Dövlətimizin başçısı İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bir daha bu bəyanatı səsləndirmişdir ki, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir
Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas prinsiplərindən biri Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit edilb. Bu qətnamələrdə təsbit olunmuş tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasıdır.
Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ölkə Prezidenti bu bəyanatı da səsləndirir ki, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
O da məlumdur ki, Ermənistanın yeni rəhbərliyi ilk gündən danışıqların formatında dəyişiklik edilməsinə, tərəf kimi qondarma rejimin də danışıqlar prosesinə qatılmasına cəhdlər etsə də Azərbaycan dövlətinin sərt münasibəti, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı bunun mümkünsüzlüyünü bir daha işğalçı dövlətə açıqladı. Dövlətimizin başçısı bildirir: “Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir.”
Münaqişənin həllində dünyanın ikili siyasətinin yaratdığı problemlər etiraf olunan reallıqlar sırasındadır. Rəsmi Bakı daim bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Bu gün dünyanın əksər ölkələrində azərbaycanlıların keçirdikləri aksiyalar həqiqətlərimizin təbliğində, diasporumuzun potensial imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Artıq ermənilər və onların havadarları bu reallığı dərk edirlər ki, Azərbaycan güclü diaspora malikdir, ən əsası real həqiqətlərə əsaslanan təbliğatın ictimai fikrə təsir imkanları daha genişdir. Bu gün, eyni zamanda Azərbaycan-Türkiyə diaspor təşkilatları öz fəallıqları ilə diqqət çəkir. “Bir millətin iki diasporu ola bilməz” söyləyən dövlətimizin başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edir ki, iki dost, qardaş ölkənin birliyi, həmrəyliyi dünyaya nümunədir. 2018-ci ildə Azərbaycan-Türkiyə birliyinin təcəssümü olan “Star” neft emalı zavodunun açılışında Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın səsləndirdiyi bəyanatları bir daha yada salmaq istərdik: “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.»
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 28 ildir dünyadan ədalət gözləyən Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi böyük nufuza və söz sahibinə malik olan bir dövlət ermənilərin dünyaya sırıdığı qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır?
XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməni qəbul etməsini, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir: «Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.»
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısının qətiyyətlə alınması, işğalçı dövlətin bundan məyusluğunu gizlətməyərək dünyanın bir çox ölkələrində azərbaycanlıların Orduya dəstək adı altında keçirdikləri aksiyalara, səfirliklərimizə hücumları, o cümlədən dünya dövlətlərinin, beynəlxalq təşkilatların hələ də kağızdan əmələ keçmək barədə düşünməmələri diqqətdən kənarda qalmadı. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Balakən rayonuna səfəri zamanı Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında da bu kimi məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir: “Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir.”
2016-cı ilin aprelində təmas xəttində yaşananları xatırlayaq. İşğalçı dövlət şəhər və kəndlərimizə hücum edərək təmas xəttində növbəti cinayəti törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, 26 mülki şəxs yaralandı, yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonunda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə ərazi azad edildi, bayrağımız həmin ərazilərdə yüksəldildi. Dövlətimizin başçısı İlham Əliyev uğurumuza söykənərək bildirir: «Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.»
Lakin işğalçı dövlət yenə də məkirli siyasətini davam etdirdi. 2017-ci ilin iyulunda Füzuli rayonuna məqsədli hücumu nəticəsində 2 dinc sakin – 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. Həmin ilin avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Qeyd etdiklərimiz təkcə son illərdə ermənilərin törətdikləri vəhşiliklərdir.
Bir vacib məqamı da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı, həmçinin 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi emənilərin əsl simasının dünyaya təqdimatında mühüm rol oynamışdır. Erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olduğu bir daha açıqlanmışdır. Həmişə olduğu kimi, dünyaya yenə də bu çağırış ünvanlandı – Ədalət əsas meyardır. Həllini gözləyən məsələlər vahid meyarın müəyyənləşdirilməsini, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasını tələb edir. Ermənistanın siyasi liderləri, disporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı yaşama, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır.
Qeyd edək ki, Yer üzərində sülhün bərqərar olunması, xalqların qardaşlıq, dostluq şəraitində yaşaması üçün təşkil olunan bütün danışıqlarda sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqət çəkən dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bildirir ki, müasir dünyamızın əsas çağırışları əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, vahid mövqenin ortaya qoyulmasını bir zərurətə çevirir. Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının uzvü kimi sədrlik etdiyi iclaslarda da terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlərdən geniş bəhs edən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavuzkar separatizm, ekstremizim və mütəşəkkil cinayətkarlığa bağlılığı var. Bu fakt da ən yüksək tribunalardan bəyan edilir ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı törətdiyi terror aktları nəticəsində 2 mindən artıq dinc əhali qətlə yetirilmiş, həmin vəhşiliyin kulminasiya nöqtəsi olan Xocalı şəhəri bir gecədə dağıdılmış, bütün əhalisi məhv edilmiş, insanlar diri-diri basdırılmış, yandırılmışdır. «Beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya edilib» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, ermənilərin soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində ermənilərin nəzarətində olan Azərbaycanın işğal olunmuş əraziləri terrorçuluqla bərabər separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir.
Son hadisələr Azərbaycana beynəlxalq dəstəyin nə qədər güclü olduğunu təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir: «Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.»
Ölkə Prezidenti, eyni zamanda, bu məqama diqqət yönəldir ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil: «Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir.» Göründüyü kimi, Ermənistan qəbuledilməz şərtlər irəli sürməklə danışıqlar prosesini uzatmaq, ən əsası danışıqların formatını dəyişdirmək istəyir. Ölkə Prezidenti işğalçı dövlətə bu mesajı ünvanlayır: «Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir.»
Yeganə Əliyeva, «İki sahil»