17 mart 2017 14:57
4744

“ABAD” ailə biznesinin inkişafına necə kömək edəcək?

Məlum olduğu kimi, ölkəmizdə vətəndaşlara xidmət və onların sosial rifahının daha da yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə respublikamızda müxtəlif sahələrin inkişaf etdirilməsi istiqamətində iri layihələr həyata keçirilir, investisiyalar cəlb olunur, bölgələrdə istehsal müəssisələri tikilir, kiçik və orta sahibkarlara köməklik edilir və sair. Ötən il bu işlərə təkan vermək məqsədi ilə daha bir qurum - “ABAD” mərkəz yaradıldı. Bəs “ABAD” nə deməkdir, onun yaradılmasında konkret olaraq məqsəd hansı sahələrin inkişaf etdirilməsidir? Bu və digər suallara cavab almaq üçün Masallıdakı Regional “ABAD” mərkəzinin direktoru Ümid Quliyevlə görüşüb söhbət etdik. 

- Ümid müəllim, ilk olaraq “ABAD” haqqında qısa məlumat verərdiniz. Sizcə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” mərkəzinin yaradılmasında məqsəd nədir?

- “ABAD” adı əslində Ailə Biznesinə Asan Dəstək adının abbreviaturasıdır. Ölkədə istehsal potensialının genişlənməsi və ailə bizneslərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb. Dünyanın hər bir ölkəsində əksər böyük şirkətlərin yaradılması kiçik ailə biznesinin qurulması ilə mümkün olmuşdur. İlkin mərhələdə kiçik ailə təsərrüfatı kimi fəaliyyətə başlasalar da, daha sonra öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdıran bu ailə biznesləri sonda böyük şirkətlərə, səhmdar cəmiyyətlərə, hətta iri korporasiyalara çevriliblər. “ABAD” layihəsinin məqsədi ailə təsərrüfatlarının bu inkişaf mərhələsinin uğurla keçirilməsinə yardım göstərmək, həmçinin rəqabətə dayanıqlı, keyfiyyətli və dünya standartlarına cavab verən məhsullar istehsal edib, satışını təşkil etməkdir.

- Niyə məhz ilk olaraq Masallıda yaradıldı? 

- İlk olaraq onu bildirmək istəyirəm ki, “ABAD” layihəsi pilot layihədir. Pilot layihənin həyata keçirilməsi üçün ilk regional mərkəz Masallıda “ASAN həyat” kompleksində yaradıldı. Masallı rayonu tərəvəzçilik, sənətkarlıq kimi sahələr üzrə inkişaf etmiş regionlardan biridir. Lakin hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi çərçivəsində Balakən rayonunda ikinci “ABAD” mərkəzinin işə salınması istiqamətində işlər görülür.

- “ABAD”-ın fəaliyyət istiqamətləri haqda danışardınız... ailə biznesinin hansı sahələrinə dəstək olunacaq? Seçim zamanı üstünlük hansı kriteriyalar əsasında müəyyənləşdiriləcək?

- İlk mərhələdə ərzaq məhsullarının istehsalı və sənətkarlıq məhsullarının brendləşdirilməsi və satışı prioritet sahələr kimi müəyyən olunmuşdur. Ərzaq məhsulları sahəsində ət, süd, meyvə və tərəvəz məhsullarının istehsalı nəzərdə tutulur. Buraya ət məhsulları (kolbasalar), mürəbbə və cemlər, turşular, ağartı məhsullarının istehsalı daxildir. Gələcəkdə bu siyahı genişləndiriləcək. Həmin məhsullar öz yüksək keyfiyyəti ilə fərqlənəcək. Müraciət olunmuş sahə üzrə vətəndaşın istehsal təcrübəsi, xammal ehtiyatı, işgüzarlıq və sair bir sıra kriteryalar vardır ki, vətəndaşlar “ABAD” ailəsinə qoşula bilərlər. İlk mərhələdə “ABAD” mərkəzlərinin fəaliyyət istiqaməti kimi kiçik və orta sahibkarların təsərrüfatlarına yardım edilməsi nəzərdə tutulmuşdur.

- Ailə biznesinə hansı yardımlar ediləcək? Onlara maliyyə yardımı da nəzərdə tutulurmu?

- “ABAD” mərkəzi layihədə iştirak edəcək vətəndaşlara bir sıra xidmətlər göstərəcəkdir. Seçilmiş istehsal sahəsi üzrə istehsalı həyata keçirmək üçün müasir standartlara cavab verən istehsal avadanlıqların vətəndaşın istifadəsinə vermək, məhsulun “bir pəncərə” prinsipi əsasında uyğunluq və gigiyena sertifikatı almasının təşkili, istehsal yerinin kommunal təchizatının təşkil edilməsində hüquqi yardım, məhsulun qablaşdırılmasının təşkil edilməsi, ailə brendinin yaradılması, dizayn və məhsul etiketlərinin hazırlanması, məhsulun reklamının təşkili, hüquqi yardım, maliyyə hesabatlarının aparılması, daşınma xidməti və məhsulların satışı kimi xidmətlər “ABAD” tərəfindən həyata keçiriləcəkdir. Nağd formada maliyyə yardımları nəzərdə tutulmur, lakin sahibkarın qabaqcadan maliyyə ayırmalı olduğu istehsal proseslərini “ABAD” həyata keçirəcəkdir. Buna misal olaraq istehsal avadanlıqlarının istifadəyə verilməsi, məhsulların brendləşdirilməsi, dizayn, reklam, məhsulların daşınması və satışının təşkilini göstərmək olar.

