17 yanvar 2020 16:53
4281

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda humanitar aksiya FOTO

İnstitut əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında fəal iştirak etdilər

SOCAR respublikada bir çox layihə və proqramların, humanist aksiyaların ən fəal iştirakçılarındandır. Ölkənin hərtərəfli inkişafında böyük əməyi olan SOCAR hər dəfə həyata keçirdiyi humanitar layihələrlə nəinki neftçilərin, peşəsindən asılı olmayaraq ehtiyacı olan hər bir kəsin qayğısına qaldığını nümayiş etdirir. Dövlət Neft Şirkətinin müəssisələrində talassemiyadan əziyyət çəkən uşaqlara humanitar yardımla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən aksiyalar öz müsbət nəticəsini verməkdədir.

Ötən gün isə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda qanvermə aksiyası keçirildi. Səhər saatlarında başlanan aksiyaya bir çox insan qoşulmuşdu. İlk olaraq «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov qan verdi.

Aksiya barədə məlumat verən «Neftqazelmitədqiqatlayihə» İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Esmira Axundova qeyd etdi ki, SOCAR-ın əksər idarə və təşkilatları bu aksiyaya qoşulublar: “Kampaniyanın məqsədi neftçilər arasında bu xəstəliyə diqqətin artırılması, onun qarşısının alınmasında iştirak etmək, talassemiyadan əziyyət çəkən uşaqlara köməklik göstərməkdir. "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən bu humanist aksiyada isə 150-dən çox neftçi qan verdi.”

Tədbirdə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası donorlara xidmət edirdi.

İnstitutun İqtisadiyyat və Uçot Departamentinin rəisi, baş mühasib Knyaz İbrahimov, Məxfi rejim və səfərbərlik şöbəsinin rəisi Ofelya Hüseynova, Texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev, institut direktorunun köməkçisi Telman Əlirzayev, Geofizika Departamentinin müdiri Hafiz Şəkərov, böyük mühəndislər İlham Quliyev, Famil Bayramov, layihənin baş mühəndisi Ramil Dadaşov, mühəndis Mirzə Qurbanov, elmi işçi Vasif Cəbrayılzadə, mühəndis Arzu Mustafayeva və digərləri qanvermə aksiyasına fəal qoşularaq bu kimi kampaniyaların davamlı keçirilməsinin vacibliyini vurğuladılar.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto)
, «İki sahil»