01 sentyabr 2016 14:46
13548

İnsan Resurslari Departamentində proseslərin idarəedilməsində məsuliyyətlərin tənzimlənməsi

SOCAR-ın geniş infrastrukturunu, çoxminli işçi qüvvəsini, fəaliyyət müxtəlifliyini, yüzlərlə vəzifə və peşə növünə malik olmasını, Şirkət tərəfindən qlobal və dünyamiqyaslı böyük layihələrin həyata keçirilməsini nəzərə alaraq insan resurslarının idarə edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. İnsan Resursları Departamentinin qarşısında qoyulmuş əsas vəzifə insan resurslarının idarəedilməsində vəzifə öhdəçiliyimizin ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdir. Bunun üçün səlahiyyətlərimiz, hüquqlarımız və vəzifələr üzrə məsuliyyətlərimiz mövcud hüquqi-normativ aktlarda təsbit olunmuşdur ki, bunlardan kənara çıxmalar yolverilməzdir.

Bu işdə əsas məqsəd hər bir Azərbaycan vətəndaşının öz potensialını, bacarığını nümayiş etdirməsi üçün müvafiq şəraitin təmin edilməsi və mövcud vakansiyalara ən layiqli namizədin təyin edilməsidir. Bunun nəticəsində də xüsusi bilik və bacarığı ilə müsabiqələrdən seçilmiş ixtisaslı kadrlardan keyfiyyətli iş tələb etmək mümkün olur.

Namizədlərin işə qəbul edilməsi üçün əsas meyarlar müsabiqəyə çıxarılmış vakant vəzifələrə müraciət edən şəxslərin həmin vəzifələrin təsnifatı üzrə tələb edilən keyfiyyət göstəricilərinə malik olmasıdır. Bunu nəzərə alaraq SOCAR-da işə qəbul üçün müraciət edən namizədin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi bir sıra mərhələlərdən keçməklə tənzimlənir:

Belə ki, prosedur qaydalarına uyğun olaraq SOCAR işçilərinin karyera yüksəlişlərinin təmin edilməsi məqsədilə işə götürən tərəfindən vakansiyaların təsvir forması doldurulduqdan sonra vakansiyalar ilk növbədə Şirkətin daxili portalında yerləşdirilir. Əgər müəyyən müddət ərzində Şirkətdaxili işçilərdən tələb olunan keyfiyyətlərə uyğun namizəd seçilməsə, vakansiya şirkətin korporativ veb-səhifəsinin vakansiyalar bölməsi (https://careers.socar.az/VacancyList), “İki sahil” qəzeti və digər KİV-lər vasitəsilə işaxtaranların diqqətinə çatdırılır.

Müraciət edən namizədlər bütün müsabiqə prosedurlarından müvəffəqiyyətlə keçdikdən sonra iş yerlərinə təyinat alırlar. Müsabiqənin hər bir mərhələsi müəyyən vaxt intervalı  çərçivəsində həyata keçirilir. Hər bir müsabiqə mərhələsi üzrə proses müraciət edən namizədlərin sayından asılı olaraq təxminən 15 iş günü ərzində başa çatır. Sənədlərin seçimi vakansiyanın tələbləri nəzərə alınmaqla, xüsusi proqram təminatında həyata keçirilir.

Müsabiqənin ilkin seçim mərhələsindən sonra ilk mərhələ test imtahanıdır. Test imtahanlarında test tapşırıqları blokları vakant vəzifələrin “qulluqçu” və “fəhlə” kateqoriyalı olmasından asılı olaraq müəyyənləşir.

Qulluqçu (rəhbər işçi, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərə təqdim olunan test tapşırıqları 4 (dörd) blokdan təşkil olunmaqla ümumilikdə 40 test tapşırığından ibarətdir:

v İxtisas sualları (vakansiya üzrə tələb olunan bilik və bacarıqlar)      - 20 ədəd

v Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə suallar               - 10 ədəd 

v Azərbaycan tarixi və SOCAR-ın fəaliyyəti haqqında suallar      - 5 ədəd

v Kompyuter biliklərinin yoxlanması üzrə suallar                      - 5 ədəd

 Qulluqçu kateqoriyalı vakansiyalar üzrə imtahanlarda test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

Fəhlə kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərə təqdim olunan test tapşırıqları 2 (iki) blokdan təşkil olunmaqla ümumilikdə 20 test tapşırığından ibarətdir :

v İxtisas üzrə (vakansiya üzrə tələb olunan bilik və bacarıqlar)  - 15 ədəd;

v Azərbaycan tarixi və SOCAR-ın fəaliyyəti  üzrə              - 5 ədəd.

