“2020-ci ilin cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Könüllülər ili" elan olunması bizi xüsusilə sevindirdi. Mən və dostlarım məhz bu qərardan və mərkəzimizin yaratdığı imkanlardan istifadə edərək bu ildə daha aktiv könüllülük fəaliyyəti ilə məşğul olacağıq və digər gənclərə də bu fəaliyyətin faydalarını təbliğ edəcəyik. Gələcəkdə tələbə olduqda aktiv könüllülük fəaliyyəti ilə məşğul olmağı düşünürəm. Bu gün ölkəmizin istənilən yerində könüllü fəaliyyət üçün əlverişli mühit var. Bu istər cənab Prezidentimiz tərəfindən yaradılan gənclərin inkişaf və karyera mərkəzləri olsun, istərsə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə baş tutan "Formula1" Avropa Qran Prisi olsun. Biz gənclərin fərdi inkişafı üçün bu gün ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb, hansı məkanda və hansı yaşda olmağından asılı olmayaraq”.
Bu fikirləri Yevlax şəhər Səməd Vurğun adına tam orta məktəbin 9-cu sinif şagirdi gənc könüllü Məryəm Salahova bildirib.
Onun sözlərinə görə, Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərdiyi ilk günlərdən mərkəzin bütün tədbirlərində aktiv iştirak edib: “Bu müddət ərzində bir çox layihədə könüllü olmuşam. Bu layihələrin içərisində mənim üçün xüsusi yeri olan "Könüllü qonaq", "Quşlar evsiz qalmasın" layihələridir. Bu qısa könüllülük fəaliyyəti dövrümdə hər layihədən, hər tədribdən yeni nələrsə öyrənirəm. Bunlar istər komanda ilə işləmə bacarığı olsun, istər özünü sərbəst ifadə etmə bacarığı istərsə də müstəqil qərar qəbul etmə bacarıqlarıdır.
Mərkəzdə fəaliyyət göstərən bütün klublarda aktiv iştirak edirəm. Ən fəal olduğum klublar Kitab klubu və Karaoke klubudur. Kitab klubunda müxtəlif janrlarda yazılmış kitablar oxuyub müzakirə edirik, yeni kitab olduqda onun təqdimatında iştirak edirik, həm də öz yazdığım şeirləri klub iştirakçıları ilə bölüşürəm. Rus bölməsi üzrə təhsil aldığım üçün bu şeirləri rus dilində yazıram. Bundan əlavə rus dilində qısa hekayələr də yazıram. Bir hekayəm də Gənclərin İnkişafvə Karyera Mərkəzinin təşkil etdiyi hekayə müsabiqəsində yayımlandı. Bütün bu yazdıqlarımı ərsəyə gətirdikcə Kitab klubumuzda təqdimatını edirəm. Eyni zamanda da, Karaoke klubunun nümayəndəsiyəm. Klubun vaxtlarını müəyyən edir, gənclərin iştirakını təşkil edirəm. Bu klubda biz sevdiyimiz mahnıları ifadə edirik. Bəzən də komandalar şəklində bölüşüb karaoke yarışları təşkil edirik”.
M.Salahova qeyd edib ki, Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətə başlanması gəncərin həyatında mühüm rol oynayıb: “Bizlər üçün həm əylənib, həm də inkişaf edə biləcəyimiz bir fəaliyyət yaratdı. Bu mərkəz sayəsində mən könüllülüyün, ictimai fəaliyyətin nə olduğunu, necə fərdi inkişaf edə biləcəyimi öyrəndim. Dostlarımı, sinif yoldaşlarımı da bu fəaliyyətə cəlb edərək könüllülüyü daha çox gəncə tanıtmağa çalışıram”.