04 dekabr 2019 18:24
149

Ölkəmizdə aparılan islahatların əsasında Prezident İlham Əliyevin prinsipial siyasəti dayanır

2003-cü ildən bəri Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti bir neçə mərhələyə bölmək olar: İqtisadi, siyasi, hərbi və həm də kadr sahəsində islahatlar. Bütün bu islahatların əsasında Azərbaycanın inkişafının daha da gücləndirilməsi, müstəqilliyimizə və suverenliyimizə olan təhdidlərin qarşısının alınması, Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşması dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Arzu Nağıyev bildirib.

“Məlumdur ki, əsas islahatlardan biri də iqtisadi sahədədir. Belə ki, bu ölkəmiz bir sıra qlobal əhəmiyyət daşıyan, həmçinin neft strategiyası ilə bağlı olan çox mühüm layihələrdə iştirak edir. “Şahdəniz”lə bağlı, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr, “Əsrin kontraktı”nın müddətinin uzadılması məsələsi məhz dövlətimizin başçısı İlham Əliyevin apardığı iqtisadi islahatların əsaslarından biridir”,- deyə Arzu Nağıyev deyib.

Siyasi sahədə qazanılan uğurlardan danışan politoloq qeyd edib ki, Azərbaycan bu gün bir sıra beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq əlaqələrinə malikdir. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahiblik etməyimiz və qlobal əhəmiyyətli forumların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə malik olduğu nüfuzun göstəricisidir. Qonşuluq siyasətini qorumaq, eyni zamanda, ikitərəfli tərəfdaşlıq etmək, ikitərəfli strateji əhəmiyyətli sənədlərin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün ölkəmizdə aparılan islahatların əsasında Prezident İlham Əliyevin prinsipial siyasəti dayanır. Bu islahatlar Azərbaycan vətəndaşının rifahı halının daha da yüksəldilməsi məqsədi daşıyır.

O deyib ki, Azərbaycan beynəlxalq miqyasda qazandığı uğurlar, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində görülən bütün işlər, həyata keçirilən islahatlar dövlətimizin başçısının apardığı uğurlu daxili və siyasətin nəticələridir.