     Fəhlə kateqoriyalı vakansiyalar üzrə imtahanlarda test tapşırıqlarının cavablandırılmasına ayrılan vaxt 40 dəqiqədir.

     Test imtahanına hazırlaşmaq istəyən vətəndaşlar http://socar.az/socar/az/careers/assesment/test-samples keçidindən istifadə edə bilərlər.

     Test tapşırıqlarının qiymətləndirilməsi zamanı hər bir doğru cavab bir balla qiymətləndirilir. Namizədin səhv cavablandırdığı test tapşırıqlarının sayı doğru cavablandırdıqları test tapşırıqlarına təsir etmir.

     Test imtahanında iştirak edən namizədlərdən bir neçəsi eyni bal toplayarsa, müvafiq olaraq ixtisas, məntiq, Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi, kompyuter bilikləri üzrə test tapşırıqları üzrə ən çox bal toplamış namizəd(lər) növbəti mərhələyə (peşə sınaq imtahanı və ya müsahibə) buraxılır(lar).

     Test imtahanından sonra müsabiqənin növbəti mərhələlərində - peşə sınaq imtahanı və ya Müsahibə mərhələsində 1 vakant yer uğrunda neçə nəfər namizədin mübarizə aparacağı vakansiyaların spesifikasından və müvafiq peşə (vəzifə) üzrə əmək bazarında mövcud olan rəqabətdən, eləcə də namizədlərin topladıqları baldan asılı olaraq müəyyən edilir və tələbatdan asılı olaraq dəyişə bilər.

     SOCAR-da işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən sonra yekun mərhələ olaraq, nəzəri biliklərin və praktiki bacarıqların yoxlanılması zəruri olan vakansiyalar üzrə (bəzi praktiki bacarığın yoxlanılması tələb olunmayan vakansiyalar istisna olmaqla) peşə sınaq imtahanları təşkil olunur.

     Peşə Sınaq İmtahanında namizədin iddia etdiyi vakansiya üzrə tələb olunan nəzəri peşə bilikləri, həmçinin praktiki peşə bacarıqları sahə üzrə mütəxəssislər və SOCAR-ın İnsan Resursları Departamentinin nümayəndəsindən ibarət qrup tərəfindən yoxlanılır.

     SOCAR-da müsahibə işə qəbul müsabiqəsinin sonuncu mərhələsi (test imtahanından sonra) olub “panel müsahibəsi” formatında aparılır. Bu mərhələdə namizədlərin müvafiq vakansiyaya uyğun olan bilik, bacarıq və qabiliyyətləri, eyni zamanda Şirkətin korporativ ruhuna və işin xüsusiyyətinə uyğun olan fərdi keyfiyyətləri yoxlanılır. Namizədin sahə üzrə bilikləri nəzəri, situativ və praktiki suallar vasitəsilə aşkar edilir. Namizədin fərdi keyfiyyətləri davranış sualları vasitəsilə müəyyən edilir. Davranış sualları vasitəsilə namizədin işə və Şirkətin korporativ ruhuna uyğun olan fərdi keyfiyyətləri, (“ünsiyyət qurma bacarığı”, “qərar qəbul etmə bacarığı”, “problemləri həll etmə bacarığı” və s.) aşkar olunur.

     Müsabiqənin bütün mərhələlərindən müvəffəqiyyətlə keçən namizədlər iş yeri və şəraiti ilə tanış olduqdan sonra onlara imzalanmaq üçün iş təklifi təqdim olunur və işə qəbulu rəsmiləşdirilir.

