25 sentyabr 2020 17:45
803

Ölkəmiz kosmik sənaye quruculuğunda daha böyük nailiyyətlərə imza atacaq

26 sentyabri 2018-ci ildə Azərbaycan Respublikasının üçüncü peyki – “Azerspace-2” peyki orbitə buraxılıb

 

Bu gün Azərbaycanın sayca üçüncü peykinin Fransız Qvianasında yerləşən kosmodromdan – Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən orbitə buraxılmasından 2 il ötür. Regional kosmik sənaye mərkəzinə çevrilmiş ölkəmizin üçüncü peykinin orbitə buraxması kosmik sənaye sahəsində, eləcə də digər sahələrdə ölkəmizin nüfuzunu daha da artırıb. Prezident İlham Əliyev Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edən “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımıza ünvanladığı təbrikində üçüncü peykimizin orbitə çıxarılmasını ölkəmizin növbəti tarixi qələbəsi, dövlətimizin növbəti uğuru kimi səciyyələndirərkən demişdir:  “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir”. Şübhəsiz, qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin tərkibinə daxil olması və burada öz mövqelərini getdikcə möhkəmləndirməsi hər birimiz üçün son dərəcə qürurvericidir. Çünki belə nailiyyətin əldə olunması həqiqətən də böyük hadisədir.

Bəli, son illər ölkəmizin daha sürətli inkişafı kosmik sənaye sahəsində də böyük nailiyyətlərə imza atmağa imkan verib. Nəticədə Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasəti ilə Azərbaycanı kosmos dövlətinə çevirməyi də bacarıb. 

Xatırladaq ki, 2013-cü il fevralın 8-də “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ilin iyununda  “Azersky” Yerin məsafədən müşahidəsi peyki orbitə çıxarılıb. Bu peyklərin çox böyük əhəmiyyəti var. Belə ki, bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Digər tərəfdən, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Peyklərin bir üstünlüyü də ondan ibarətdir ki, onlar ölkəmizə valyuta gətirir. Məsələn, cari ilin yanvar-iyul aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. Bu o deməkdir ki, “Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində “Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib. Yeri gəlmişkən qeyd edək ki, "Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ olub.

Xatırladaq ki, “Azersky” müşahidə peyki vasitəsilə ölkəmizin müdafiəsi və təhlükəsizliyi istiqamətində geniş istifadə olunur. Bundan həm də dünyanın istənilən nöqtəsində baş verən hadisələri daim müntəzəm  izləmək mümkündür. Mütəxəssislərin fikrincə, müharibə şəraitində yaşayan və Dağlıq Qarabağ kimi problemi olan bir ölkənin informasiya sahəsində milli maraqlarını və təhlükəsizliyini bu formada qoruması olduqca  vacibdir. 

Eyni zamanda, "Azersky” peykinin xidmətlərindən ölkəmizdə kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi,  ekologiya, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilir. Bir sözlə, bu gün “Azerspace-1” və “Azerspace-2”lə bərabər “Azersky” peyki də ölkəmizin iqtisadi, sosial, siyasi baxımdan inkişafında mühüm rol oynayır.

Son illər bu sahədə əldə edilən uğurların nəticəsidir ki, Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Qeyd edək ki, bu mötəbər tədbirə ev sahibliyi etməyə namizədlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub. Xatırladaq ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır.

Bəli, ötən illər ərzində peyk xidmətləri sahəsində Azərbaycanda qazanılan təcrübə və bu sahədə formalaşmış insan kapitalı imkan verir  deyək ki, ölkəmiz kosmik sənaye quruculuğu yolunda daha böyük nailiyyətlərə imza atacaq. Şübhəsiz, bu, belə də olacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”