28 fevral 2018 14:48
3068

Azərbaycan mətbuatı 1918-ci ilin Mart soyqırımı günlərində

Xalqımızın qəddar düşməni,   Bakı kommunasının rəhbəri Stepan Şaumyan başda olmaqla  bolşeviklər və daşnaklar planlaşdırmışdılar ki, Bakıda qırğınlara  başlayan kimi informasiya blokadası yaradılmalı , dünya xalqları bu hadisələrdən dərhal xəbər tutmamalı və beləliklə də törədilən cinayətlərin izləri silinməlidir. Ona görə də Mart soyqırımında  o zaman az sayda olan Azərbaycan milli mətbuat orqanları, mətbəələr, jurnal redaksiyaları və  jumalistlər hədəfə alındılar.  Ancaq hər şey heç də düşmənlərimizin planlaşdırdıqları kimi olmadı.

1918-ci ilin Mart soyqırımınadək Azərbaycanda 20-dən artıq Azərbaycandili mətbuat orqanlarının  fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat orqanlarının  nəşri qadağan olundu.  “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və bəzi  başqa Azərbaycandilli qəzetlərin son sayları soyqırımından bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf  edir.

Bakı  Sovetinin sədri Stepan Şaumyanın əmri və Mətbuat Bürosunun qərarı ilə “Mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına  görə”,  hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku”, menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan Azərbaycandilli mətbuat orqanlarını çıxmaq şərti  ilə,  Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-nə,  yəni Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.

O zaman daha çox populyar olan “Azərbaycan” qəzeti Mart soyqırımını geniş işıqlandıran bir mətbu orqan idi. Bakı azad ediləndən sonra qəzet saylarından birində “Kaspi” qəzetinin reaksiya binasının yandırılmasını təsvir edən şəkil və məlumat dərc etmişdi.

“Azərbaycan” qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında “Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazırdı:

“Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar.”    

Martın 17-də Bakıya xəbər çatır ki Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. “Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub.”      

“Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdılar. Vəziyyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: “Şamaxı  şəhəri bütünlüklə yandırılıb”.

1918-ci il sentyabrın 15-də  Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusu bolşevik-daşnak qoşunlarını darmadağın edib Bakıya daxil olandan sonra Azərbaycan milli mətbuatı öz fəaliyyətini yenidən canlandırdı.

Vəli İlyasov, “İki sahil”