     İşə qəbulla bağlı Test/Peşə Sınaq İmtahanı/Müsahibələrin ünvanı, tarixi və vaxtı haqqında məlumat ilkin seçimdən (müraciət formasında təqdim edilən məlumatların vakansiyanın tələblərinə uyğunluğunun yoxlanılması) keçmiş namizədin elektron poçt ünvanına və mobil telefonuna (SMS) müvafiq bildirişlər şəklində imtahan vaxtından ən gec 3 (üç) gün əvvəl göndərilir. Eyni zamanda namizəd müsabiqə mərhələlərinin nəticələrini www.socar.az veb-saytının “karyera” bölməsinin “işə qəbul” bölümünün “müsabiqə nəticələri” hissəsindən vakansiyaya müraciət edərkən ona təqdim edilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) və şifrəsini daxil etməklə öyrənə bilər.

     Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, müsabiqə yolu ilə işə qəbul olunan vətəndaşlara sınaq müddəti müəyyən edilmir. İşə qəbul rəsmiləşdirildikdən sonra həmin namizədlər SOCAR-ın müvafiq təlim, tədris mərkəzlərində əməyin mühafizəsi və təhlükəsizliyi texnikası ilə bağlı müvafiq kurslar keçirlər.

     SOCAR-da mövcud işə qəbul qaydalarına əsasən müsabiqədə işə qəbul olunması tövsiyə olunmuş namizədə(lərə) nisbətən qiymətləndirilmədə daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizəd(lər) Kadr Ehtiyat Bazasına daxil edilirlər. Şirkət üzrə 1 il müddətində eyni adlı (eynişərtli, dərəcəli) vakansiya yaranarsa, həmin namizədlərə müsabiqədən kənar iş təklif olunur. Həmin müddətdə eyni adlı (şərtli, dərəcəli) vakansiya yaranmadığı təqdirdə vətəndaşın namizədliyi Kadr Ehtiyat Bazasından çıxarılır. Kadr ehtiyatı bazası şirkətin vəzifə və peşələr üzrə proqnoz plan təlabatına uyğun olaraq formalaşdırıldığı üçün bazaya alınan namizədlər qarşısında hər hansı işə qəbul öhdəliyi nəzərdə tutulmur.

    SOCAR-da yüksək ixtisaslı mütəxəsəslərlə yanaşı, iş təcrübəsi olmayan vətəndaşların işə qəbulu üçün də imkanlar yaradılır. Bu məqsədlə iş təcrübəsi tələb olunmayan, əməyin ödənilmə  dərəcəsi daha aşağı olan vakansiyalar elana verilir və struktura daxil olan müəssisə və təşkilatlarda ödənişli və yaxud ödənişsiz təcrübə proqramları çərçivəsində məzunların iştirakı təmin olunur.

     Eyni zamanda SOCAR-da gənc kadrların işə qəbul olunması üçün təqaüd proqramları da mövcuddur. Xarici təqaüd proqramlarına əsasən, Şirkətin ayırdığı təqaüdlə təhsil alıb geri dönən gənc mütəxəssislər, müqavilə şərtinə uyğun olaraq, müsabiqədənkənar işlə təmin olunurlar və SOCAR-da müəyyən müddət işləmək öhdəliyinə malikdirlər. Bu kadrlar Şirkətin vitse-prezidentləri, müvafiq idarə rəislərindən ibarət komissiya qarşısında təqdimat edirlər və onların hansı strukturda əmək fəaliyyətlərinə başlamalarına qərar verilir. Bundan əlavə, Azərbaycanın ali məktəbləri arasında daxili təqaüd  proqramı həyata keçirilir. Bu tələbələr müəyyən mərhələlərdən keçdikdən sonra onlar Şirkətin daxili təqaüdçüləri olub, ən azı axırıncı semestrin təqaüdçüsü olmaq şərtilə ali məktəbi bitirdikdən sonra işlə təmin olunurlar.

     Bundan əlavə, SOCAR fəhlə kadrlara olan tələbatın effektiv və operativ ödənilməsi məqsədi ilə peşəkar fəhlə kadrların hazırlanması üçün SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu müsabiqələri təşkil olunur. Qüvvədə olan hüquqi-normativ sənədlərə əsasən, SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən Sirkətin təlim mərkəzlərinə şagird qəbulunun bütün proseslərinə rəhbərliyi həyata keçirən orqan “Qəbul Komissiyası” və şagird qəbulu ilə əlaqədar müsabiqənin bütün turları üzrə vətəndaşların şikayətlərinin araşdırılması və uçotunun aparılması məqsədilə “Apellyasiya Komissiyası” yaradılır. Müvafiq komissiyalar təsdiq olunduğu gündən fəaliyyətə başlayır və cari şagird qəbulu siyahısı təsdiq edildikdən 10 (on) iş günü sonra fəaliyyəti başa çatmış hesab olunur.

