01 dekabr 2017 14:27
2128

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir

1959-cu il Zairdə (Konqo Demokratik Respublikası) tibbə hələ məlum olmayan xəstəlikdən ölən xəstənin qanını donduraraq saxlayırlar. Sonradan məlum olur ki, həmin şəxs qazanılmış immunçatışmazlığı virusundan (QİÇS) vəfat edibmiş. Elə həmin ildə ingilis şəhəri Mançesterdə tez-tez Afrikada olan dənizçi yenə tibb aləminə tanış olmayan virusdan dünyasını dəyişir. Onun isə qan nümunəsi götürülmədiyi üçün şəxsin hansı xəstəlikdən vəfat etməsi bilinməyib. Lakin ehtimal olunur ki, elə o da QİÇS-ə yoluxubmuş.

1981-ci ildə QİÇS termini yarandı. Lakin hələ də bu bəla barədə çox adam məlumatsız idi.1983-cü ildə fransalı alimlər yeni bir kəşfə imza atırlar. Belə ki, onlar mikroskop altında naməlum virusu aşkarlayaraq, onu ölümcül xəstəlik - QİÇS adlandırırlar.

SSRİ-də ilk dəfə QİÇS diaqnozu 1987-ci ildə qoyulub. Elektron mikroskopun altında bu virus ekzotik gülü xatırladır.

Bəzi alimlərin qənaətinə görə, adıçəkilən qorxulu virus 1926-cı ildə meymundan insana keçib. Lakin son araşdırmaların nəticəsində isə məlum olur ki, virusa ilk dəfə məhz Qərbi Afrikada yoluxublar.

1969-cu ildə ABŞ-da yüngül həyat tərzi keçirən qadınlar arasında QİÇS geniş yayıldı. Lakin o dövrdə buna o qədər də əhəmiyyət verilmədi. Hətta həkimlər bu simptomları pnevmaniyanın (sətəlcəm) nadir növü olduğunu dedilər. 1978-ci ildə isə Tanzaniyada və Haitidə xəstəlik yayılmağa başladı.

1981-ci ildə artıq tibb işçilərini təşvişə salan sözügedən xəstəliyin müayinəsi və profilaktikası üçün mərkəz Nyu-York və Los-Anceles şəhərlərindəki xəstələrin sayını açıqladı. Belə ki, artıq 440 şəxs virusun daşıyıcısı idi. Onlardan 200 nəfəri vəfat etdi.

Xəstəlik haqqında qısa məlumat: İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) - orqanizmi infeksiyadan qoruyan T-limfositləri - hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur. İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Beynəlxalq aləmdə, o cümlədən bizdə onların ingiliscə HİV (Human İmmunodeficiency Virus) və AİDS (Acquired İmmune Deficiency Syndrome) abreviaturalarından da istifadə olunur.Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar.

Xatırladaq ki, hər il noyabr ayında BMT bu xəstəliklə bağlı hesabat təqdim edir. 2013-cü ilin sonuna olan məlumata görə, dünyada 35 milyon insan HİV infeksiyasına yoluxub. Təkcə 2013-cü il ərzində isə xəstəliyə yoluxanların sayı 2 milyon nəfər olub.

İlk dəfə 1988-ci ildə təsis edilmiş HİV (AİDS) günü bu il artıq 29-cu dəfə keçirilir. Bu günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaratdı. HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV (AİDS) üzrə Birləşmiş proqramının (UNAİDS) və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə QİÇS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna Yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır. Ekspertlər vurğulayırlar ki, HİV/QİÇS-ə yoluxmuş şəxsləri "xəstə" adlandırmaq olmaz. Belə insanların "HİV-lə yaşayan" adlandırılması daha məqsədəuyğundur.

Hazırda HİV infeksiyasının inkişafını ləngidən və uzun müddət ərzində QİÇS mərhələsini geri çəkən dərman preparatları mövcuddur. Opportunistik xəstəliklərin profilaktikası və müalicə üçün də dərmanlar var. HİV Azərbaycanda aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir. Qeyd etdiyimiz kimi, Azərbaycanda virus yayılma sürətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, təhlükə davam edir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda "QİÇS haqqında" qüvvədə olan Qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.

Günel Eyyubova, “İki sahil”