- Məhsulun satışı hansı formada olacaq? “ABAD” vasitəçi rol oynayacaq, yoxsa konkret sifariş verib məhsulu istehsalçıdan alaraq özü sərbəst satış edəcək?

- “ABAD” mərkəzi məhsulların satışını təşkil edəcəkdir. Yəni “ABAD” satış bazarlarını araşdırır və “ABAD”-çının məhsulları üçün satış nöqtələri ilə satış müqavilələri bağlayır. İstehsal olunmuş məhsul vətəndaş tərəfindən “ABAD” mərkəzinin rayon üzrə məhsul yığım anbarına təhvil verilir. Bundan sonra “ABAD” məhsulun satış bazarlarına daşınmasını və satışının təşkilini həyata keçirir. Eyni zamanda vətəndaşlar məhsullarının bazarlarda satış dinamikasını da izləyə biləcəklər. Satış bazarı olaraq “ABAD”-çının məhsulunun bazara çıxarılması üçün artıq “BRAVO” marketlər şəbəkəsi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. ABAD-da hazırlanan məhsullar ilk olaraq “BRAVO”da satışa çıxarılacaq. Orada xüsusi ABAD guşəsi yaradılacaq.

- “ABAD” bir neçə aydır fəaliyyətə başlayıb. Ümumiyyətlə, bazardakı tələbat araşdırılıbmı, hansı məhsula daha çox tələbat var? Bildiyimizə görə, xarici bazarlara da çıxmaq nəzərdə tutulur. Bu istiqamətdə işlər aparılırmı?

- Layihə hazırlandığı vaxtdan bu günə qədər bazar araşdırmaları davam edir. Bu fəaliyyətin həyata keçirilməsi təcrübəli mütəxəssislər tərəfindən aparılır. Həm daxili, həm də xarici bazarlarda ailə təsərrüfatı məhsullarına tələb böyükdür. Lakin bu məhsulların böyük bazarlara çıxarılmasında ailə təsərrüfatı subyektlərinin bir sıra çətinlikləri var. Burada istehsal məhsullarının keyfiyyət və qablaşdırma standartları əsas şərtdir. “ABAD” mərkəzinin əsas məqsədi tələb olunan kənd təsərrüfatı məhsullarının fərqli dadla, lakin daha yüksək gigiyenik tələblər və keyfiyyətli formada, eyni zamanda xüsusi standarta uyğun qablaşdırmada böyük satış bazarlarına çatdırılmasını təmin etməkdir. Bu məqsədlə “ABAD” tərəfindən həmin keyfiyyət standartlarının təmin edilməsinə nəzarət daimi olacaqdır.

- Bu günə nə qədər müraciət daxil olub və bu müraciətlər əsasən hansı sahələri əhatə edir?

- Təkcə Masallı mərkəzinə iki yüzdən çox vətəndaş müraciət etmişdir. Bu müraciətlər növbəlilik prinsipi əsasında araşdırılır. Araşdırma nəticəsində ilk mərhələdə əməkdaşlıq ediləcək ailələr artıq müəyyən edilmişdir. Bildiyimiz kimi, cənub zonasının əsas fəaliyyət istiqamətləri əkinçilik və heyvandarlıqdır. Təbii olaraq müraciətlərin əksəriyyəti bu sahələri əhatə edir. Əkinçilik üzrə müraciətlər meyvə-tərəvəz üzrə istehsala və heyvandarlıq üzrə müraciətlər kolbasa və süd məhsulları üzrə istehsala yönləndirilə bilər. Gələcəkdə bu sahələrin sayı artırılacaqdır.

- Bəs neçə ailəyə yardım edilib, bu yardımlar hansı formadadır?

- Regional mərkəz kimi bizim mərkəzdə sənətkarlıq sahəsi üzrə 10 nəfərdən çox ailə seçilib və artıq onların istehsal etdiyi məhsulların satışının təşkili üzrə işlər yekunlaşmaq üzrədir. Bundan başqa, kənd təsərrüfatı üzrə seçilmiş iki ailəyə pendir və kolbasa istehsalı üzrə konteynerlər təqdim olunub. Hazırda bu avadanlıqda test istehsalı prosesi gedir, ailələrə avadanlıqlardan istifadə üzrə təlimlər keçirilir. Qarşıdakı günlərdə daha bir neçə ailəyə müvafiq istehsal avadanlıqları təqdim olunacaq.

- Kiçik və orta sahibkarlığa hansı hüquqi köməkliklər göstəriləcək?

- İstehsal prosesinin istənilən mərhələsində mövcud hüquqi məsələlərin həllində “ABAD” mərkəzinin hüquqşünasları tərəfindən sahibkara yardım göstəriləcək. Bu xidmətlərə sahibkar kimi dövlət qeydiyyatından keçmə, məhsulların “bir pəncərə”  prinsipi əsasında sertifikatlaşdırılmasının təmin edilməsi ilə bağlı hüquqi yardımları göstərmək olar.

Taleh Bağırov, “İki sahil”