     SOCAR-ın təlim mərkəzlərində peşə təhsili almış şagirdlərin buraxılış imtahanlarının nəzəri test imtahanları Şirkətin təlim-tədris işləri ilə məşğul olan qurumunun müvafiq şöbəsi tərəfindən kompyuter vasitəsilə keçirilir. Test imtahanından sonra praktiki imtahanlar SOCAR-ın təlim-tədris işləri ilə məşğul olan qurumu tərəfindən yaradılmış imtahan komissiyası tərəfindən təşkil olunur. Praktiki imtahanlara sahə üzrə mütəxəssislər və SOCAR-ın İnsan Resursları Departamentinin nümayəndələri dəvət olunurlar.

     Buraxılış imtahanlarından sonra məzunlar SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsinin qərarı ilə peşə təhsilini bitirmələri barədə müvafiq təsdiqedici sənədlərə (sertifikat) layiq görülürlər və müəssisələrdən daxil olmuş tələbat nəzərə alınmaqla struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilmiş işçilərin yerləşdirilməsi mümkün olmayan vakansiyalar olduğu təqdirdə işlə təmin olunurlar.

     Onu da qeyd edək ki, bu ildən etibarən təlim mərkəzlərinə qəbul müsabiqəsinin test imtahanları hissəsi SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili ilə məşğul olan struktur bölməsi tərəfindən operativ və tam şəffaf formatda xüsusi proqram təminatından istifadə etməklə kompyuterlər vasitəsi ilə təşkil olunub, keçirilir.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı çağırışına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq çərçivəsində  SOCAR-da bir il müddətinə 6 319 nəfər işçi xidmət müqaviləsi əsasında işə cəlb olunmuşdur.

     Həmçinin SOCAR-da işçilərin başqa işə keçirilməsi mövcud əmək qanunvericiliyi və Şirkətin daxili normativ sənədlərinə uyğun və həmin qurumun normal iş rejiminin sabit saxlanılmasına, namizədin potensialından maksimum istifadə etməklə, işçinin karyera yüksəlişinə şəraitin yaradılmaqla müəssisələr tərəfindən həyata keçirilir. İşçilərin başqa işə keçirilməsi zamanı işçilərin təhsil və iş stajı göstəricilərinin keçirilməsi təklif olunan vəzifənin (peşənin) tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə həyata keçirilir.

     İşçilərə növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi SOCAR-ın müəssisə və təşkilatlarında fəaliyyət göstərən Tarif İxtisas Komissiyalarının iclaslarında baxılır. İclasda işçilərin biliklərinin yoxlanılması və komissiyanın əlavə sualları əsasında həyata keçirilir. Biletlər üçün işçinin vəzifə və funksayalarına, biri işçinin vəzifə (peşə) təlimatına, biri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid suallardan ibarət olur. Komissiyanın qərarı səs çoxluğu ilə qəbul edilir.

     Beynəlxalq audit təşkilatlarının rəyi nəzərə alınmaqla SOCAR-ın strukturuna daxil olan bəzi müəssisələrdə müəyyən struktur dəyişiklikləri aparılır. Struktur dəyişiklikləri ilə bağlı ştat vahidlərinin ixtisarı və ya ləğv edilmiş struktur bölmənin bazasında yeni struktur bölmələr yaradıldıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçilərin peşəkarlıq səviyyəsi İnsan Resursları Departamenti (İRD) tərəfindən müəssisə ilə birlikdə müsabiqə yolu ilə yoxlanılır. Müsabiqənin nəticələrinə əsasən işçilərin yerləşdirilməsi həyata keçirilir. Regionlardakı struktur bölmələrdə aparılan struktur dəyişiklikləri zamanı isə vətəndaşların topladığı balla yanaşı, onların yaşayış yerləri də nəzərə alınır. Əgər işçinin yaşadığı rayon üzrə işlə təmin olunması qeyri-mümkündürsə, ərazi baxımından başqa yaxın rayonlara yerləşdirilir. Gələcəkdə eyni rayon üzrə vakansiya açıldığı halda müəssisə tərəfindən ilk növbədə həmin işçilərin yerləşdirilməsi həyata keçirilir.

