06 noyabr 2019 19:50
2112

“Neft Daşları” taleyimin bir hissəsidir

“Neft Daşları” xatirimdə uşaqlıq illərimin arzusudur - əfsanəsidir. Bu arzular məni Bakıya gətirdi, mənimlə birgə ali məktəbə qəbul ounldu - birgə addımladıq.

Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) V kursunda oxuyarkən təsadüf elə gətirdi ki, diplom işim “Neft Daşları” yatağı ilə bağlı oldu. 1992-ci ilin əvvəllərində bir neçə dəfə “Neft Daşları” Neftqazçıxarma İdarəsində (NQÇİ) oldum, mənə göstərilən səmimi və isti münasibət neft sənayesinə olan məhəbbətimi daha da artırdı.

Aldığım təhsil ilə “Neft Daşları”nda keçdiyim təcrübə diplomu əla qiymətlə müdafiə etməkdə böyük rol oynadı. Təhsilimi bitirdikdən sonra gənc mütəxəssis kimi “28 May” NQÇİ-yə təyinat aldım. Əmək fəaliyyətimə “28 May” NQÇİ-nin “Günəşli” yatağının dərin dəniz özüllərindən (DDÖ) başlasam da, yenə arzularımla bir yerdə idim - sanki “Neft Daşları”nda işləyirdim.

“Günəşli” yatağından hasil olunan neft və qaz həcmlərinin “Neft Daşları”nın infrastrukturu vasitəsilə sahilə nəql olunması, eləcə də “Neft Daşları” elektrik enerjisi ilə “Günəşli” yatağının DDÖ-lərini (həmçinin obyektlərini) fasiləsiz təmin etməsi və digər əlaqələr biri-birindən ayrılmaz tellərlə bağlı olduğunu deməyə əsas verir.

“Günəşli” yatağında işlədiyim dövrdə hər dəfə işə gəlib-gedərkən hava nəqliyyatından “Neft Daşları”nı seyr edir və “Günəşli” yatağının DDÖ-lərini, “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarının estakada və meydançalarını və Çılov adasını bir sıraya düzülmüş vahid təşkilatın obyektləri kimi təsvir edirdim. 2008-2010-cu illərdə “28 May” NQÇİ-nın Neftin, qazın çıxarılması, hazırlanması, təhvili və nəqli üzrə istehsalat şöbəsinin rəisi işlədiyim dövrdə “28 May” NQÇİ-nın “Neft Daşları” sahəsində yerləşən obyektlərində tez-tez olmağım, burada aparılan texnoloji prosesləri və kommunikasiya sistemini qısa zamanda öyrənməyə imkan verdi. Hansı ki, bu da 2010-cu ilin sonlarında “Neft Daşları” NQÇİ-yə Baş mühəndis təyin olunduğum dövrdə mənə böyük yardımçı oldu.

18 ildən artıq “28 May” NQÇİ-də işlədim - təcrübə topladım. Bundan sonra tale məni arzuma qovuşdurdu. “Neft Daşları” NQÇİ-yə baş mühəndis təyin edildim. “Neft Daşları”nda işlədiyim dövrdə əsas etibarilə istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət olunması, ətraf mühitin qorunması, işçilərə sağlam iş şəraitinin yaradılması kimi məsələlərin həllinə daha çox diqqət və vaxt ayırdım, qarşıya qoyulan plan və tapşırıqların yerinə yetirilməsi istiqamətində əzmkar fəaliyyət göstərməkdə davam etdim. Bilavasitə qaz-lift quyularının işçi agentə (qaza) olan tələbatının fasiləsizliyinin təmin olunması istiqamətində 1887 saylı stasionar dəniz özülündə və 516 saylı estkadayanı meydançada, həmçinin soyuq fəsillərdə Qaz-turbin elektrik stansiyasının yanacaq qazının qızdırılması üçün qazqızdığıcı sistemin quraşdırlması, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft və qaz yataqlarlarının abadlaşdırılması şöbəsi ilə birlikdə neftin və qazın yığım sisteminin təkmilləşdirilməsi, kəmərlər üzərində olan siyirtmələrin qulluq meydançalarının təhlükəsizlik tələblərinə uyğun yenidən qurulması, alçaq təzyiqli qazın yığılmasında istifadə olunan NQK-7 tipli kompressorların üzərində istehsalçı müəssisənin mütəxəssiləri ilə aparılan birgə tədbir sahəsində məhsuldarlığın artırılması, avadanlıq və qurğuların istismar təlimatlarının yenidən hazırlanması və s. kimi işləri qeyd etmək olar.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Neft Daşları”nın coxillik fəaliyyəti onu doğrudan da neft məktəbinə çevirmişdir. Orada işlədiyim müddətdə mən onu hiss etdim və qürur duydum ki, dünya şöhrətli korifeylər yetişdirən bu məktəbdə mən də təhsil aldım, onun məzunlarından biri oldum. “Neft Daşları” NQÇİ-də fəaliyyətim müddətində əldə etdiyim nailiyyətlərim SOCAR rəhbərliyinin diqqətindən kənarda qalmadı. Mənə böyük etimad göstərilərək 2012-ci ilin aprel ayından SOCAR-ın Baş ofisinin Neft və qaz hasilatı şöbəsinin rəisi vəzifəsinə təyin olundum. Keçən bu müddət ərzində biz hər vaxt digər sahələrdə olduğu kimi, “Neft Daşları” NQÇİ-də də gedən proses və əməliyyatları xüsusi olaraq diqqətdə saxlayır, lazımı kömək və dəstəyi göstəririk.

“Neft Daşları”nın 70 illiyi münasibətilə bütün neftçilərimizi təbrik edirəm!

Kamil Mehdiyev,
SOCAR-ın Baş ofisinin Neft və qaz hasılatı şöbəsinin rəisi