Hazırda “Hollivud” sözünün mənasını dünyanın hər bucağında bilirlər, işlədirlər. Hollivud kinematoqrafiyası bu gün heç şübhəsiz öz “kolleqaları” arasında liderlik edir. Lakin çox vaxt “Amerika kinematoqrafiyası” və “Hollivud” anlamını ümumiləşdirirlər. Amerika kinosu nəinki nəhəng Hollivud kino sənayesini, həm də müstəqil inkişaf etmiş kinonu əks etdirir. Xatırladaq ki, ümumilikdə Amerikada və Kanadada müstəqil kino daha çox inkişaf edib.
Hollivud məşhurluğu ilə dünyanın digər ölkələrinə də təsir edir. Sirr deyil ki, müxtəlif kino janrlarında məhz həmin filmlər kino bazarını müəyyənləşdirir. Hazırda bu kinoimperiya kino üslubunu diktə edir. Hər il minlərlə film istehsal olunur. Bu isə artıq çox şeyə işarədir. Hollivudun adını eşidəndə ehtimal ki, ilk olaraq işıqlar, kameralar, qlamur kino ulduzları və əyləncələrlə dolu bir yer haqda düşünürük. Lakin başlanğıcda hər şey elə də gözqamaşdırıcı olmayıb.
Xalq artisti Həmidə Ömərova qeyd edir ki, dünya kinematoqrafiyasını 2 ən nəhəng şəxsiyyətsiz təsəvvür etmək mümkünsüz olardı. Onlar Meri Pikford və Duqlas Ferbenksdir. Bu insanlar Hollivudun ən parlaq ulduzları olublar. Qeyd etmək lazımdır ki, Hollivud heç nə ilə müqayisəolunmaz bugünkü məşhurluğuna görə yalnız onlara borcludur.
Bir qədər də tarixə nəzər yetirək. Hollivudun yaranma tarixi XIX əsrə gedib çıxır. Bu söz Amerikaya köç etmiş Uilkoks cütlüyü tərəfindən yaradılıb. Söylənənlərə inansaq, bu cütlük özlərinə məxsus böyük bir əraziyə “Hollywood” (holly-iynəyarpaq, wood-meşə) adını veriblər. Beləliklə, müəyyən zaman ötəndən sonra onlar bu əraziləri kirayəyə də veriblər.
XX əsrin əvvəllərində polkovnik Uilyam N. Zelinq Uilkokslardan ərazinin müəyyən hissəsini aldı və özünün Çikaqodakı kinoşirkətini qurdu. Elə bundan sonra nəhəng Amerika kinostudiyaları yarandı. Belə kinostudiyaların çoxunun sahibləri mühacirlər idilər. Məsələn, “Paramount”un sahibi, Macarıstandan gəlmiş Adolf Tsukor, Uorner qardaşları, sonradan “Warner Brosers”in əsasını qoydular, Alman Karl Leml “Universal”, “Metro-Goldwin-Mayer”in yaradıcısı isə metal alveri ilə məşğul olan Luis B. Mayer idi.
Konkret kino istehsalına gəlincə, ABŞ-da kino istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. “Qatarın qarət edilməsi” (1903, rejissor Porter) ilk Amerika bədii filmidir. 1910-20-ci illərdə rejissorlardan Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T.X.İns vesternin, M. Sennett ekssentrik komediya janrının əsasını qoydu. Hollivud filmlərində R. Valentino, M.Pikford, D.Ferbenks, sonralar Qreta Qarbo, Merilin Monro, Klark Qeybl, Q.Kuper və başqa aktyorlar çəkilirdilər. Faşizm əleyhinə “Şimal ulduzu” (1943, rejissor L.Maylstoun), “Yeddinci xaç” (1944, rejissor F.Sinneman) və s. filmlər çəkildi. Bu dövrdə sənədli kino sahəsində daha böyük nailiyyətlər əldə edilmişdi (C.Ford, U.Uayler, F.Kapra və başqalarının filmləri). 1970-ci illərdə “Oklahoma belə yerdir” (rejissor S. Kramer) və “Xaç atası” (rejissor F.Koppola) “Taksi sürücüsü” (rejissor M.Skorseze), “Hərbi alay” (rejissor O. Stoun) çəkilmişdir.
Əyləncə biznesi dünyasında vacib insanlar yalnız tanınmış aktyorlar deyil. Bu gün Hollivudda çoxsaylı prodüser və direktorlar da fəaliyyət göstərir. Buna baxmayaraq, onlardan çox azı Hollivudun ilk film biznesmenləri Sesil Demil, Samuel Qoldvin və Luis Mayer kimi məşhurdurlar. Bu insanlar Hollivudun film mərkəzi olmasına kömək ediblər.
Kino yunanca “Kinemotoqraf” sözünün qısaldılmış formasıdır, mənası “hərəkəti çəkmək” deməkdir. Dahi amerikan, sovet və rus rejissoru, ssenaristi Andrey Konçalovski kinonu ağıl oyununa bənzədirdi. Həqiqətən də izlədiyimiz filmlər müəyyən mənada A.Konçalovskinin söylədiyi kimi, bizə doğruları anlamağa yardımçı olan yalanlardır.
Günel Eyyubova, “İki sahil”