     SOCAR üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram təsdiq edilmişdir. Proqramda sərbəstləşən işçilərin sosial təminatının 1 illik dövrü əhatə etməsi nəzərdə tutulmuşdur. Proqrama qoşulmuş sərbəstləşən işçilərə icraçı qurum tərəfindən müvafiq qrant hesabına digər proqramlarda müəyyən edilmiş qaydalara uyğun olaraq həmin işçinin orta aylıq əmək haqqının 50%-i həcmində aylıq müavinət ödənilir. Bu müddət ərzində həmin işçilərin ixtisas və son iş təcrübələrinə uyğun SOCAR-ın strukturuna daxil olan digər müəssisələrdə yaranmış vakant yerlər üzrə yerləşdirilməsi təmin olunur. Proqram sosial layihə olduğu üçün  şirkət tərəfindən işçinin qarşısında mütləq işə qəbul öhdəliyi yoxdur.

     İşlə təmin olunma ilə əlaqədar müraciətlər vətəndaşlar tərəfindən müxtəlif vasitələrdən istifadə edilərək SOCAR-a ünvanlanır. Bunlar aşağıdakılardır:

Ø Məktub vasitəsilə (yazılı ərizə və şikayətlər (dövlət qurumlarından yönləndirilənlər daxil olmaqla)),

Ø Elektron poçt vasitəsilə

Ø Qaynar xətt vasitəsilə

Ø Sosial şəbəkələr vasitəsilə

     Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə uyğun olaraq baxılır. Bəzən vətəndaşlar tərəfindən işə qəbulla bağlı SOCAR-a eyni məzmunda bir neçə dəfə müraciətlər daxil olur. Həmin vətəndaşlara bir daha bildirilir ki, SOCAR üzrə işə qəbul yalnız müsabiqə yolu ilə həyata keçirilir və İRD-nin rəhbər işçiləri tərəfindən fərdi qaydada işə qəbul ilə bağlı qərarlar verilmir, yəni vətəndaşın işə qəbulu rəhbər işçidən deyil, onun bilik və bacarığından asılıdır. İşə qəbul ilə bağlı qərarlar yalnız Müsabiqə Komissiyası tərəfindən kollegial şəkildə qəbul edilir.

Həmçinin vətəndaşlar şəxsiyyətini  təsdiq edən sənədlə birlikdə bazar ertəsi, çərşənbə və cümə günləri (iş günü) saat 16:00-dan 17:30-dək İnsan Resursları Departamentinə müraciət edərək,  onları maraqlandıran suallara cavab ala bilərlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26 (“Planet” şadlıq sarayının arxası).

Vətəndaşlar işə qəbul müsabiqəsi haqqında özlərinə aid məlumatları yalnız şəxsən əldə edə bilərlər. Digər şəxslərin konfidensial hesab edilən bu məlumatları əldə etmək hüququ olmadığına görə üçüncü tərəfə vətəndaşların qəbulu zamanı məlumat verilmir. Hər hansı səbəbdən işə qəbul qaydaları ilə bağlı məlumat əldə edə bilməyən vətəndaşlar aşağıdakı keçiddən istifadə edə bilərlər: http://careers.socar.az/VacancyInfoFAQ

İRD ilə əlaqə vasitələri və elektron-poçt ünvanları aşağıdakılardır:

İşə qəbul və yerləşdirmə şöbəsi-telefon: (+99412) 5210000 (dax 10-748), elektron-poçt ünvanı: [email protected]

Təlim və inkişaf şöbəsi-telefon: (+99412) 5211578, elektron-poçt ünvanı: [email protected]

Karyera planlama və personalla əlaqələr şöbəsi- telefon: (+99412) 5211580, elektron-poçt ünvanı: [email protected]

Yuxarıda deyilənlərdən də aydın olur ki, SOCAR-da İnsan Resurslarının İdarəedilməsində İnsan Resursları Departamenti tərəfindən həyata keçirilən bütün proseslər yalnız mövcud qanunvericiliyə və Şirkətdaxili hüquqi - normativ sənədlərin tələblərinə uyğun olaraq şəffaf şəkildə həyata keçirilir və müvafiq qaydada sənədləşdirilir.

 

 

Asif Bəkirli, SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi