Neft geofizikasının inkişaf perspektivləri

24 oktyabr 2018 14:23
4252

SOCAR-ın Geofizika və Geologiya İdarəsində neft geofizikasının gələcəyinə həsr olunmuş seminar keçirilib

Neft sənayesində kəşfiyyat və mədən geofiziki tədqiqatların rolu həmişə yüksək qiymətləndirilir. Bu gün respublika iqtisadiyyatının əsas sütunlarından birinə çevrilmiş neftçıxarma prosesində geofizikanın adı böyük ehtiramla çəkilir.

İşlənmədə olan onlarla neft və qaz yataqlarının (o cümlədən “Azəri-Çıraq- Günəşli”, “Şahdəniz” də daxil olmaqla) strukturları məhz seysmik kəşfiyyatla açılıb, yataqların kəsilişi, kollektorları və neft-qazlılıqları quyu geofiziki tədqiqatları ilə öyrənilib. Həmin proses indi də davam edir və gələcəkdə də davam edəcək. Lakin son zamanlar respublikada kəşfiyyat işlərinin aparıldığı ərazilərdə geoloji şəraitin mürəkkəbliyi və dərinliklərin kəskin surətdə artması, yeni tipli neft kollektorlarının meydana çıxması ilə əlaqədar geofiziki tədqiqatların effektliyinin daha da artırılması zərurəti yaranıb. Qeyri-antiklinal tipli tələlərin, mürəkkəb quruluşlu dağətəyi rayonların (Acınohur, Mərkəzi və Şimali Qobustan və s.) dəqiq öyrənilməsi və neftqazlılığın qiymətləndirilməsi problemləri də gündəmdə duran məsələlərdəndir. Bu problemlərin bir çoxunun respublika və beynəlxalq miqyaslı forumlarda müzakirə edilməsinə baxmayaraq, məqsədyönlü tədbirlərin hazırlanması da səmərəli olardı.

Bu məsələlərlə əlaqədar olaraq, oktyabrın 23-də SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ), Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin (AMGK İB) və “Azərbaycanda geofizika yenilikləri” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda neft geofizikasının inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Seminarın işində respublikanın 50-dən çox aparıcı geofizik və geoloq, alim və mütəxəssisləri, bir sıra xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə GGİ-nin rəisi Elçin Şirinov açaraq, son illər ərzində Geofizika və Geologiya İdarəsinin əldə etdiyi nailiyyətlərdən və mövcud problemlərdən danışaraq qonaqlara səmərəli iş və uğurlar arzulayıb.

Seminarın işində SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidentinin müşaviri Elçin Bağırov, SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov, akademiklər Pərviz Məmmədov, Əkbər Feyzullayev, aparıcı alim və mütəxəssislərdən Şahvələd Köçərli, Novruz Əhmədov, Əli Novruzov, Hafiz Şəkərov, Kazım Həşimov, Rəhman Məmmədov, Akif Əhmədov, Hümbət Vəliyev və başqaları çıxış edərək  əməli təkliflər irəli sürüblər.

Seminarda, həmçinin Əkbər Feyzullayev, Elçin Şirinov, Şahvələd Köçərli “Geofiziki tədqiqatlar qarşısında qoyulan əsas geoloji məsələlər”, Pərviz Məmmədov “Seysmik tədqiqatların inkişaf perspektivləri”, Rəhman Məmmədov “Kəşfiyyat geofizikası - problemlər və onların həlli yolları”, Sərvan Mənsurov, Möhlət Lətifov, Kazım Həşimov “Quyu geofiziki tədqiqatlarının inkişaf perspektivləri”, Azad Rzayev, Elçin Həsənov, Vüqar Hüseynov “Mühəndisi geoloji və geofiziki tədqiqatlar - gələcəyə bir baxış”, Akif Əhmədov, Hümbət Vəliyev “Azərbaycanda regional profillərin işlənmə zərurəti haqqında”, Əli Novruzov, Hafiz Şəkərov, Vaqif Qədirov “Neft-qaz yataqlarının axtarışında səmərəli geofiziki üsulların tətbiqi barədə”, Novruz Əhmədov “Seysmik kəşfiyyatın yeni imkanları haqqında” və digər mövzularda çıxışlar ediblər.

Orxan Vahidoğlu, “İki sahil”