25 yanvar 2020 16:01
1654

Ölkəmizdə də ərsəyə gələ bilər, amma...

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir avtobus və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyəti qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun, istənilən modeldə avtobusların yığımını həyata keçirə bilər”. Bunu jurnalistlərə açıqlamasında zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

“2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperiment kimi CNG (sıxılmış təbii qaz) mühərrikli avtobus yığıldı və burada Prezident İlham Əliyevə təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə, həm yanacaq sərfiyatına, həm də “Avro-5” ekoloji standartına cavab verdiyinə görə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə istismar üçün əlverişlidir. 

Dövlət başçısına təqdim etdiyimiz avtobus 279 at gücündə, “Mercedes-Benz” mühərrikinə və “Allison” avtomatik ötürmə sisteminə malik olmaqla 276 kubmetr sıxılmış metanla 600 kilometr məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqların sayı isə 26-dır. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq monitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür”,- deyə X.Fətiyev qeyd edib.

Zavodun rəhbəri, həmçinin əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən son texnologiyalarla təchiz olunmuş “E-321” elektrobuslarının eksperimental yığımları həyata keçirilib: "Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan, elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin daşıyan avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub”.  

Maraqlıdır ki, bu cür imkanların olduğu halda ölkədə avtobuslara tələbat idxal hesabına ödənilir.

Bu barədə danışdıqda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müntəzəm şəhərdaxili sərnişindaşımada istismarda olan avtobusların texniki parametrlərinin yoxlanılmasının vacibliyini vurğulayaraq onların normalara uyğun gəlmədiyini qeyd etmişdi: “Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. ...Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır”. 

Görünür, elə bunun nəticəsidir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə ötən il  ölkəyə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş 547  motorlu nəqliyyat vasitəsi idxal edilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə deyib ki, onlardan 105-i daşıyıcılar tərəfindən gətirilib və istifadəyə verilib.

Eyni zamanda, Agentliyin sifarişi ilə ölkəyə Türkiyədən 300 avtobus gətirilib. Avtobusların gətirilməsi prosesinin bu il də davam etdiriləcəyi, onların arasında 18 metrlik avtobusların da olacağı gözlənilir.

Söhbət həm də ondan gedir ki, sıxılmış təbii qazla işləyən avtobusların idxalının bu ildən etibarən 5 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ölkəyə xaricdən avtobus gətirilməsini stimullaşdırır.

Hərçənd ki, son illərdə ölkə iqtisadiyyatının qarşısına qoyulan əsas vəzifə qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalın yerli istehsalla əvəz edilməsidir. Məhz bu addım ölkədə əlavə dəyərin yaradılması ilə xarici valyuta axınını azaltması, yeni iş yerlərinin yaranması deməkdir. Məsələ burasındadır ki, müntəzəm şəhərdaxili sərnişindaşıma üçün nəzərdə tutulan avtobusların hər biri 100 minlərlə manata (İstehsalçı şirkətin saytında yerləşdirilmiş məlumata görə, BNA-nın sifarişi ilə ölkəyə gətirilmiş təkcə “BMC Procity (12 M) CNG” model avtobuslarının bir ədədinin qiyməti 483 min 271 manatdır. Buraya ölkəyə gətirilmə və gömrük ödənişlərini də əlavə edəndə ortaya daha böyük rəqəm çıxır) başa gəlir.

Düzdür, “Gəncə Avtomobil Zavodu” İB-də yığılması mümkün olan avtobuslar da bu sahəni idxaldan azad etmir. Məlum məsələdir ki, hissələrin xarici ölkələrdən gətirilməsi idxaldan asılılığın tam aradan qaldırılmasına imkan vermir. Ancaq istənilən halda ölkədə istismar edilən avtobusların daxildə yığımı əhalinin məşğulluğunun artması ilə yanaşı, avtobusların alınması xərclərinin azalmasına şərait yarada bilər.

Bu baxımdan gələcəkdə müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutlarında yerli avtobusların istismarının mümkün olub-olmamasını öyrənmək məqsədilə BNA-nın rəsmisi M.Ağayevə müraciət etsək də, suallarımız cavabsız qaldı.

Ceyhun Piriyev, “İki sahil”