11 oktyabr 2019 13:32
76

Oktyabrın 11-i Piylənmə ilə Mübarizə Günüdür

Oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Avropa regional bölməsinin səhifəsində xəbər verilir.

Əgər 20-30 il əvvəl piylənmə problemi sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmə və artıq çəkiyə malik olanların sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt onunla əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir.

Hələ 1997-ci ildə Dünya Səhiyyə Təşkilatı piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırır, eyni zamanda artıq kilolardan xilas olmağın profilaktikası və müalicə üsulları barədə də izahat verirlər.

Piylənmə insan üçün bır sıra problemlər yaradır. Birincisi, oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. İkincisi, çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Üçüncüsü, orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə və diabetə tutulmaq ehtimalını artırır.

Fiziki problemlərdən başqa, piylənmə həmçinin, psixoloji problemlərə də səbəb olur. Heç kəsə sirr deyil ki, piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmadır. Kökəlmənin çoxsaylı səbəbləri göstərir ki, onu özündə stress vəziyyətlərinin aradan qaldırılmasını, stressə davamlılığın inkişafına yönəlmiş məşqləri, fərdi pəhrizin müəyyənləşdirilməsini, həmçinin mütləq olaraq sağlam fiziki yükü də nəzərdə tutan yaşam qaydalarını ehtiva edən kompleks metodlarla müalicə etmək mümkündür. Bəzi hallarda, şübhəsiz, dərman müalicəsinə də ehtiyac yaranır ki, bunlar da, əsasən, endokrin sistemin işinin pozulması və hormonal qüsurlarla bağı olur.