09 oktyabr 2019 19:21
969

Nəyə görə mitinqlərdə bar-bar bağıran “liderlər” piketə qatılmadılar?

Oktyabrın 8-də “Milli Şura” və AXCP-nin birgə aksiya keçirmək cəhdi yenidən fiaskoya uğradı. Bununla da Əli Kərimlinin 50 nəfərlə “inqilab” etmək cəhdi radikal düşərgənin, xüsusilə də AXCP və “Milli Şura” adlı qondarma qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq-aydın şəkildə ortaya qoydu.

Sosial şəbəkələrdə çıxdıqları canlı yayımlarda ictimaiyyəti 8 oktyabr piketinə çağıran Cəmil Həsənli və Əli Kərimli həmin gün ortalıqda görünmədilər. Sözsüz ki, bu da bəzi piket iştirakçılarının da təəccüblərinə səbəb oldu. Onlar haqlı olaraq sual edirdilər ki, nəyə görə mitinqlərdə bar-bar bağıran “liderlər” piketə qatılmadılar? Məgər onlar üçün say maraqlıdır, yoxsa “siyasi tələb”? Söz yox ki, özlərini “lider” adlandıranlar yalnız ətraflarındakı beş-üç nəfərlik baş nökərlərini piketə yollamaqla və pərdə arxasında gizlənməklə bir daha sübut etdilər ki, hər zaman ictimaiyyətdən, daha dəqiqi isə tərəfdarlarından təcrid olunma siyasətini aparıblar.

Onu da qeyd edək ki, piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri onların nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər. Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin 5 və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər. Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində yazdığı statusda qeyd edib ki, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb: “Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur”.

“Öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər?” deyən Əli Həsənov onu da bildirib ki, xalqımız onu da yaxşı bilir ki, bunlar xarici antiazərbaycan mərkəzlərindən aldıqları maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”: “Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır”.

Mənsumə Babayeva, “İki sahil”