşımızda qoymuşdur.   Bunu nəzərə alaraq institutumuzun  əmkdaşları tərəfindən  aparılan tətqiqatlar  sırasına Naxçıvan  MR ərazisində geniş  yayılmış  müxtəlif gillərin  tətqiqi də  daxil edilmişdir. Yuxarıda verilən məlumatlardan da göründüyü kimi, bunun üçün öncə gillər, onların əmələ gəlməsi prosesləri, kimyəvi və mineraloji  tərkibləri, mühüm xassələri, məlum tətbiq sahələri və s. haqda lazımi  ədəbiyyat materailları  toplanmış və təhlil edilmişdir.

 Əsas tədqiqat obyekti kimi seçdiyimiz  Qabıllı yatağnın  mineral tərkibi  müəyyən edilmiş, onun dəqiq kimyəvi  tərkibinin təyin edilməsi üçün ondan Bakı şəhərində fəaliyyət göstərən  müvafiq emi-tədqiqat   İnstitutlarına nümunələr verilmiş, ilkin analizlər aparılmış, onun spectral analizi ilə bağlı əlavə məlumatlar əldə edilmişdir. Alınmış nəticlərər  ətraflı təhlil edilərək gillərin tətbiqi ilə bağlı işlərin  həyata keçirilməsi yollar aranmaqdadır.

 

Tofiq Əliyev,

AMEA NB Təbii Ehtiyatlar İnstitutunun

direktoru, AMEA-nın müxbir üzvü, professor

 

Bayram Rzayev,

AMEA NB Təbii Ehtiyatlar İnstitutunun

elmi işlər üzrə direktor müavini, kimya

elmləri doktoru

 

Əhməd Qarayev,

AMEA NB Təbii Ehtiyatlar İnstitutunun

elmi katibi,kimya elmləri namizədi, dosent