19 yanvar 2021 17:40
801

Nazim Mustafa: Artıq 20 Yanvar şəhidlərinin ruhları şaddır

İkisahil.TV-nin bugünkü qonağı tarixçi alim, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafadır

 - Nazim müəllim, tariximizin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 31 il ötür. Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz?

- 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxması Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

- Sovet imperiyasının dağılmasında bir sıra ciddi amillər rol oynayıb. Necə hesab edirsiniz, bu baxımdan 20 Yanvar hadisəsinin tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?

  -Azərbaycanda baş verən bu hərəkat həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı respublikalarda, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin «Alfa» qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan qışlasının giriş-çıxış yolları kəsilmişdi. Xalq Cəbhəsinin liberal qanadının təmsilçiləri əhaliyə dağılmağı, radikal qanadının təmsilçiləri isə müqavimət göstərməyi məsləhət görürdü. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. «Bakı əməliyyatı»na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə ünsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, «islam fundamentalistləri», «pantürkistlər» Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək və Sovet hakimiyyətini yenidən bərqərar etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadınlara, qocalara, uşaqlara, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş «Xəzərneftdonanması»nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu.

- Lakin bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı…

- Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini «Azadlıq» meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi. Yanvarın 21-də xalqımızın böyük oğlu, fərdi təqaüddə olan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Heydər Əliyev bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bütün dünya yanvarın 20-də Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə birgə apardıqları anti-Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

- Mübaliğəsiz deyərdik ki, bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır…

- Əlbəttə. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüzminlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar. Ümumxalq Hüzn Günü - hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»